açıq mənbə
Ermənistanın Rusiyadan iqtisadi asılılığa son qoyaraq Moskvadan qopması çətin və ağrılı olacaq
Ermənistan baş nazirinin aprelin 1-də Rusiyaya səfəri Orta Şərqdəki müharibə ilə bağlı xəbər və şərhlərin dünya gündəmini zəbt etdiyi bir dövrdə gözlənilmədən diqqətləri üzərinə çəkə bilib. Rutin bir işgüzar səfər olacağı gözlənildiyi halda, bu ziyarət Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında tarixi və simvolik məna daşıyan bir dialoqa səhnə olub. Putinin adətən qapalı danışıqlarda müzakirə olunan həssas mövzuları media önündə müzakirəyə açaraq tərəf-müqabilinə təzyiq göstərmək cəhdi onun özünə qarşı çevrilib. Paşinyanın cəsarətli və “iynələyici” cavablarının Rusiya tərəfində soyuq duş effekti yaratdığına şübhə yoxdur. Bunu səfərdən dərhal sonra - aprelin 2-də, səhər saatlarında, Rusiya baş nazirinin müavini Aleksey Overçukun verdiyi sərt açıqlamalar da təsdiqləyir.
İkitərəfli münasibətlərdə yeni dövr
Putin-Paşinyan dialoqunun tarixi və rəmzi əhəmiyyəti ondan ibarətdir ki, ikitərəfli münasibətlərdə bir dövrün qapandığını və yeni dövrün başladığını qəti və əyani şəkildə göstərdi. Paşinyandan öncə Rusiya-Ermənistan münasibətlərinin hökmran-vassal xarakteri daşıdığı, Yerevanın Moskvanın satelliti və Cənubi Qafqazdakı dayaq məntəqəsi (forpostu) olduğu gerçəyi hər kəsə aydındır və bu barədə uzun-uzadı yazmağa ehtiyac yoxdur.
Qısaca xatırlatmağa ehtiyac var ki, Paşinyan hakimiyyətə gəldikdən sonra çox ehtiyatla da olsa, ölkəsinin suverenliyini bərqərar etməyə, müstəqil daxili və xarici siyasət kursu formalaşdırmağa çalışıb. Nə qədər paradoksal səslənsə də, Ermənistanın Qarabağ müharibəsindəki ağır məğlubiyyəti Paşinyanın siyasəti üçün yeni üfüqlər və perspektivlər açıb. Bu məğlubiyyət, eləcə də sonrakı mərhələdə baş verən sərhəd toqquşmalarından sonra erməni cəmiyyəti anlamağa başladı ki, Rusiya ilə müttəfiqlik əslində formal xarakter daşıyırmış və birtərəfli şəkildə Moskvanın regional maraqlarına xidmət edirmiş. Təhlükəsizlik sahəsində Rusiyadan asılılığın Ermənistana hər hansı faydası olmadığını erməni toplumunun görməsi Paşinyana imkan verdi ki, Rusiya patronajlığı altındakı hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşıb, fərqli alternativlərə yönələrək Avropa Birliyi ilə bu sahədə əməkdaşlığa başlasın (söhbət AB müşahidə missiyasının Ermənistana gəlməsindən gedir).
Zəngəzur nəqliyyat kommunikasiyasının “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi şəklində həyata keçirilməsini də Ermənistanın təhlükəsizliyinə töhfə hesab etmək olar. Nəqliyyat layihəsi olsa belə, bu yolun ABŞ-ın nəzarətinə keçməsinə sırf iqtisadi və kommersiya nöqteyi-nəzərdən baxıla bilməz; bu, ən əvvəl təhlükəsizliyi də ehtiva edən geosiyasi məsələdir və Rusiyanın bölgədəki mövqelərinə ciddi zərbədir. Hazırda Rusiya-Ermənistan hərbi müttəfiqliyi yalnız kağız üzərində davam edir və faktiki olaraq sona yetib.
Hərbi asılılıq bitdi, iqtisadi asılılıq isə qalır
Ermənistanın Rusiyadan iqtisadi asılılığı güclü şəkildə davam edir. Bu, xüsusən enerji sahəsinə aiddir.
Ermənistan ehtiyacı olan enerji daşıyıcılarının 80 faizini Rusiyadan alır. “Qazprom” təbii qazın Ermənistan daxili bazarına tədarükü, onun anbarlarda saxlanılması, nəqli, paylanması və digər texniki və infrastruktur məsələləri ilə məşğul olur. Metsamor AES üçün nüvə yanacağı və avadanlıqlar Rusiyadan gəlir. Ermənistan dəmir yolları şəbəkəsi 2008-ci ildə 30 il müddətinə “Rusiya Dəmir Yolları” dövlət şirkətinin idarəçiliyinə verilib. Ermənistan iqtisadiyyatına ən çox investisiya yatıran dövlət və ümumən Ermənistanın ən böyük xarici ticarət tərəfdaşı məhz Rusiyadır. 2025-ci ilin yekunlarına görə, Ermənistanın xarici ticarətinin 34 faizi Rusiyanın payına düşüb. Rusiya həm də Ermənistan istehsalı olan ərzaq və kənd təsərrüfatı məhsulları üçün əsas bazardır.
Koçaryan-Sarkisyan rejimlərinin siyasəti nəticəsində yaranan ciddi asılılığı bir anda bitirmək mümkün deyil, bu, Ermənistana baha başa gələ bilər. Paşinyanın indiyədək Rusiya ilə münasibətlərdə ehtiyatlı davranması, radikal addımlardan çəkinməsi buradan irəli gəlir. Rusiya isə öz növbəsində bu asılılığı bir təzyiq vasitəsinə çevirməyə çalışır. Putin Ermənistana satdıqları təbii qazın qiymətinin Avropa bazarı ilə müqayisədə xeyli ucuz olmasını xüsusi vurğulayaraq açıq şəkildə Paşinyana işarə etdi ki, ucuz Rusiya qazı olmasa, çox ağır vəziyyətə düşəcəksiniz. Eyni zamanda, Rusiya prezidenti Avropa Birliyi ilə Avrasiya İttifaqında eyni anda təmsil olunmağın mümkün olmadığını nəzərə çatdıraraq Ermənistan hökumət başçısını dərhal seçim etmək məcburiyyəti qarşısında qoymaq istədi. Lakin Paşinyan sakit şəkildə cavab verdi ki, hazırda bu iki təşkilatla əməkdaşlığı uyğunlaşdırmaq mümkündür, qəti qərar verməyin zamanı yetişəndə Ermənistan vətəndaşları öz seçimini edəcək. Onun şantaja boyun əyməyərək Putinə adekvat cavablar verməsi ertəsi gün Rusiya hökumətinin Ermənistana sərt xəbərdarlıqlar ünvanlaması ilə nəticələndi.
Rusiya hökumətindən rəsmi səviyyədə Ermənistana təhdid
Baş nazirin müavini Aleksey Overçuk TASS-a müsahibəsində Moskvanın Ermənistana xəbərdarlıqlarını ilk dəfə olaraq sistemli şəkildə sıralayıb. Əvvəla, o, Avropa Birliyini Rusiya üçün düşmən blok kimi qiymətləndirərək bildirib ki, Ermənistanın bu bloka üzvlüyü ciddi nəticələrə səbəb olacaq. A. Overçukun sözlərinə görə, Ermənistan Rusiyanın onunla iqtisadi münasibətlərini fərqli şəkildə qurmalı olacağı nöqtəyə çox yaxınlaşıb. Yəni Overçuk demək istəyir ki, Ermənistan hazırkı siyasətini və AB-yə üzvlük kursunu davam etdirərsə, Rusiya ona qarşı iqtisadi sanksiya xarakterli addımlar atacaq. Bunu həm də seçkiöncəsi Ermənistan əhalisinə mesaj kimi qiymətləndirmək olar ki, yenə Paşinyana səs versəniz, ciddi problemlərlə qarşılaşacaqsınız, yaxşı düşünün.
Rusiya hökumətinin nümayəndəsi TRIPP layihəsinə də toxunaraq bəyan edib ki, bu razılaşma 1828-ci il Türkmənçay müqaviləsindən bu yana Cənubi Qafqazda formalaşmış regional balansı pozub. Qeyd etmək lazımdır ki, indiyədək Rusiya rəsmiləri Tramp administrasiyası ilə əlaqələrə xələl gətirməmək üçün bu mövzuda sərt ritorikadan çəkinib. Lakin Overçukun sözləri Rusiyanın əslində TRIPP-dən nə qədər narahat olduğunu anlamağa imkan verir.
Paşinyanın Ermənistan dəmir yollarının idarəçiliyinin üçüncü ölkələrə (Rusiya və Ermənistan xaricində) verilməsi barədə təklifinə də Rusiya hökumətinin reaksiyası sərt olub. A. Overçuk deyib ki, buna heç bir əsas yoxdur və əgər Rusiya şirkətlərinin Ermənistandakı fəaliyyəti arzuolunmaz sayılarsa, erməni biznesinin Rusiyada fəaliyyəti barədə məsələ də gündəmə gələcək.
Bütün bu açıqlamalar və xəbərdarlıqlar Ermənistanın Rusiyadan iqtisadi asılılığa son qoyaraq Moskvadan qopmasının çətin və ağrılı keçəcəyini göstərir. Amma bölgədəki sülh və əməkdaşlıq prosesinin - Azərbaycan və Türkiyə ilə yaxınlaşmanın uğurla nəticələnməsi, eyni zamanda Qərbin dəstəyi Paşinyana Rusiyanın təzyiqlərindən minimal itkilərlə yayınmaq şansı yaradır. Ermənistandakı parlament seçkilərindən sonra Cənubi Qafqazda proseslər daha da sürətlənəcək və geosiyasi mənzərə tam aydınlaşacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Getty Images/Andrew Harnik
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib
Fərid İsmayılov hakimə: “Cinayət işi materiallarını oxusaydınız, kağızları müstəntiqlərin başına çırpardınız”