Azalan istehlak, dərinləşən yoxsulluq: əyalətlərin görünməyən böhranı
Foto: Reuters
Əhalinin gəlirləri, yoxsulluq və işsizlik kimi göstəricilər üzərində aparılan statistik manipulyasiyalar rəsmi hesabatlarda regionlarda insanların rifahının pisləşməsini ilk baxışdan gizlədə bilər. Lakin bir sıra dolayı iqtisadi göstəricilər bu mənzərəni tez bir zamanda üzə çıxarır. Belə göstəricilərdən biri də əhali tərəfindən istehlak olunan elektrik enerjisi və təbii qazın illər üzrə dinamikasıdır.
Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının elektrik və qaz istehlakına dair açıqladığı məlumatlardan görünür ki, bəzi bölgələrdə son bir neçə ildə istehlak kəskin şəkildə azalıb. Üstəlik, bu azalma yüksək istehlak səviyyəsi fonunda baş vermir ki, onu enerjidən səmərəli istifadə və ya qənaət rejimi ilə izah etmək mümkün olsun. Məsələn, Daşkəsən rayonunda 2020–2024-cü illərdə əhalinin elektrik enerjisi istehlakı 59 faiz, təbii qaz istehlakı isə 9 faiz azalıb. Əgər elektrik istehlakının azalması fonunda qaz istehlakı artsaydı, bunu elektrik tariflərinin baha olması, qazlaşdırmanın genişlənməsi və ya mənzillərin qızdırılmasında təbii qaza üstünlük verilməsi ilə əlaqələndirmək olardı. Lakin faktiki olaraq hər iki enerji növü üzrə azalma müşahidə edilir.
Üstəlik, Daşkəsən əhali tərəfindən adambaşına düşən elektrik və təbii qaz istehlakının həcminə görə ölkə üzrə ən aşağı göstəricilərə malik rayonlar sırasındadır. Belə ki, rayonda adambaşına düşən aylıq istehlak təbii qaz üzrə təxminən 13 kubmetr, elektrik enerjisi üzrə isə 12 kilovat-saat təşkil edir. Halbuki hətta yoxsul əhali üçün hökumət tərəfindən müəyyən edilən minimum istehlak norması aylıq adambaşına 50 kilovat-saat elektrik enerjisi və 21 kubmetr təbii qazdır.
Oxşar mənzərə Goranboy rayonunda da müşahidə olunur. 2020-2024-cü illərdə ev təsərrüfatlarının elektrik istehlakı 15 faiz, qaz istehlakı isə 2 faiz azalıb. Ağstafa rayonunda qaz istehlakı 4 faiz, elektrik istehlakı 31 faiz, Qazax rayonunda isə müvafiq olaraq 5 və 14 faiz azalma qeydə alınıb. Şabran və Siyəzən rayonlarında hər iki enerji növü üzrə istehlakın azalması 5-15 faiz intervalında olub. Astara, Cəlilabad, Yevlax, Kürdəmir, Biləsuvar və Lənkəran rayonlarında da həm təbii qazdan, həm də elektrik enerjisindən istifadənin paralel şəkildə azaldığı görünür.
Bu azalmanın əsas səbəblərindən biri adıçəkilən rayonlarda əhalinin sosial vəziyyətinin pisləşməsidir. Xüsusilə 2021-ci ildən başlayaraq enerji daşıyıcıları üzrə tarif artımları və yüksək inflyasiya əhalini daha sərt qənaət rejiminə məcbur edib. 2021–2024-cü illərdə yoxsul və aşağı istehlak səviyyəsinə malik abonentlər üçün təbii qazın qiyməti 25 faiz bahalaşıb (1000 kubmetr üçün 100 manatdan 200 manata). Elektrik enerjisi üzrə artım isə daha yüksək olub. Məsələn, aylıq 250 kilovat-saat elektrik enerjisi istehlak edən ev təsərrüfatları üçün xərclər bu dövrdə 43 faiz artıb.
Azərbaycan hökumətinin tətbiq etdiyi qaz istehlakı normaları xüsusilə soyuq iqlimə malik rayonlarda ciddi problemlər yaradır. Bu ərazilərdə əksəriyyəti sovet dövründə tikilmiş, müasir istilik izolyasiyasından məhrum və nisbətən böyük sahəyə malik mənzillərin normal qızdırılması üçün 1500–2000 kubmetr qaz tələb olunur. Mövcud tarif sistemi isə illik istehlakı 1200 kubmetrdən yuxarı olan abonentlər üçün demək olar ki, ikiqat qiymət müəyyən edir. Belə ki, 1200 kubmetrə qədər istehlak üçün tarif 120 manat, 1200–2500 kubmetr aralığında istehlak üçün isə 200 manatdır.
Müqayisə üçün qeyd etməyə dəyər ki, Gürcüstanda dağlıq ərazilərin statusu haqqında qanuna əsasən, bu statusa daxil olan bölgələrdə ev təsərrüfatlarının aylıq 50 kilovat-saat elektrik enerjisi istehlakı dövlət tərəfindən subsidiyalaşdırılır. Bundan əlavə, iki bölgədə yoxsul ailələrin qış aylarında 700 kubmetr qaz istehlakı da dövlət hesabına ödənilir. Hazırda bu qaz subsidiyasından yararlanan ailələrin sayı təxminən 6 min nəfərdir.
Azərbaycanın regionlarında qaz və elektrik istehlakının azalması həm də rəsmi statistikada tam əksini tapmayan miqrasiya prosesləri ilə bağlıdır. Əhali imkan daxilində ölkədən kənara, bu mümkün olmadıqda isə Bakıya və digər iri şəhərlərə köç edir.
Regionlar üzrə məhsul buraxılışının illər üzrə dinamikası da əyalətlərdə iqtisadi fəallığın azaldığını göstərir. Məsələn, 2020–2024-cü illərdə məhsul buraxılışının real həcmi Qobustan rayonunda 44 faiz, Xızı rayonunda 38 faiz, Lerik rayonunda 28 faiz, Goranboy rayonunda 17 faiz, Siyəzən rayonunda 14 faiz, Samux rayonunda isə 10 faiz azalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Maaş və pensiyaların güclə artdığı ölkədə kapital sahiblərinin mənfəəti 70 faiz çoxalıb
Foto: açıq mənbə
Foto: açıq mənbə