İqtisadiyyat

Dizel yanacağı son 4 ildə iki dəfəyə yaxın bahalaşıb

7 Yanvar, 2026
213

Foto: açıq mənbə

Yeni il ərəfəsində Tarif Şurasının qərarı ilə dizel yanacağının qiyməti 10 faiz artırılaraq 1,1 manata çatdırıldı. Bu, son 4 ildə dizelin bahalaşdırılması ilə bağlı sayca üçüncü qərardır. 2021-ci ilin yanvarında dizel qiyməti təxminən 35 faiz artırılaraq 80 qəpiyə, 2024-cü ilin iyununda isə 25 faiz artımla 1 manata yüksəldilmişdi. Beləliklə, Şuranın 4 il ərzində verdiyi 3 qərarla dizelin qiyməti iki dəfəyə yaxın artırılmış oldu.

Bu bahalaşmadan ən böyük zərəri fermerlər görür. Yanacaq balansına görə, Azərbaycanda kənd təsərrüfatında ildə 300 min tona yaxın dizel yanacağı istifadə olunur. Müstəqil ekspertlərin hesablamalarına görə, Tarif Şurasının son qərarı fermerlərin illik yanacaq xərclərini ən azı 35 milyon manat artıracaq. Bu isə kənd təsərrüfatı məhsullarının qiymət artımını qaçılmaz edir. Ekspertlərin fikrincə, hətta rəsmi statistika belə yanacağın bahalaşmasının ardınca kənd təsərrüfatı məhsullarının maya dəyərinin yüksəlməsini gizlədə bilmir.

Məsələn, 2021-ci ildə dizelin 35 faiz bahalaşmasından sonra 2022–2023-cü illərdə maya dəyəri dənli bitkilər üzrə 19 faiz, xam pambıq üzrə 28 faiz, tərəvəz məhsulları üzrə 36 faiz, üzüm üzrə 11 faiz, şəkər çuğunduru üzrə isə 31 faiz artmışdı. Əlbəttə, bu artımların hamısı yalnız yanacağın bahalaşması ilə bağlı deyildi - digər xərc elementlərinin, o cümlədən dərman preparatlarının və işçi qüvvəsi xərclərinin yüksəlməsi də təsir göstərmişdi. Lakin ekspertlərin hesablamalarına görə, kənd təsərrüfatı xərclərində yanacaq və texniki xidmətin payı orta hesabla 30 faiz təşkil edir. Bu baxımdan yanacağın qiymətinin 10 qəpik artması məhsul vahidini təxminən 3 qəpik bahalaşdırır.

İqtisadçı-ekspertlər kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin də yanacağın bahalaşması ilə paralel sürətlə artdığına diqqət çəkirlər. İstehsalçı qiymət indeksi fermerin tarladan və ya fermadan satdığı məhsulun topdansatış qiymətlərində baş verən dəyişikliyi göstərir. Bir sıra ölkələrdə bu indekslə yanaşı kənd təsərrüfatı məhsullarının xərc indeksi də ayrıca ölçülür və bu zaman əsas xərc elementlərinin (toxum və əkin materialları, yanacaq, gübrə və pestisidlər, işçi xərcləri və s.) qiymət artımına təsiri daha dəqiq müəyyən edilir.

Ekspertlərin fikrincə, adətən istehsalçı qiymətlərindəki artım, başqa sözlə, xərclərin yüksəlməsi - pərakəndə qiymətlərə 3-6 ay gecikmə ilə təsir göstərir. Məsələn, 2021-ci ildə dizelin 35 faiz bahalaşmasının ardınca 2022-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 16 faiz yüksəlmişdi. 

Halbuki 2019–2021-ci illərdə bu indeks üzrə artım 4-5 faiz intervalında olmuşdu. Sonrakı iki ildə (2023-2024) xərc artımının neqativ təsiri zəiflədikcə indeksdə azalma müşahidə edildi (məsələn, 2024-cü ildə artım 4,7 faizə enmişdi), lakin 2025-ci ildə yenidən 9 faizə yaxınlaşdı. Bu artımda, şübhəsiz ki, 2024-cü ildə dizel yanacağının 25 faiz bahalaşmasının mühüm rolu var.

Beləliklə, son qiymət artımının da aqrar məhsulların bazar qiymətlərinə təsirinə artıq hazırlaşmaq lazımdır. Güman olunur ki, qış-yaz becərmələrində baş verən xərc artımı yay mövsümündə məhsul yığımında öz təsirini göstərəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Hesablama Palatası milyonluq maliyyə pozuntuları aşkarlayır, bəs niyə heç kim cəzalanmır?

8 May 2026

açıq mənbə

Hesablama Palatası (HP) ötən ay dövlət qurumlarında son illərdə apardığı auditlə bağlı hesabatını açıqladı. Hesabatda bir sıra nazirlik və komitələrdə ciddi maliyyə pozuntularının olduğu bildirilirdi.  Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2024-cü ildə proqnozdan 176 milyon manat artıq vəsait xərcləndiyi qeyd olunub. 2023-2025-ci illərdə Dövlət Gömrük Komitəsində aparılmış auditin nəticəsi ilə bağlı isə bildirilir ki, yeni inzibati binanın tikintisi üzrə 18 milyon manata yaxın vəsait maliyyə sənədlərində tam əks etdirilməyib.  HP-nin əvvəlki illərdə də dövlət qurumlarında bir neçə milyonluq maliyyə pozuntuları aşkarladığı barədə açıqlamalar verilib. Bu pozuntulara, adətən, nümunə olaraq müqavilələrdə işlərin dəyərinin artırılması, məlumatların proqram təminatına tam daxil edilməməsi,...
İqtisadiyyat

İnflyasiya və gəlirlər arasında uçurum: Azərbaycanda bahalaşma davam edir

7 May 2026

Açıq mənbə

Son aylarda Azərbaycanda ərzaqların və gündəlik xidmətlərin qiymətlərində artım müşahidə olunur. Bu bahalaşma fonunda vətəndaşların gəlirlərinin eyni sürətlə artıb-artmaması isə sual doğurur. Toplum TV ərzaq və gündəlik xidmətlərin qiymətləri ilə bağlı vətəndaşlar arasında sorğu keçirib. Sorğuda iştirak edən vətəndaşlar bildirir ki, bəzi məhsulların qiymətləri qısa müddətdə ciddi şəkildə yüksəlib: “Bahalaşma sürətli baş verir, dünən bir qiymətə olan məhsul, bugün gedəndə görürsən ki, daha da bahalaşıb. Qiymətlər qəpik-qəpik yox, birbaşa manatla artır. Əsasən yağın qiyməti artıb, kilosunu 20 manata aldığım yağ artıq 27 manatdır. İctimai nəqliyyatın da qiyməti artıb.” Eyni zamanda sorğuda iştirak edənlər qeyd edib ki, qiymətlərdəki artımlara baxmayaraq, aldıqları...

Seçilmiş Videolar

Toplum TV loqo