İqtisadiyyat

Gələn il Ermənistan və Gürcüstanın büdcəsi 10%, Azərbaycanınkı isə 2% artacaq

28 Oktyabr, 2025
862

Foto: açıq mənbədən götürülüb

Cənubi Qafqaz ölkələri Azərbaycan, Gürcüstan və Ermənistan 2026-cı il üçün dövlət büdcəsi layihələrini açıqlayıblar. 

Açıqlanan rəqəmlər göstərir ki, Azərbaycandan fərqli olaraq hər iki ölkədə büdcə böyük artımla proqnozlaşdırılır. 

Büdcə proqnozlarına görə, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2,3 faiz və ya 895 milyon manat artaraq 39,2 milyard manata (təxminən 23 milyard dollar) çatacaq. 

Büdcə gəlirlərinin 59 faizi vergilərdən, qalan hissəsi isə əsasən Dövlət Neft Fondundan köçürmələr və digər daxilolmalardan formalaşacaq.

Gürcüstan 2026-cı ildə büdcə gəlirlərini 10,5 faiz artıraraq 30,3 milyard lariyə (təxminən 11,2 milyard ABŞ dolları) çatdırmağı planlaşdırır. 

Ermənistanda isə gəlirlər 9,5 faiz artımla 3 trilyon drama (təxminən 8 milyard dollar) yüksələcək.

Xərclərin məbləği hazırkı məzənnə ilə Azərbaycanda 24,8 milyard, Gürcüstanda 11,4 milyard, Ermənistanda isə 9,4 milyard dollar olacaq. 

Əhali sayına görə adambaşına büdcə xərcləri Azərbaycanda 2,4 min, Gürcüstanda 3 min, Ermənistanda isə 3,1 min dollar təşkil edəcək. 

Hətta Dövlət Sosial Müdafiə və İcbari Tibbi Sığorta fondlarının transfertsiz xərcləmələri nəzərə alınsa belə, Azərbayanın büdcə xərclərinin ümumi məbləği təxminən 29 milyard dollar olacaq ki, bu halda da icmal büdcəsinin adambaşına cəmi xərcləri 2900 dolları ötməyəcək. 

Büdcədənkənar fondların xərcləri nəzərə alındıqda belə, Azərbaycanın adambaşına büdcə göstəriciləri qonşu ölkələrdən aşağı qalır.

Bu, neft-qaz gəlirlərinin indiki qədər böyük həcmdə büdcəyə axdığı bir dövrdə Azərbaycanın öz vətəndaşına təbii resurslardan tam yoxsul qonşuları ilə müqayisədə daha az vəsait ayırdığını göstərir. 

Bu isə postneft dövründə sosial vəziyyətin pisləşəcəyi ilə bağlı narahatlıqları artırır.

Təhsil xərclərinə gəlincə, Azərbaycan və Ermənistan ümumi büdcələrinin təxminən 10 faizini, Gürcüstan isə 8,5 faizini bu sahəyə yönəldəcək. 

Mütləq ifadədə bu xərclər Azərbaycanda 2,9 milyard, Ermənistanda 950 milyon, Gürcüstanda isə 965 milyon dollar olacaq. Adambaşına təhsil xərcləri Ermənistan üçün 315, Azərbaycan üçün 285, Gürcüstan üçün isə 255 dollar təşkil edir.

Səhiyyə xərcləri 2026-cı ildə Ermənistanda 600 milyon, Gürcüstanda 800 milyon, Azərbaycanda isə 1,8 milyard dollar həcmində planlaşdırılıb.

Müdafiə sahəsinə Azərbaycan 3,3 milyard dollar, Ermənistan isə 1,5 milyard dollar ayıracaq. Bu, müvafiq olaraq büdcə xərclərinin 11 və 16 faizinə bərabərdir. 

Hüquq-mühafizə orqanlarının saxlanmasına Gürcüstan 800 milyon, Ermənistan 650 milyon, Azərbaycan isə 2 milyard dollar ayırmağı nəzərdə tutur.

Sosial müdafiə xərcləri üzrə proqnozlara görə, Azərbaycan 6 milyard, Ermənistan və Gürcüstan isə hər biri təxminən 2,6 milyard dollar ayıracaq. Adambaşına sosial xərclər Ermənistanda 860, Gürcüstanda 680, Azərbaycanda isə 610 dollar səviyyəsində olacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Nazirlik pulu ödənməyən pambıqçılara: “Məhkəməyə müraciət edə bilərlər”

8 Oktyabr 2026

sosial media

Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda Salyan rayonunda 100-dən çox pambıqçının sosial mediada ictimailəşdirdiyi şikayətinə cavab verib.  Pambıqçılar paylaşdıqları videomüraciətdə "Aztəsərrüfat" şirkətinə təhvil verdikləri məhsulun pulunu bir ildir ala bilmədiklərini və dövlət qurumlarının onların şikayətinə cavab vermədiyini bildirmişdi.  Nazirlik isə oktyabrın 8-də yaydığı açıqlamada qeyd edib ki, pambıq şirkətləri özəl müəssisələrdir və nazirliyin tabeliyində fəaliyyət göstərmirlər. “Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının da məhkəməyə müraciət etmə hüquqları var”,...
İqtisadiyyat

Məsafədən kredit götürmək istəyənlər üçün yeni qayda: Vəsait dərhal verilməyəcək

30 Sentyabr 2026

sosial media

Azərbaycanda məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, vətəndaşlar banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət etməklə məsafədən istehlak krediti götürməyə və ya kredit limitini artırmağa məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin bankda şəxsən iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında ləğv olunacaq. Yeni qaydalara görə, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə bir məhdudiyyət qoyub-qoymadığını həm öz informasiya sistemləri, həm də kredit bürosu vasitəsilə yoxlamalıdır. Məhdudiyyət tətbiq edən şəxslə məsafədən kredit müqaviləsi bağlamaq və ya onun kredit limitini artırmaq mümkün olmayacaq....

Seçilmiş Videolar

Toplum TV loqo