Neft-qaz ölkəsində müəllim maaşı regionla müqayisəsi niyə aşağıdır?
Foto: edu.gov.az
Elm və Təhsil naziri Emin Əmrullayevin orta məktəb müəllimləri üçün 8 saatlıq iş rejimini nəzərdə tutan təklifi müəllimlər və təhsil ekspertləri arasında kəskin fikir ayrılığı yaradıb.
Sosial mediada gedən müzakirələrdən görünən odur ki, böyük çoxluq müəllimlərin bütün günü məktəbə bağlanmasını nəzərdə tutan yeni mexanizmə qarşı çıxır.
Onlar hesab edirlər ki, müəllimlərin dərsdənkənar vaxtlarını özlərinin sərbəst şəkildə müəyyən etmək imkanı olmalıdır. Müxzakirələrdə iştirak edənlər fikrincə, Elm və Təhsil Nazirliyinin vəzifəsi müəllimlərin işinin nəticəsini qiymətləndirməyə və ona uyğun məvacib sistemi qurmağa imkan verən mexanizmi yaratmaqdır.
Bəzi müstəqil ekspertlər isə hesab edir ki, 8 saatlıq iş rejimi hazırda Azərbaycanda orta təhsilin qarşısında duran problemlərin həlli üçün ən vacib məsələlər sırasında deyil. Sadəcə hökumət düşünür ki, bu cür məcburi əmək sistemi repetitorluqla mübarizəyə imkan verəcək.
Ekspertlər isə hesab edirlər ki, məktəbləri keyfiyyətli təhsil verən institutlara çevirmədən repetitorluğu sıradan çıxarmaq mümkün deyil. Onlara görə, neft-qazla zəngin, son 30 ildə nəhəng resurs rentası hesabına yüz milyardlarla dollar qazanmış ölkənin Elm və Təhsil naziri bu cür təkliflər verməzdən əvvəl belə sadə bir suala cavab verməlidir: Varlı ölkənin müəllimləri niyə “yoxsul” saydıqları qonşulardakı həmkarlarından daha az maaş alır?
Hazırda Azərbaycanda müəllimlərin maaşı yalnız iş stajına və təhsilə görə fərqləndirilir. Ən aşağı məvacib 3 ilə qədər, ən yüksək məvacib isə 18 ildən çox stajı olanlara verilir. Belə ki, 18 saatlıq tam stavka dərs yükünə sahib olduqda 3 ilə qədər iş stajı olan ali təhsilli müəllimlər 607 manat (orta ixtisas təhsili olanlar 554 manat), 18 ildən çox stajı olan ali təhsilli müəllimlər isə 785 manat (orta ixtisas təhsili olanlar 700 manat) maaş alır.
Hətta sertifikatlaşdırma nəticəsində 50 baldan yüksək nəticə göstərdiklərinə görə 35% artıq maaş almaq hüququ qazandıqları halda belə, Azərbaycanda ən stajlı və yüksək təhsilli müəllimlərin maaşı 1000 manat (təxminən 600 dollar) ətrafında formalaşır. Bu qədər maaşı hazırda ən yaxşı halda hər 7 müəllimdən biri ala bilir. Qalan 120 mindən artıq orta məktəb müəllimi, yəni bütün müəllimlərin təxminən 85%-i baza tarif maaşını, yəni aşağı staj üçün 607 manat (360 dollar), yüksək staj üçün isə 785 manat (460 dollar) alır.
Deməli, hazırda Azərbaycanda orta təhsildə müəllimlərin orta aylıq məvacibi 450 dollardan çox deyil. Stajdan və təhsildən asılı olaraq bir saatlıq müəllim əməyinin dəyəri 20-25 dollar arasında dəyişir.
Bu isə iqtisadi cəhətdən Azərbaycandan daha zəif hesab edilən Gürcüstan və Ermənistanın orta məktəb müəllimlərinin əmək haqqından daha aşağıdır.
Gürcüstanda son iki ildə fərqli bir sistem yaradılıb. Müəllimlər peşəkarlığından asılı olaraq müxtəlif statuslar əldə edirlər və bu statuslar onlara fərqli məbləğdə maaş almaq imkanı yaradır. 15 saata qədər tədris yükü olanlarla bundan artıq dərs saatı olanların baza maaşı fərqlidir. Əgər müəllimin 15 saat dərs yükü varsa, saatlıq əmək haqqı 35 dollar (aylıq 495 dollar), maaşa əlavələr isə 75 dollar təşkil edir.
Yəni 15 saat dərs deyən müəllim 570 dollar maaş ala bilir. Tədris yükü 15 saatdan artıq olan dərslər üçün 1 saatın dəyəri 30 dollar edir. Məsələn, həftəlik 18 saat dərs deyən müəllim ilk 15 saat üçün 525 dollar, sonrakı 3 saat üçün 90 dollar və baza maaşına əlavə olaraq 75 dollar - ümumilikdə 690 dollar maaş alır.
Gürcüstanda müəllimlər statuslarına görə “mentor müəllim”, “aparıcı müəllim” kimi kateqoriyalara ayrılır və bu statuslara görə əlavə ödəniş edilir. Məsələn, mentor müəllim əlavə olaraq 110 dollar, aparıcı müəllim isə 55 dollar əlavə maaş alır. Dağlıq ərazilərdə çalışan müəllimlər üçün də əlavə var və bu, tarif maaşının 30%-nə qədər ola bilir.
Ermənistana gəldikdə, bu ölkədə son 3 ildə orta təhsildə çalışan müəllimlərin məvaciblərinin artırılması istiqamətində xeyli iş görülüb. 2025-ci ilin yanvarından yeni maaş sistemi qüvvəyə minib. Könüllü şəkildə sertifikatlaşdırmadan keçən müəllimlərin əldə etdiyi nəticələrdən asılı olaraq müxtəlif məbləğlərdə maaşlar təyin edilir. Sertifikatlaşdırmadan keçən müəllimlər üçün baza maaşı 525 dollar (200 min dram) müəyyən edilib. İmtahanlardan ən azı 70% nəticə göstərənlər baza maaşı almaq hüququ əldə edir.
Nəticə daha yüksək olduqda isə əlavə ödənişlər olunur: 71–80% nəticə göstərənlər 30%, 81–90% nəticə göstərənlər 40%, 90%-dən yüksək nəticə göstərənlər isə 50% əlavə məvacib alır. Bunun nəticəsində hazırda sayı 25 minə yaxın olan orta məktəb müəllimlərinin təxminən 2,2 min nəfərinin aylıq məvacibi xeyli yüksəlib. Onlardan 1800-ə yaxını ayda 800-1000 dollar (300-400 min dram), 700-ə yaxını isə 1000 dollardan (400 min dramdan) çox maaş alır.
Bundan başqa, Ermənistanda təbiət elmləri və informatika müəllimləri tarif maaşına əlavə 25% məvacib alır. Şagird sayı 100-dən az olan kənd məktəblərinin müəllimlərinə isə 50% əlavə təyin edilir və hazırda bu sistemdən 3,1 min müəllim bəhrələnir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Ərzaq və qeyri-ərzaq satışlarında artım: tibbi xərclər 1,4 milyard manatı keçib
Foto: açıq mənbə
Foto: president.az
Prezidentin saytında DTX-nin şəxsi məlumatları yığacağını göstərən sənəd sonradan silinib
Neft-qaz ölkəsində müəllim maaşı regionla müqayisəsi niyə aşağıdır?
Talış fəalın Türkiyədə saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir
Ekspert: “Nazir kənd təsərrüfatındakı uğursuzluğu ört-basdır etmək istəyir”
İmişlidə məktəblilərin öldüyü qəzaya görə yeniyetməyə 7 il yarım həbs verilib