İqtisadiyyat

Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?

9 Dekabr, 2024
101

açıq mənbədən götürülüb

Azərbaycanda icbari tibbi sığorta paketinə dərman xərcləri də daxil edilə bilər. Artıq bununla bağlı qanunvericliyə dəyişiklik layihəsi müzakirəyə təqdim edilib. İlkin mərhələdə ürək-damar, həzm və tənəffüs sistemi xəstəliklərinə aid dərmanların sığorta təminatına daxil edilməsi təklif olunur. 

Layihə təsdiqlənərsə, həkimlərin təyin etdiyi dərman vasitələri Xidmətlər Zərfinə daxil olunacaq. Dərmanlar elektron reseptlərə yazılacaq, onları yalnız İcbari Sığorta Agentliyi ilə müqavilə bağlamış apteklərdən almaq mümkün olacaq. Sığorta tərəfindən ödənilən məbləğlə pərakəndə satış qiyməti eyni olan ən azı bir dərman vasitəsi apteklərdə mütləq olacaq və sığorta bu məbləği tam qarşılayacaq. Başqa istehsalçının dərmanını almaq istəyənlər həmin dərmanın aptekdəki qiymətilə sığorta tərəfindən ödənilən məbləğ arasında fərqi özləri ödəyəcəklər.

 

Pərakəndə satış qiymətləri necə müəyyənləşdirilir? 

2015-ci ildə təsdiq edilmiş 2 normativ-hüquqi sənədə - dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydalarına və dərmanların qiymətlərinin hesablanması üsullarına dair təlimata əsasən pərakəndə satış qiymətlərini Tarif Şurası müəyyənləşdirir. Dərmanların topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi ƏDV əlavə edilərək təsdiqlənir. Bundan başqa, dərmanların idxal və ya istehsal qiymətinin üzərinə topdansatış və pərakəndə şəbəkələrin ticarət əlavələri də nəzərə alınır. Preparatların baza qiymətindən asılı olaraq əlavələrin səviyyəsi fərqli ola bilir. Məsələn, dərmanın qiyməti 5 manata qədər olduqda, topdansatış qiymətinə maksimum 20 fazilik ticarət əlavəsi tətbiq edilərək pərakəndə satış şəbəkələrinə satılır. Apteklərsə 20 faizdən çox olmamaq şərtilə, ticarət və ƏDV əlavəsi nəzərə alınmaqla satış qiyməti müəyyən edir.

Dərmanın qiyməti 100 manatdan çox olduqda, sxem dəyişir: 100 manatdan artıq məbləğin 3 faizdən çox olmayan hissəsinə hökumətin müəyyənləşdirdiyi mütləq məbləği (10,95 manat) əlavə etməklə topdansatış qiyməti formalaşdırılır. Daha sonra 110,95 manatdan artıq məbləğin 11 faizindən çox olmayan hissəsinə hökumətin müəyyənləşdirdiyi digər mütləq məbləğ (18,45 manat) əlavə edilməklə aptek qiyməti müəyyənləşdirilir.

Qaydaları görə, Tarif Şurası rübdə azı bir dəfə dərmanların qiymətlərini təftiş edir; milli valyutanın məzənnəsində və istehsalçı ölkənin qiymətlərində dəyişiklik baş verdikdə, burdakı qiymətləri analoji səviyyədə  dəyişir.      

 

Tənzimləmə var, amma bəzi dərmanlar Türkiyədəkindən hətta 2 dəfə bahadır

Türkiyədə də oxşar sistem tətbiq edilir, bu ölkədə də yerli qiymətlər istehsalçı ölkələrdəki qiymətlərə əsasən tənzimlənir. Amma bu məsələdə Azərbaycanla Türkiyə arasında 2 mühüm fərq var. 

Əvvəla, Türkiyədə dərmanların istehsalçı ölkədəki qiymətləri də (xarici valyutada) açıqlanır. Bu, xeyli dərəcədə şəffaf yanaşmadır, insanlar idxal qiymətilə pərakəndə satış qiyməti arasında fərqi görə bilirlər. Azərbaycanda vətəndaşlara belə bir şans tanınmır. 

İkincisi, Azərbaycanla müqayisədə Türkiyədə pərakəndə satış qiymətləri xeyli aşağıdır. Hətta bəzi dərman vasitələri üzrə qiymət fərqi 50-60%-dən də çox ola bilir. Məsələn, internetdə axtarış edib təsadüfi seçmə üsuluyla 5 çeşiddə dərmanın qiymətinə baxaraq fərqləri asanlıqla üzə çıxara bildik. Bu araşdırmamızın nəricələrinə diqqət edin və real faktlarla siz də tanış olun. Yeri gəlmişkən, siz özünüz də müntəzəm aldığınız dərman nümunələrilə bağlı araşdırma aparıb fərqi görə bilərsiz. 

 

Beləliklə, bizdəki və Türkiyədəki qiymətlər: 

•  Azərbaycanda diabet xəstələrinin geniş istifadə etdiyi “Qlükofaj 850” preparatının qiyməti 5,5 manatdır.  Türkiyədə “Glucophage 850 mg” adı ilə satılan bu dərman 85 lirə, yəni 4,15 manatadır. Qiymət fərqi 32 faizdən çoxdur;

•  Mədə xəstəliklərinin müalicəsində istifadə olunan “STAMIC 40 mg”  Azərbaycanda 7,4 manata, Türkiyədə 113,62 lirəyə, yəni 5,5 manata satılır. Fərq 40 faizə yaxındır;

•  Şizofreniya və bipolyar pozulmalar zamanı istifadə olunan “Abizol 30 mg” Azərbaycanda 154,2 manata, Türkiyədə 1280 lirəyə, yəni 62,5 manata satılır. Başqa sözlə, bizdəkindən 2,5 dəfə ucuz. 

•  Epileptik tutmaların müalicəsi üçün istifadə olunan “TEGRETOL CR 400 mg” Azərbaycanda 12 manata, Türkiyədə 113,62 lirəyə, yəni 5,5 manata satılır. Bizdəkindən 2 dəfədən də çox ucuz.

•  Qara ciyər və öd yolarının müalicəsində istifadə olunan “Adeoliv 400MG” (“Ademetionin”) Azərbaycanda 45,4 manata, Türkiyədə 415,16 lirəyə, yəni 20,4 manata satılır.  Bu tərkibdə olan digər dərmanlar da Azərbaycanda həddən artıq bahadır. Məsələn, bizdə  “Heptral 400 mq”  50 manata,  “Adehep 400 mg” isə  45,4 manata satılır, Türkiyədə isə bu dərmanları 417,3 lirəyə, yəni 20,4 manata almaq mümkündür.

 

Türkiyədə dərmanların daha ucuz olmasının bir səbəbi də idxalda dərman vasitələrinə 10 faiz ƏDV tətbiq edilməsidir (Azərbaycanda ƏDV dərəcəsi 18 faizdir). Doğrudur, Türkiyədə referans qiymətlər əsasında pərakəndə qiymətlər müəyyən edilərkən “sabit məzənnə” mexanizmindən istifadə olunur və qiymət artımına həm də bu mane olur. Amma reallıq budur ki, iki ölkənin dərman qiymətləri arasındakı fərq kifayət qədər böyükdür; baxmayaraq ki, Türkiyədə istər minimum əməkhaqqı, istərsə də orta aylıq əməkhaqqı Azərbaycandan 2-3 dəfə çoxdur. 

Sonda  Azərbaycandakı dərman xərclərinin icbari sığorta paketinə daxil edilməsi təşəbbüsü ilə bağlı vacib bir məqamı da qeyd edək - inkişaf etmiş ölkələrdə bu mexanizm çoxdan tətbiq edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrdə dərman xərclərinin orta hesabla 56 faizi sığorta tərəfindən qarşılanır. Ayrı-ayrı ölkələrdə bu göstərici daha yüksəkdir. Məsələn, Almaniyada bu xərclərin 82, Yaponiyada 72, Belçikada 67, Böyük Britaniyada 66 faizi icbari tibbi sığorta xidmətləri zərfinə daxildir.

  

"Toplum TV"

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracını artıran sirli səbəb

4 Dekabr 2024

Caspian Barrel

Azərbaycan hökuməti böyük neft pulları əldə etməyə başladığı son 20 ildə qəbul elədiyi istənilən iqtisadi proqram və strategiyada təbii resurs asılılığından qurtarmağı özünün əsas hədəfi kimi müəyyən edib. Məsələn, 2012-ci ildə qüvvəyə minmiş “Azərbaycan 2020: İnkişaf Konsepsiyası”na görə, 2020-ci ilə qədər adambaşına qeyri-neft əmtəə ixracı 5 dəfə artaraq 1000 dollara çatdırılmalı idi. Amma zamanı çatanda məlum oldu ki, bu göstərici nəinki 5 dəfə, heç 50% belə artmayıb.  Oxşar hədəflər iqtisadi inkişafla bağlı 2016-cı ildə qəbul olunmuş strateji yol xəritələrində də əks olundu, amma nəticə dəyişmədi - 2012-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi 1,7 milyard dollardan bir qədər çox idisə, 2016-cı...
İqtisadiyyat

Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb

27 Noyabr 2024
Milli Məclis 2025-ci ilin büdcə sənədləri çərçivəsində gələn ilin yaşayış minimumunu da təsdiqləyəcək. Yaşayış minimumu insanın sağlam yaşaması və normal fəaliyyət göstərməsi üçün zəruri olan məhsul və xidmətlərin dəyərinin ən aşağı həddini göstərir. İstehlak səviyyəsi bu həddən aşağı olan insanlar yoxsul hesab edilir. Nə qədər insanın aylıq xərcinin yaşayış minimumundan aşağı olduğunu müəyyən etmək üçün Dövlət Statistika Komitəsi (DSK) rübdə 1 dəfə olmaqla, ölkənin bütün regionlarında təsadüfi seçmə üsulu ilə ailə təsərrüfatları arasında geniş sorğu (müayinə) keçirir.  Ölkə və bölgələr üzrə yoxsul ailə və vətəndaşların sayı bu sorğunun nəticələrinə əsasən müəyyənləşir. Yoxsul hesab olunan vətəndaşlar 2007-ci ildən etibarən dövlət büdcəsindən...

Seçilmiş Videolar

Toplum TV loqo