Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Milli Məclis 2025-ci ilin büdcə sənədləri çərçivəsində gələn ilin yaşayış minimumunu da təsdiqləyəcək. Yaşayış minimumu insanın sağlam yaşaması və normal fəaliyyət göstərməsi üçün zəruri olan məhsul və xidmətlərin dəyərinin ən aşağı həddini göstərir. İstehlak səviyyəsi bu həddən aşağı olan insanlar yoxsul hesab edilir. Nə qədər insanın aylıq xərcinin yaşayış minimumundan aşağı olduğunu müəyyən etmək üçün Dövlət Statistika Komitəsi (DSK) rübdə 1 dəfə olmaqla, ölkənin bütün regionlarında təsadüfi seçmə üsulu ilə ailə təsərrüfatları arasında geniş sorğu (müayinə) keçirir. Ölkə və bölgələr üzrə yoxsul ailə və vətəndaşların sayı bu sorğunun nəticələrinə əsasən müəyyənləşir.
Yoxsul hesab olunan vətəndaşlar 2007-ci ildən etibarən dövlət büdcəsindən ünvanlı sosial yardım almaq hüququna malikdirlər. Qanunveciliyə görə, adambaşına gəlirləri ehtiyac meyarının məbləğindən aşağı olan ailələr faktiki gəlirlərilə bu məbləğ arasındakı fərq qədər büdcədən yoxsulluq müavinəti almalıdırlar. Son 2 ildə ehtiyac meyarının məbləği yaşayış minimunun dəyərinə bərabərdir - 2024-cü ildə hər iki göstərici 270 manat təşkil edib. Bu o deməkdir ki, 4 nəfərilik ailənin faktiki gəlirləri 600 manatdırsa, həmin ailə hər ay büdcədən 480 manat yoxsulluq müavinəti almalıdır.
Yoxsullar və yoxsulluq müavinəti alanlar arasındakı fərq
Məsələnin ən təəccüblü, həm də ən qaranlıq tərəfi odur ki, son 10 ildə ölkədə yoxsul vətəndaşların sayı artdığı halda, dövlət büdcəsindən yoxsulluq müavinəti alanların sayı sürətlə azalıb. Rəsmi statistikaya görə, 2014-cü ildə ölkə əhalisinin sayı 9,5 milyon nəfər olub. Həmin il ölkə əhalisinin 5 faizinin (mütləq rəqəmlə 475 min nəfərin) yoxsul olduğu açıqlanmışdı.
2023-cü ilin rəsmi statistikasına görə, əhalinin sayı 10,1 milyon nəfər, yoxsulluq səviyyəsi isə 5,2 faiz olub. Bu rəqəmlərə istinadən yoxsul vətəndaşların sayının 525 min nəfər olduğunu söyləmək olar. Bu o deməkdir ki, 2014-2023-cü illərdə rəsmi statistikanın yoxsul kimi uçota aldığı insanların sayı 50 min nəfər və ya 10,5 faiz artıb.
Amma nə sirdirsə, həmin dövrdə dövlət büdcəsindən ünvanlı sosial yardım alan şəxslərin sayı 2,2 dəfə, yaxud 334 min nəfər azalıb. Statistik məlumatlara görə 2014-cü ildə yoxsulluq müavinəti alan aztəminatlı şəxslərin sayı 626 min nəfər olubsa, 2023-cü ildə bu rəqəm 290 min nəfərə enib.
Müavinət alanların sayının azalması 2024-cü ildə də davam edib. Bu ilin sentyabırn sonuna açıqlanan məlumata görə, 2023-cü illə müqayisədə büdcədən yoxsulluq yardımı alanların sayı 7 faiz, yaxud 18 min nəfər azalaraq 272 min nəfərə enib.
Belə çıxır ki, rəsmi statistikanın araşdırmalarında yoxsulluğu təsdiqlənən 10 minlərlə insan yoxsulluq müavinətini ala bilmir. Hökumət uğurlu sosial müdafiə modelinin qurulduğunu, sosial siyasətin priroritet olduğunu rəsmi təbliğatda davamlı olaraq təkrarlasa da, indiyə qədər bu statistik ziddiyətə aydınlıq gətirməyib.
Araşdırma dövründə yoxsulların dəstəklənməsi üçün ayrılan vəsaitin büdcə payı da azalıb. Əgər 2014-cü ildə dövlət büdcəsi xərclərinin 1 faizi ünvanlı sosial yardımlara ayrılmışdısa, 2023-cü ilə həmin göstərici 0,8 faizə enib. Deməli, təxminən 10 il əvvəl büdcənin hər 100 manatlıq xərcindən yoxsul vətəndaşlara 1 manat çatırdısa, hazırda bu məbləğ 0,8 manat təşkil edir.
10 il əzrində yoxsulların sosial müdafiəsi üçün nəzərdə tutulan büdcə vəsaitlərinin məbləği 201 milyon manatdan 306 milyon manata çatsa da, bu artım inflasiyanın artım tempindən geri qalıb - 2014-2023-cü illərdə yaşayış minimunun dəyəri 2 dəfəyə yaxın artaraq 125 manatdan 246 manata yüksəlib. Beləliklə, rəsmi statistika göstərir ki, son 9 ildə yoxsulların yaşayışının dəyəri ən azı 2 dəfə bahalanıb. Bu, yoxsullar üçün inflyasiyanın rəsmi etiraf olunan miqyasıdır.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Caspian Barrel
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub