Manşet

Futbol hakiminin ədalətsizliyinə etiraz edən Əliyev öz ölkəsində ədaləti niyə təmin etmir?

22 Yanvar, 2026
92

Foto/kollaj: Toplum TV

Azərbaycanın “Qarabağ” futbol komandası Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası üzərində 3–2 hesablı qələbə qazanaraq Çempionlar Liqasında 10 xalla 18-ci sıraya yüksəlib.

“Qarabağ”ın qələbəsinə dövlət başçısı İlham Əliyev də münasibət bildirib. O, təbrik mesajında oyunun baş hakimini tənqid edib: “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kim tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”

Ölkə rəhbərinin “Qarabağ” klubunun hüquqlarını müdafiə etməyə çalışması, şübhəsiz ki, müsbət haldır. Azərbaycan komandasının hansısa hakimin qərarlarına qurban getməsini heç bir azərbaycanlı istəməz.

Lakin sual yaranır: futbol meydanında xüsusi ictimai əhəmiyyət daşımayan ədalətsizliyə etiraz edən İlham Əliyev öz ölkəsində ədaləti niyə təmin etmir?

Söhbət Azərbaycan futbolundakı ədalətsizliklərdən və hakimlərin yanlış qərarlarından yox, vətəndaşların hər addımda qarşılaşdığı ədalətsizliklərdən, o cümlədən məhkəmə salonlarında hakimlərin verdiyi haqsız və qanunsuz qərarlardan gedir. Yaşıl meydandakı hakimlərin qərarları ən uzağı komandalardan birinin əməyinin, alın tərinin boşa getməsinə səbəb olur, məhkəmə hakimlərinin qərarları isə xalqın və dövlətin həyatına, gələcəyinə birbaşa təsir göstərir. Məhkəmə müstəqilliyinin olmadığı, hakimlərin siyasi sifarişlə və ya rüşvət müqabilində qərarlar qəbul etdiyi ölkələr və cəmiyyətlər irəli gedə bilməz. Azərbaycan da belə ölkələrdən biridir.

Hazırda müxalif siyasətçilərin, ictimai fəalların və jurnalistlərin məhkəmə prosesləri davam edir. Hər məhkəmə iclasında ibtidai istintaq zamanı yol verilmiş qanunsuzluqlar, təzyiq yolu ilə ifadələrin alınması və digər prosessual pozuntular üzə çıxır.

Lakin hakimlər bu pozuntuların aradan qaldırılması və ədalətin təmin olunması üçün hər hansı addım atmırlar. Məhkəmə proseslərində prokurorlar dominant mövqeyə və təsirə malikdir, onların mövqeyi və müdaxilələri yönləndirici rol oynayır. Nəticədə hakimlər prokurorların hazırladığı ittiham aktını cüzi və kosmetik dəyişikliklərlə hökmə daxil edirlər.

Azərbaycan məhkəmələrində bəraət hökmləri nadir hallarda rast gəlinən praktikadır, siyasi məhbus hesab edilən şəxslərin işlərində isə ümumiyyətlə, bəraətdən söhbət gedə bilməz. Bu işlərdə hakimlər ittiham olunanlar, o cümlədən səhhətində problemlər olan müttəhimlər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini belə nəzərdən keçirmirlər. Qanunvericilikdə müttəhimlərin xeyrinə olan müddəalar nə ibtidai, nə də məhkəmə istintaqında yada düşür. Nəticədə bu şəxslər cinayət işinin başladığı və saxlanıldıqları tarixdən məhkəmə hökmünə qədər olan müddətdə həbsdə qalaraq faktiki olaraq artıq cəzalandırılmış olurlar. Bu isə cəmiyyətdə ədalət hissini və vicdanları yaralayır.

Əlbəttə, Azərbaycandakı ədalətsizliklər təkcə məhkəmə-hüquq sistemi ilə məhdudlaşmır. Vətəndaş hüquq və azadlıqları sahəsində vəziyyət dramatikdir. Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” ilə bağlı II Bölməsinin III Fəslinin icrası faktiki olaraq dayandırılıb. Orada əksini tapmış bərabərlik hüququ, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, azadlıq hüququ, tətil hüququ, fikir və söz azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ, birləşmək hüququ, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, təqsirsizlik prezumpsiyası ilə bağlı maddələr praktiki olaraq acı gülüş doğurur. Reallıqda Azərbaycan vətəndaşlarının bu hüquq və azadlıqlardan məhrum olduğu hər kəsə aydındır. Seçmək və seçilmək hüququ uzun illərdir aradan qaldırılıb, vətəndaşlar təbəə vəziyyətinə salınıb. Bələdiyyələr, Milli Məclis və prezident institutu yalnız formal olaraq seçkilidir. Polis zorakılığı isə ölkədə adi hala çevrilib.

İlham Əliyev futbol matçında hakimin ədalətsiz qərarlarından narazı qalmaqda və buna etiraz etməkdə haqlıdır. Amma ilk növbədə ölkəsindəki real mənzərəyə baxmalı, öz siyasətini dəyişmək və rejimi yumşaltmaq istiqamətində ciddi şəkildə düşünməlidir.

Qeyd: Yazıdakı fikirlər müəllifin mövqeyini əks etdirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...
Manşet

Gültəkin Hacıbəylinin Azərbaycana deportasiya edildiyi deyilir

12 Fevral 2026

Foto: açıq mənbə

Milli Şurasının üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya olunduğu deyilir. APA xəbər verir ki, deportasiya gecə saatlarında baş tutub. Bildirilir ki, G.Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb, barəsində hər hansı qətimkan tədbiri yoxdur. Gültəkin Hacıbəyli ötən il  noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı evdən Taksim Polis Şöbəsinə aparılıb və daha sonra deportasiya mərkəzinə köçürülüb. Sonradan onun barəsində 5 il müddətinə Türkiyəyə giriş qadağası və deportasiya ilə bağlı rəsmi qərar qəbul olunub.  Hökumətyönlü medianın yazdığına görə, bu hadisə AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə bağlı aparılan istintaq fonunda baş verib. Həbslər Prezident...

Seçilmiş Videolar

Toplum TV loqo