Manşet

Köhnə “bayatı” yada düşdü: AXCP-Müsavat mövzusu niyə aktuallaşdı?

10 Noyabr, 2025
361

Foto: RFE/RL

Azərbaycan hakimiyyəti periodik olaraq ölkə müxalifətini şeytanlaşdırmaq və onu problemlərin səbəbkarı kimi göstərmək ehtiyacı hiss edir. 

Müxalifət dedikdə, əlbəttə ki, Azərbaycan siyasətinin “veteran”ları - Xalq Cəbhəsi və Müsavat partiyaları nəzərdə tutulur: ötən müddətdə ciddi şəkildə zəifləsələr də (xüsusən Müsavat), bu partiyalar hələ də ictimai rəydə gerçək müxalifət kimi qəbul olunan siyasi qüvvələrdir. 

Rejim hansısa səbəbdən çətinə düşdükdə və ya öz daxili siyasi maraqları baxımından zəruri hesab etdikdə “AXCP-Müsavat cütlüyü”nün mifik xəyanətlərindən, cinayətlərindən, bəd əməllərindən, ölkə maraqlarına nə qədər böyük təhlükə yaratmasından danışmağa başlayır. 

Görünür, indi yenə belə bir ehtiyac yaranıb və “tezis mediası”nın bu iki partiyanı təkrar xatırlaması buradan irəli gəlir.

Hakimiyyətdən maliyyələşən “APA” informasiya agentliyi bu günlərdə “AXCP və Müsavat xarici təsir dairələrinin maraqlarına xidmət edir” başlıqlı “təhlil” dərc edib. 

Prezident Administrasiyasının medianı kurasiya edən və “ideoloji iş”ə cavabdeh olan müvafiq strukturu tərəfindən hazırlanıb göndərildiyi məlum olduğundan, bu tip yazılara ciddi yanaşmaq lazımdır.

Çünki belə yazılar iqtidar dəhlizlərində hökm sürən əhval-ruhiyyəni və onların hər hansı məsələyə dair əsl mövqeyini öyrənmək baxımından diqqətəlayiqdir. Ən əhəmiyyətli məqam isə budur ki, bəzən rejimin planlaşdırdığı addımları, həyata keçirməyə hazırlaşdığı siyasi kursu həmin “təhlil”lərdən, “analitika”lardan öyrənmək və anlamaq mümkün olur.

Ramiz Mehdiyevi yüksək vəzifəyə gətirib, 24 ildən çox orada saxlayan kim olub?

Başlığından da göründüyü kimi, “APA”-dakı materialı hazırlayanlar Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının antimilli mövqe tutduğunu, onların fəaliyyətinin milli təhlükəsizliyə təhdid yaratdığını əsaslandırmağa çalışır.

Təbii ki, absurd xarakter daşıyan bu iddianı arqumentləşdirmək çox çətin olduğundan, müəllif(lər) həm öz uydurmalarını istinad kimi göstərməyə, həm də standart, qanunauyğun müxalifətçiliyi kriminallaşdırmağa çalışıblar.

Məsələn, qeyd olunur ki, bu partiyalar qələbədən sonra 50-yə yaxın siyasi partiyanın ortaq bəyanatına imza atmayaraq müharibə dövründə aparılan hərbi-siyasi kursa açıq dəstək verməyiblər və milli həmrəyliyə qoşulmayıblar. Müharibə dövründə isə həmin partiyalar və onlara yaxın media resursları guya “no war” və “sülh” şüarları altında faktiki olaraq Ermənistanın təcavüzkar siyasətini pərdələməyə cəhd ediblər.

Söhbət Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə “dialoq” adlandırılan görüşlərdə iştirak edən partiyaların birgə bəyanatından gedir. 

Müxalifət Ədalət Vəliyevin kurasiyasına girmək və prezidentə dəstək bəyanatına qoşulmaq məcburiyyətində deyil. Bu, onları qeyri-milli adlandırmağa əsas vermir. Müharibə dövründə AXCP və Müsavatın “no war” və “sülh” şüarları ilə çıxış etməsi isə sadəcə olaraq, yalandır. 

Hər iki partiya açıq şəkildə hərbi əməliyyatları dəstəkləyib, Azərbaycan ordusu irəlilədikcə sosial mediada öz sevincini ifadə edib - bunu onların akkauntlarına nəzər salaraq çox asanlıqla müəyyənləşdirmək mümkündür. 

Hətta AXCP sədri Əli Kərimli Şuşanın azad olunmasına görə İlham Əliyevi təbrik edib. Hər iki partiya 10 noyabr 2020-ci il tarixli Bəyanat əsasında hərbi əməliyyatların dayandırılmasını tənqid edərək müharibəni tam qələbəyədək davam etdirməyi zəruri sayıb. Müharibə dövründə və sonra bəzi ictimai fəallar “müharibəyə yox” çağırışları ilə çıxışlar ediblər, lakin bunun adı çəkilən partiyalara aidiyyəti yoxdur.

Yazıda Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırıldıqdan sonra AXCP və Müsavatla gizli əlaqələr yaratdığı, Mehdiyev şəbəkəsi ilə bu iki partiya arasında ideoloji və informasiya əməkdaşlığı qurulduğu da iddia edilir. Təbii ki, heç bir fakt və istinad göstərilmədən. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Ramiz Mehdiyevlə bağlı təbliğat kampaniyası hakimiyyətin özünün ifşası prosesinə çevrilib.

Sual yaranır: R. Mehdiyev bu qədər xəyanətin, cinayətin müəllifidirsə, bəs necə olub ki, 25 ilə yaxın PA-nın rəhbəri - faktiki olaraq ölkənin ikinci adamı kreslosunda oturub?

Bəlkə onu vəzifəyə gətirən və orada uzun müddət çalışmasını təmin edən AXCP ilə Müsavat olub? Hər kəsə aydındır ki, Mehdiyevin istənilən əməlinə görə bilavasitə bu hakimiyyətin özü siyasi, mənəvi və bir çox halda hüquqi məsuliyyət daşıyır.

Vətəndaş cəmiyyəti və müstəqil mediadan sonra növbə müxalifətə gəlir

“Təhlil”in hansı məqsədlə qələmə alınıb redaksiyalara göndərildiyi sonuncu yarımbaşlıqdan (“AXCP və Müsavatın fəaliyyəti dayandırılmalıdır”) aydın olur. İddia edilir ki, AXCP və Müsavatın fəaliyyəti milli təhlükəsizliyə risk yaradan bir mərhələyə keçib, bu partiyalar Konstitusiya quruluşuna qarşı yönəlmiş destruktiv addımlar atırlar və belə hallarda dövlət siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmaq və ya qadağan etmək səlahiyyətinə malikdir.

Belə görünür ki, 2023-cü ilin sonlarında başlayan və əvvəlcə müstəqil media ilə vətəndaş cəmiyyətini hədəf alan repressiya dalğası müxalifətə yaxınlaşır. Ötən il AXCP sədri Əli Kərimlinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cəhd göstərilmişdi. Xüsusi ittiham qaydasında verilən şikayət üzrə onun üzərində məhkəmə prosesi keçirilmiş, lakin hansısa səbəbdən hakimiyyət Ə. Kərimliyə qarşı cərimə cəzası ilə kifayətlənmişdi. İndi yarımçıq qalan işi tamamlamaq istəyi hiss olunur. 

Məntiqlə, rejim bütün medianı, vətəndaş cəmiyyətini total nəzarətə götürürsə, siyasət səhnəsi də diqqətdən kənarda qalmamalıdır. Əslində, AXCP ilə Müsavat əvvəlki gücünü itirib, resursları həddən artıq məhduddur və ölkədə vəziyyəti dəyişmək imkanında deyil. 

Onlar bu gün öz mövcudiyyətlərini qorumaqla məşğuldurlar və rejimə hər hansı təhlükə törətmirlər. Belə olan halda, sual yaranır ki, bu partiyaları rəsmi statusdan məhrum etmək hakimiyyətin hansı ehtiyaclarından irəli gələ bilər?

Azərbaycan proqnozlaşdırılmayan bir ölkədir və bu gün dəyişiklik ehtimalı imkansız görünsə də, sabah nələrin baş verəcəyini kimsə bilmir. Vəziyyət anidən dəyişə də bilər və o zaman AXCP və Müsavatın müxalif mərkəzlər kimi siyasi əhəmiyyəti artar. Rejim əlbəttə ki, bu partiyalardan qorxmur, sadəcə olaraq, onların Azərbaycanda müxalifətçiliyin nüvəsi kimi qalmasında potensial risklər görür. 

Müstəqil medianın və vətəndaş cəmiyyətinin, necə deyərlər, kökünü qazıyan hakimiyyət müxalifəti və müxalifətçilik fəaliyyətini də kriminallaşdırmaqla, cəmiyyətdə ən kiçik alternativ mərkəzin belə qalmasına yol vermək istəmir.

Ölkədə sosial-iqtisadi problemlərin dərinləşməsi, iqtisadi böyümənin faktiki olaraq dayanması, azalan neft gəlirləri hökuməti vergi və cərimələri yüksəltməklə büdcəni doldurmağa vadar edir. 

Bu isə qaçılmaz olaraq sosial narazılığı artıracaq. Bu narazılıq yaxın gələcəkdə etiraz aksiyalarına çevrilməyə bilər, amma toplumda narazılığın akkumulyasiyası rejim üçün potensial risklərdən biridir. Müxalifət cəmiyyətdəki narazılıqları ifadə edən, siyasətin gündəminə gətirən institutdur və fürsət yarandıqda narazı təbəqələrin üz tutduğu ünvandır.

Müxalifəti yox etməklə və müstəqil jurnalistlərdən, aktivistlərdən sonra müxalif siyasətçiləri də repressiyalara məruz qoymaqla rejim həm xofu artırmaq, həm də sosial-iqtisadi tematikanın ictimai diskursda dominant olmasını əngəlləmək istəyir. Hakimiyyət istəyir ki, ölkə gündəmində yalnız onun yeganə uğur hekayəsi olan müharibədəki qələbə mövzusu qalmağa davam etsin.

Digər tərəfdən, praktikadan məlumdur ki, avtoritar rejimlər hər zaman düşmənə ehtiyac duyur. Lakin ABŞ prezidenti Donald Trampın şahidliyində Ermənistanla sülh müqaviləsinin paraflanması və “Zəngəzur dəhlizi” əvəzinə “Tramp yolunun” (TRİPP) azılaşdırılması Azərbaycan hakimiyyətinin təbliğat ruporlarının mövzu qıtlığı ilə üzləşməsinə səbəb olub. Artıq Ermənistanın timsalında xarici düşmən obrazı əldən çıxıb. 

Zəngəzura, tarixi torpaqlara qayıdış barədə təbliğat kampaniyaları aparılması və nifrət nitqi Ağ Evdə imzalanmış üçtərəfli Bəyanata zidd olar və ABŞ-nin xoşuna gəlməz. Rusiya ilə 2024-cü ilin sonlarında başlayan gərginlik də artıq geridə qalıb. Ona görə də daxili düşmənə yenidən ehtiyac yaranıb. 

“AXCP-Müsavat cütlüyü”nün müəyyən fasilədən sonra təkrar gündəmə gətirilməsinin səbəblərindən biri də bu ola bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

MBH: "Bir aydan çox aclıq edən inanclı fəal huşunu itirib, digəri 'kars'a salınıb" 

12 Dekabr 2025

İllustrasiya: Toplum TV

Həbsdə olan inanclı fəal, noyabrın 9-dan azadlığa buraxılması üçün aclıq edən Nigar Bağırovanın səhhətinin daha da pisləşdiyi bildirilir.  Bu barədə Müsəlman Birliyi Hərəkatı bəyanat yayıb.  Bəyanatda deyilir ki, N.Bağırova təcridxanada huşunu itirib və başı yerə dəyərək zədələnib.  "Hadisədən sonra həbsxana əməkdaşları Şərqiyə Sadıqova və Aytən İbrahimovanın kamerasının qapısını açaraq onlara belə deyiblər: “Gəlin, Nigarı sürüyüb çıxarın.” Bu ifadə həm insani, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur. Məsələyə dair şikayətlər cavabsız qalır", - deyə qeyd olunub.  MBH-nin məlumatına əsasən, N.Bağırova aclıq aksiyasını davam etdirdiyi üçün həbsxana rəhbərliyinin təzyiq və hədə-qorxuları ilə üzləşir.  MBH digər inanclı fəal Tərlan Sayadovun isə saxlanıldığı...
Manşet

AXCP İmişli şöbəsinin fəalı saxlanılıb, evində axtarış aparılıb

12 Dekabr 2025

Foto: açıq mənbə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirlinin saxlanıldığı bildirilir.  Bu barədə "Azadlıq Qəzeti” məlumat yayıb.  Xəbərdə bildirilir ki, V.Qədirli dekabrın 12-i səhər saatlarında saxlanılıb və İmişli rayonunda işlədiyi kafedə və sonra evində polis və mülki geyimlilər tərəfindən axtarış aparılıb.  Onun hazırda harada və hansı ittihamlarla saxlandığı məlum deyil.  Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 18 üzvü həbsdədir.  Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.  Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Eyni gündə...

Seçilmiş Videolar

Toplum TV loqo