“Sərhədsiz Reportyorlar” Əliyev və İvanişvilini “mətbuat azadlığının yırtıcıları” adlandırıb
Foto: president.az
“Sərhədsiz Reportyorlar” (RSF) beynəlxalq jurnalist təşkilatı Azərbaycan prezidenti İlham Əliyevi və “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilini öz ölkələrində mətbuat azadlığını məhdudlaşdırmaqda rol oynadıqları üçün “mətbuat azadlığının yırtıcıları” adlandırıb.
RSF bu siyahını Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığın aradan qaldırılması üzrə Beynəlxalq Gün münasibətilə noyabrın 2-də dərc edib.
Qurum açıqlamasında bildirib ki, siyahıya daxil edilən 34 şəxs və qurum fərqli üsullardan istifadə etsələr də, onların ortaq məqsədi eynidir - müstəqil medianı susdurmaq və cəmiyyətin məlumat almaq hüququnu məhdudlaşdırmaq : “Qətl, həbs, qaralama, təbliğat, trol orduları - bütün bunlar susqunluğu tətbiq etmək üçün vasitədir”.
Siyahıya Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenka, İranın ali lideri Əli Xamenei, Macarıstanın baş naziri Viktor Orban, İsrail ordusu, texnologiya milyarderi İlon Mask və başqaları daxildir.
RSF Azərbaycan prezidenti İlham Əliyevi ölkədə informasiya məkanını tam nəzarətə götürməkdə və müstəqil medianı susdurmaqda ittiham edib. Təşkilatın hesabatında qeyd olunur ki, Əliyevin prezidentliyi dövründə Azərbaycan “media səhrasına” çevrilib.
Təşkilat xatırladıb ki, son illərdə ölkədə azı 26 jurnalist həbs edilib, “Abzas Media” əməkdaşları isə uzunmüddətli həbs cəzalarına məhkum olunublar:
“Azərbaycan hakimiyyətinin media üzərinə təzyiqləri “Abzas Media” redaksiyasına reyd və onun rəhbərliyi - direktor Ülvi Həsənli və baş redaktor Sevinc Vaqifqızının həbsi ilə başlayıb. Daha sonra “Meydan TV”, “Toplum TV” və “Kanal 13” kimi platformaların jurnalistləri də saxlanılıb”
Azərbaycan RSF-nin 2025-ci il Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 167-ci yerdədir.
İvanişvili isə mediaya qarşı iqtisadi təzyiqlərinə görə siyahıya salınıb. RSF qeyd edir ki, o, “siyasi həyatdan formal şəkildə çəkilməsinə baxmayaraq, hələ də Gürcüstanda hakimiyyətin ətrafında formalaşan əsas mərkəz olaraq qalır”.
Təşkilat bildirir ki, İvanişvilinin biznes imperiyası ona ölkənin media məkanına həlledici təsir imkanı verir. “İmedi TV” və “Rustavi 2” kimi bir neçə kommersiya telekanalı onun yaratdığı “Gürcü Arzusu” partiyasının maraqlarına xidmət edən mövqeləri yayır.
RSF vurğulayıb ki, onun təsiri nəticəsində Gürcüstanda media plüralizmi zəifləyib, jurnalistlərə qarşı böhtan kampaniyaları, təzyiqlər və “cəzasız” qalan zorakı hücumlar artıb.
Təşkilat həmçinin jurnalist Mzia Amaglobelinin iki il müddətinə azadlıqdan məhrum edilməsini, eləcə də Gürcüstanın mətbuat azadlığına hörmət etməməklə Avropa İttifaqına inteqrasiya prosesini əngəllədiyini qeyd edib.
RSF-nin 2025-ci il Mətbuat Azadlığı İndeksində Gürcüstan 114-cü yerdə qərarlaşıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”
Paşinyan: "Erməni soyqırımı ermənilərin beynəlxalq intriqalara cəlb olunmasının nəticəsi idi"
Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb
Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"
Ramil Babayev yazır: “Bakı İstintaq Təcridxanasında zorakılıq ayıdır”