Memar: "Bayırşəhərin sakinləri kimi tarixi abidələri də hər an təhlükə ilə üz-üzə qalıb"
Foto: Əkinçi
Paytaxtın Yasamal rayonunun Bayırşəhər kimi tanınan hissəsində tarixi hesab edilən daha bir bina sökülüb, ona bitişik olan digər bina isə söküntü zamanı zədələnib.
Bu barədə memar və ictimai fəal Abdul Hüseynov "Facebook" səhifəsində xəbər verib.
Onun dediyinə görə, söküntü oktyabrın 27-də axşam saatlarında Mirzə Fətəli Axundov 40 ünvanında baş verib. Söküntü zamanı sakinlərin yaşadığı başqa bir binanın eyvanı uçurulub, eyni zamanda içməli su borusu zədələnib.
Oktyabrın 29-da mətbuata açıqlama verən Bakı Şəhər İcra Hakimiyyəti qeyd edilən ərazidə tarixi abidələrin dövlət reyestrində olan heç bir tarixi binanın sökülmədiyini bildirib. Qurum idda edib ki, sökülən bina qəzalı vəziyyətdə olub.
Növbəti gün hadisə yerindən video paylaşan A.Hüseynov bildirib ki, sökülən bina tarixi abidələrin reyestrində olmasa da, ona bitişik, reyestrdə olan tarixi-memarlıq abidəsi də söküntü zamanı zədələnib.
"Bayırşəhərin sakinləri kimi tarixi abidələri də hər an təhlükə ilə üz-üzə qalıb. Tarixi abidənin divarını zədələyiblər, indi də kərpiclə hörürlər. Ekskavatorla sökəndə elə də olmalı idi. Heç bir dövlət qurumu da maraqlanmır", - o deyib.
Memar əlavə edib ki, M.F.Axundov küçəsində vaxtilə 25 bina tarixi-memarlıq abidəsi kimi reyestrdə qeydiyyatda olub, lakin sonradan onların 18-i reyestrdən çıxarılıb.
"Reyestrdən çıxarılan binalar haqqında heç müvəqqəti də olsa məlumatlandırıcı lövhə yoxdur. Ümumiyyətlə, söküntü baş verirsə, onun layihəsi, planı olmalıdır, müəyyən gücləndirici tədbirlər görülməlidir, yaxınlıqda yerləşən abidə nəzərə alınmalıdır. Bunların heç biri edilməyib. Dövlət strukturları da reaksiya vermir. Bu binalar 120-130 il əvvəl tikiləndə tikinti sıx aparılıb, ona görə bu gün bir binanı sökmək istəyəndə istər-istəməz digəri də deformasiyaya məruz qalır", - o qeyd edib.
Artıq bir ilə yaxındır ki, Bayırşəhərdə tarixi binaların, məhəllələrin söküntüsü gedir və yaşı 100-dən çox olan bir neçə bina sökülüb.
Yasamal Rayon İcra Hakimiyyəti söküntünün ərazidəki Qış Parkının genişləndirilməsi üçün aparılacağını deyir.
Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planına əsasən, Bayırşəhərdə Təzəpir məscidi ətrafındakı ərazi "xüsusi mühafizə olunan ərazi" statusuna malikdir.
Bu statusa əsasən isə, ərazidə söküntü deyil, yalnız yenidənqurma və reabilitasiya işləri aparıla bilər. Sakinlər isə yalnız zəruri olduqda müvəqqəti şəkildə yaxınlıqdakı ərazilərə köçürülə bilərlər.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bildirdiyinə görə, Bayırşəhərin söküntüsü zamanı dövlət reyestrində tarixi abidə kimi qeydiyyata alınan tikililərə toxunulmayacaq.
A.Hüseynov isə daha öncə "Toplum TV"-yə deyib ki, ərazidə 120-130 yaşlı tarixi abidələr var ki, 2015-16-cı illərdə reyestrdən çıxarılıb. “Onda belə çıxır ki, onlar bu abidələri sökəcəklər?”, - o sual edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”
Paşinyan: "Erməni soyqırımı ermənilərin beynəlxalq intriqalara cəlb olunmasının nəticəsi idi"
Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"
Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb
Ramil Babayev yazır: “Bakı İstintaq Təcridxanasında zorakılıq ayıdır”