Manşet

Ruslan İzzətlinin müharibə xatirələri: "Əsgər yaxınlaşdı ki, bəs siz şəhid olmusunuz?" 

5 Noyabr, 2025
239

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, III Respublika Platformasının üzvü Ruslan İzzətli həbsxanadan İkinci Qarabağ Müharibəsindən xatirələrini paylaşmağa davam edir. 

R.İzzətlinin xatirələrinin ikinci hissəsi onun “Facebook” səhifəsində paylaşılıb.

Yazının birinci hissəsini buradan oxuya bilərsiniz. 

“Toplum TV” yazının ikinci hissəsini olduğu kimi təqdim edir: 

Müharibənin ilk günlərində düşmənin atdığı mərmi nəticəsində zərər görmüş Füzulidəki hərbi hissədəydim. Bu istiqamətdə döyüşə gedəcək qurupa məni almadılar.  

Çünki qruplar hərbi hissələrə görə formalaşırdı. Döyüşə gedən qrup isə başqa hərbi hissə idi… 

Başladım N saylı hərbi hissənin kazarmaların gəzməyə. Çünki sağalıb xəstəxanalardan çıxarılan hərbçilər bu hərbi hissəyə gətirilirdi. Kazarmaları gəzəndə olduğum hərbi hissədən gizir Əliyev Namiqi və yanında bizim tabordan bir neçə əsgəri gördüm. Dedi ki, hərbi hissəylə əlaqə saxlamışam, gəlib bizi aparacaqlar… 

Gizir Əliyev Namiqlə birlikdə hərbi hissəyə gəldik. Hərbi hissənin həyətində polkovnik-leytenant Ramazan Orucovu gördüm. Ramazan Orucov haqda sizə gələcək yazılarımda "qəhrəmanlığından" danışacam. 

O, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini idi. Əsgərlikdə olanlar bilir ki, hərbi hissələrdə "zampalit" adlanan şəxslər, əsasən xüsusi nəzarət tələb edən əsgərlərə xüsusi diqqət ayırırlar.  

Siyasi görüşlərimə görə Ramazan Orucov məni çox yaxşı tanıyırdı. Çünki arada çağırıb söhbət edərdi. Bəzən Dədə Qorqud obrazına girib məsləhət verərədi, bəzən də özünü müstəntiq kimi aparıb sorğu-sual edərdi. Bilirdim ki, bunu "yuxarılar"ın əmri ilə edir. Əsgər gəldiyim gündən müharibəyə qədər Ramazan və yanındakıların işi məni nəzarətdə saxlamaq idi….. 

Ramazan Orucov məni görən kimi yanına çağırdı, söhbətimiz əsnasında əlindəki dəftəri mənə göstərdi. Üstü qırmızı rəngdə olan dəftərin içində hərbi hissəmizdən şəhid olan şəxslərin adları var idi. Dəftəri əlindən alıb təlaşla siyahını oxumağa başladım. Hər oxuduqca düşünürdüm görən bizim tabor və bölükdən şəhid çoxdurmu?.. 

Ramazan Orucov mən dəftəri oxuduqca o da hərbi hissənin zərər görməsindən danışırdı. Həqiqətən hərbi hissə minamyot atəşindən pis durumda idi…. 

Ramazan Orucovdan ayrıldım, tibb xidmətinə getdim. Qapının qarşısında o zaman bizim tibb xidmət rəsimiz olan baş leytenant Möhsün İsmayılovla qarşılaşdım. 

Xəstəxanadan çıxış sənədimə baxdı. O baxdıqca hərbi hissənin İdarə heyətindən bir neçə nəfər yaxınlaşdı ona... Həmin gün bir neçə saatlıq atəşkəs olmuşdu. O müzakirə olunurdu. 

Bəziləri müharibə nə zaman bitəcək düşüncəsində idi, bəziləri "necə tibb xidmətində qalım, döyüş meydanına getməyim?" düşüncəsində, bəziləri də "hansı formada döyüşən şəxslərin yanına gedə bilərəm?" düşüncəsində… 

Onda diqqət etdim ki, hərbi hissədə yüksək səslə bağıranlar müharibə zamanı nədənsə səsləri batmışdı, amma hər zaman hərbi hissə rəhbərliyi tərəfindən intizamsız əsgər kimi görünənlər müharibə vaxtı öndə gedirdi… 

Möhsün həkim dedi ki, sən Ağcabədinin Muğanlı kəndinə gedəcəksən… O zaman bizim bölükdən leytenant Cövdət Əliyevi gördüm. Dedi ki, biz cəmləşməyə gedirik. "Gedirsənsə, gəl" deyib sürətlə addımladı… Möhsün həkimə dedim ki, doktor mən leytenat Əliyevlə gedə bilərəmmi? Dedi, yox! Sən Muğanlı kəndinə gedəcəksən..Mən də bilmirəm Muğanlıya niyə gedirəm?..  
Artıq Muğanlıya gedəcəyimi görüb leytenant Əliyevın arxasınca qaçdım..Bakıdan gələndə yolboyu vətəndaşlar şirniyyatlar, ləpələr vermişdi. Dedim, cənab leytenant, bunu götürün, cəmləşmədəki əsgərlərə verərsiniz. 

Muğanlıya getdim. Orta məktəb xəstəxana edilmişdi. Möhsün həkim məntəqə rəisinə dedi ki, əsgər İzzətli əməliyyatdan təzə çıxıb, döyüşə gedə bilməz, məntəqədə qalacaq. Bildirdi ki, hərbi hissə komandiri məzuniyyət versə, evə gedəcək. Bildirdilər ki,  ambulator müalicəyə ehtiyacım var. 
Bunu eşidəndə Möhsün həkimə yaxınlaşdım ki, doktor, mənim müalicə olunmaq niyyətim olsaydı, Bakıda qalardım, mən Füzuliyə getmək istəyirəm! Bizim uşaqların çoxu yaralıdır. Əsgərlərimiz və leytenant Fuad Məmmədov təkdir orada. 
Çünki məlumat almışdım ki, bölüyümüzdn zabitlərdən yalnız leytenant Fuad Məmmədov, və kiçik çavuş Şaiq Nəsirov sağdır. Bir neçə əsgərə onlar rəhbərlik edir. Təbii ki, onları tək qoymaq istəmirdim və ora getməkdə israrlıydım. 
Möhsün həkim bildirdi ki, bu, onun səlahiyyətində deyil. Məktəbin arxasına keçəndə orada taborumuzdan bir neçə əsgəri gördüm. Görüşdüyüm hər əsgərin gözündə sanki mənə veriləcək sualı gördüm. Adını unutduğum qonşu bölüyün əsgəri yaxınlaşdı ki, bəs deyirlər siz şəhid olmusunuz? Bunu deyəndən sonra məni qucaqlayıb ağladı. 

Bir neçə gün Muğanlıda qaldım. Bölüyümzdən əsgərlər Sənan Rüstəmov, Babək Məmmədovu gördüm. Axşamı dədləşirdik, bizi göndərmirdilər, əmr gözləyirdilər, qərara aldıq ki, biz özümüz buradan qaçaq gedək döyüşə. Sabahı gün Babək, Sənan, mən və qonşu bölükdən Həsrət adlı əsgərlə birlikdə Muğanlıdan qaçıb hərbi hissəmizin cəmləşdiyi yerə getdik. Muğanlıdan xəstəxananı tərk edəndə çoxlu bint, yod, ağrıkəsici iynələr götürdüm ki, döyüş meydanında yaralı dostlarıma ilkin tibbi yardım edim.  

Cəmləşməyə getdik. Bizim taborun bir hissəsi Füzulidə döyüşürdü. Bir hissəsi də səfərbərlikdən gələn çağırışçılarla bərabər ehtiyatda idi, döyüş əmri gözləyirdi.

Tabora rəhbərliyi qərargah rəisimiz mayor Aləm İsgəndərov edirdi. Tabor komandirimiz kapitan Rəşad Qasımov isə Füzulidə döyüşürdü.  
Mayor Aləm İsgəndərovun yanına getdik ki, bizi Füzuliyə göndərsin…

Davamı olacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo