Azər Qasımlı: "Hədə-qorxu gələn adamın uğurlarına sevinməzsiniz, yəqin ki"
Foto: sosial media
Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə sənədlərin tədqiqi mərhələsi davam edib.
İstintaq materialları oxunduqca müdafiə tərəfi A.Qasımlının günahsızlığını sübut etdiyini hesab etdiyi məqamları məhkəmənin diqqətinə çatdırıb.
İstintaqda dindirilmiş şahidlərdən biri deyib ki, A.Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifov siyasətçi üçün açdığı kriptovalyuta hesabının şifrəsini şahidə özü verib, bir neçə əməliyyatdan sonra isə hesabdakı pulu zərər edib.
Daha sonra Q.Yusifovun A.Qasımlıya göndərdiyi yazılı və səsli mesajların stenoqramları oxunub. Müdafiə tərəfi bildirib ki, bu mesajların heç birində hədə-qorxu əlaməti yoxdur.
Mesajların birində Q.Yusifovun A.Qasımlıya "onun uğurları haqda oxuduğu və buna sevindiyi" qeyd olunub. Siyasətçi buna işarə edərək bildirib ki, hədə-qorxu gəlmiş olsaydı, Q.Yusifov belə bir ifadə işlətməzdi.
A.Qasımlı həm də məhkəməyə bildirib ki, 2024-cü ildə borca görə Q.Yusifovu məhkəməyə verməzdən bir neçə gün əvvəl o, öz adına olan torpaq sahəsini anasının adına keçirib.
Bununla da, məhkəmədə sənədlərin tədqiqi mərhələsi başa çatıb. Növbəti proses yanvarın 14-də baş tutacaq.
Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.
Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.
“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, - o bildirib.
S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Q.Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Q.Yusifov bununla bağlı qəbz də imzalayıb.
Lakin sonradan Q.Yusifov ölkəni tərk edib və A.Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi A.Qasımlının xeyrinə qərar çıxarıb.
“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, - S.Qasımlı deyib.
Onun sözlərinə görə, 2024-cü ilin dekabrında Azər Qasımlının həbs edilməsi ilə bağlı tapşırıq alan hüquq-mühafizə orqanları işi yenidən açıblar.
Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.
Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb
İllustrasiya: Meydan TV