Foto: VOA
Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib.
A.Qasımlının həyat yoldaşı Samirə Qasımlının "Toplum TV"-yə bildirdiyinə görə, hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə bu dəfə şahid qismində çıxış edən şəxslər dindirilib.
Əvvəlcə zərərçəkən qismində çıxış edən, A.Qasımlının ona hədə-qorxu gəldiyini iddia edən Qurbanəli Yusifovun atası Vidadi Yusifov dindirilib.
"V.Yusifov hakimin suallarına cavabında A.Qasımlının ona və oğluna nəsə edəcəyi fikrini ehtimallar üzərinə qururdu. Ona dönə-dönə sual verildi ki, o, A.Qasımlının oğlunu təhdid etdiyini eşidibmi və ya görübmü. O isə deyirdi ki, o, evinin yandırılacağından qorxub və s. Halbuki, ittiham tərəfi iddia edir ki, A.Qasımlı Q.Yusifovu oğlunu oğurlamaqla və atasını öldürməklə hədələyib. Atası isə, ümumiyyətlə, bu sözləri işlətmədi. O dedi ki, A.Qasımlının hədə-qorxu gəldiyini oğlu ona deyib. Hətta bir yerdə dedi ki, məhkəmədə nə danışmalı olduğunu da oğlundan soruşub", - S.Qasımlı qeyd edib.
A.Qasımlı V.Yusifovdan məhkəmədə soruşub ki, o, iddia edilən hədə-qorxu haqqında nə vaxt xəbər tutub. O isə oğlunun A.Qasımlıya borc işi üzrə Mingəçevir Şəhər Məhkəməsində məhkəmə prosesi baş tutan vaxt, yəni 2024-cü ilin aprelində xəbər tutduğunu bildirib. A.Qasımlı məhkəməyə xatırladıb ki, V.Yusifov ibtidai istintaqda ifadəsində 2022-ci ilin oktyabrında "təhlükədən qorumaq üçün" gəlinini və nəvəsini Bakıdan Mingəçevirə köçürdüyünü deyib. Siyasətçi, bununla, V.Yusifovun yalanının üzə çıxdığını bildirib.
"Daha sonra hakim V.Yusifovun ibtidai istintaqda verdiyi ifadəsini oxudu və özü də V.Yusifova dedi ki, siz bu ifadədəki A.Qasımlının sizi öldürəcəyi ilə bağlı iddiaları burada deməmisiniz. V.Yusifov cavab verdi ki, "hə, ola bilər istintaqda belə şey demişəm". Bu zaman zalda gülüşmə qopdu", - S.Qasımlı bildirib.
Prosesdə daha sonra "zərərçəkən"in xalasıoğlu Ramazan Yusifzadə şahid kimi ifadə verib. O bildirib ki, 2023-cü ilin martında işlə bağlı Antalyaya gedib və orada Q.Yusifovla eyni mənzildə qalıb. Onun iddiasına görə, Q.Yusifov bir dəfə telefon zəngi qəbul edib və bu zəngdən sonra "əhvalı dəyişib". Lakin, onun dediyinə görə, "aralarında pərdə olduğundan", o, xalasıoğlundan zəngin nə barədə olduğunu soruşmayıb.
"Bu zaman prokuror R.Yusifzadəyə içində hazır cavablar olan yönləndirici suallar verməyə başladı. Vəkil Rövşanə Rəhimli buna etiraz etdi. Suallar o qədər açıq-aşkar yönləndirici idi ki, hakim etirazı qəbul etdi", - S.Qasımlı qeyd edib.
S.Qasımlının sözlərinə görə, prokurorun bütün cəhdlərinə baxmayaraq, R.Yusifzadə dönə-dönə dedi ki, onun hər hansı hədə-qorxudan xəbəri olmayıb, sadəcə xalasıoğlunun "kefinin pozulduğunu" müşahidə edib.
"Bu zaman prokuror onu açıq-aşkar təhdid etdi ki, əgər ibtidai istintaqda verdiyi ifadəni təkrar etməsə, onun barəsində vəsatət qaldıraraq cinayət məsuliyyətinə cəlb edəcək. Bu zaman R.Yusifzadə tutuldu. Vəkil buna etiraz etdi. Zaldan da biri səsləndi ki, "Avropada təhsil almış adamdan üzəduran düzəltməyin". Başqa biri isə şahidə səslənərək xatırlatdı ki, onun istintaqda verdiyi ifadədən imtina etmək hüququ var. Buna baxmayaraq, şahid R.Yusifzadə yalnız prokurorun təhdidindən sonra dedi ki, xalasıoğlu A.Qasımlının ona hədə-qorxu gəldiyini deyib", - S.Qasımlı bildirib.
Daha sonra A.Qasımlı şahidə sual verib. O soruşub ki, niyə R.Yusifzadə ibtidai istintaqda ifadəsində iddia edilən telefon zənginin İstanbulda, məhkəmədə isə Antalyada baş verdiyini deyib. A.Qasımlı həm də xatırladıb ki, Q.Yusifov özü isə ifadəsində telefon zəngini Bakıda qəbul etdiyini deyib.
R.Yusifzadə isə cavabında məhkəmədə verdiyi ifadənin üstündə durduğunu, İstanbulda heç vaxt olmadığını, istintaqdakı ifadənin "texniki səhv" ola biləcəyini deyib.
Növbəti məhkəmə prosesi noyabrın 12-i saat 17.00-ə təyin olunub.
Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.
Siyasətçi ittihamı rədd edir, ictimai-siyasi fəaliyyətinə görə həbs olunduğunu deyir.
Samirə Qasımlı daha öncə "Toplum TV"-yə deyib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcunu qaytarması üçün hədə-qorxu gəlinməyib.
"2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki "bitcoin" almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, "bitcoin"lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir "bitcoin" də yoxa çıxdı", - o qeyd edib.
S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb.
Lakin, sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib.
"Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər", - S.Qasımlı bildirib.
Onun dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
"Meydan TV işi": Ramin Deko barəsində həbs qərarı vermiş sabiq hakimin ona vəkillik etməsini istəyib
Foto: Meydan TV
Foto: sosial media
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb