Məhkəmə

İmişlidə məktəblilərin öldüyü qəzaya görə yeniyetməyə 7 il yarım həbs verilib

28 Noyabr, 2025
417

Foto: sosial media

Bu ilin yanvarında İmişlidə kütləvi etirazla nəticələnən, yol polisi avtomobilinin üç məktəblinin ölümünə səbəb olduğu qəza ilə bağlı 17 yaşlı Bəylər Bayramlıya hökm oxunub. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə yeniyetməyə 7 il 6 ay həbs cəzası verilib. 

İstintaqın nəticələrinə görə, B.Bayramlı 2025-ci il yanvarın 18-də dayısına məxsus "Mercedes Benz 190" markalı avtomobili sürücülük vəsiqəsi olmadan İmişli şəhərində idarə edib. Bu zaman onun "Əlillərin binası" adlanan ərazidə sola dönərkən qarşı tərəfdən gələn, yol polisinə məxsus "BMW" avtomobilinə yol vermədiyi iddia olunur. 

"O, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb. Lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, cinayətkarcasına özünə güvənərək hərəkətini davam etdirib", - ittiham aktında yazılıb. 

B.Bayramlı isə ifadəsində deyib ki, sola dönmə edərkən yol polisi çox uzaqda olub və buna görə rahat dönə biləcəyini düşünüb. O əlavə edib ki, yol polisi yalnız ona çatmağa az qalmış səs siqnalını işə salıb və əyləcdən istifadə etməyib.

B.Bayramlı qanunsuz avtomobil idarə etdiyinə görə peşman olduğunu desə də, hadisə yerindən qaçması barədə ittihamı qəbul etməyib. 

Cinayət işində qeyd olunur ki, hadisə anında yol polisi avtomobilinin sürəti saatda 159 km olub. "Mercedes"lə toqquşmadan yayınmaq istəyən yol polisi yoldan çıxıb və səkidə hərəkət edən iki məktəbli – 6-cı sinif şagirdi Zümrüd Mirəliyeva və 4-cü sinif şagirdi Ayan Məmmədovanın hadisə yerində ölümünə səbəb olub. Ayanın sinif yoldaşı olan Məhbubə Əlizadə Bakıya çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.

B.Bayramlının sözlərinə görə, o, hadisədən sonra avtomobildən düşüb və yol polisinin sükan arxasında huşsuz vəziyyətdə, məktəblilərin isə yerdə qaldığını görüb qorxub. Yeniyetmə dayısına zəng edib və dayısı ona polis idarəsinə gedib təslim olmağı tapşırıb. 

Ölən uşaqların ailə üzvləri isə B.Bayramlıdan şikayətçi olmayıb. Onlar məhkəmədə iştirak edərkən ifadələrində belə deyiblər. 

Hadisədə iştirak edən polis əməkdaşı da məhkəmədə şahid kimi dindirilib. O iddia edib ki, həmin vaxt saatda 60-70 km sürətlə hərəkət edib, həm sayrışan işıqları, həm də səs siqnallarını işə salıb. 

Bu ilin yanvarında İmişlidə baş verən həmin qəzadan sonra hadisə yerində etirazlar olub, polisin avtomobili aşırılıb, "istefa" şüarları səsləndirilib. 

Bu ilin iyulunda etirazlara görə saxlanılan 19 şəxsə xuliqanlıq ittihamı ilə müxtəlif cəzalar kəsilib. Təqsirli bilinənlərdən səkkiz nəfərə 1 ildən 4 ilə qədər həbs cəzası, digərlərinə isə şərti cəzalar verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo