Məhkəmə

“Abzas Media işi”: ‘Azərbaycanda məhkəmələr İlham Əliyevin hakimiyyətini qorumağa xidmət edir’

3 Aprel, 2026
116

Abzas Media

Ali Məhkəmə “Abzas Media işi” üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini təmin etməyib.

“Abzas Media”-nın xəbərinə görə, aprelin 3-də hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən son məhkəmə iclasında iş üzrə təqsirləndirilən digər şəxslər - jurnalistlər Hafiz Babalı, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın da kassasiya şikayətlərinə baxılıb.

Nəşrin qadın jurnalistləri prosesdə iştirak etmədiklərinə görə onları vəkilləri təmsil edib.

Araşdırmaçı jurnalist Hafiz Babalının vəkili Rəsul Cəfərov məhkəmə iclasında iştirak edə bilmədiyindən, onun yazılı müraciəti məhkəməyə təqdim olunub.

Ərizədə vəkil kassasiya şikayətinin təmin edilməsini və cinayət işinə xitam verilməsini məhkəmə heyətindən xahiş edib.

Daha sonra Hafiz Babalı çıxış edərək vəkilinin mövqeyi ilə razılaşdığını bildirib və barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Jurnalist əlavə edib ki, onun həbsinə qərar verən şəxslərin də cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Hafiz Babalı eyni zamanda bildirib ki, aylardır pensiyasını ala bilmir:

“28 aydır həbsdəyəm və bu müddətdə pensiyamı ala bilməmişəm. Mənim səhhətimdə ciddi problemlər var. Pensiyam müalicəmə xərclənirdi, amma indi bundan məhrum qalmışam”.

Babalı bildirib ki, cinayət işi çərçivəsində digər bank hesabları ilə birlikdə pensiyasını aldığı bank kartı da bloklanıb.

Daha sonra jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamovanın adından vəkil Günay İsmayılova çıxış edib. 

G.İsmayılovanın sözlərinə görə, Elnarə Qasımova “Abzas Media” ilə 2023-cü ilin oktyabrında könüllü əsaslarla bir neçə ay əməkdaşlıq edib:

“Elnarənin mütəşəkkil dəstə üzvü olduğunu sübut edən heç bir fakt yoxdur. O, sadəcə fotoqraf olduğuna görə dəstə üzvü elan edilib. İstintaqda cəmi bir dəfə ölkəni tərk etdiyi qeyd olunub, onda da şəxsi məsələ ilə bağlı olub. Elnarə heç vaxt iş üzrə təqsirləndirilən şəxslərlə ölkə xaricində olmayıb, amma nədənsə dəstə üzvü elan edilib”.

Vəkil Nərgiz Absalamovanın da video reportyor olduğuna görə bu işə mütəşəkkil dəstə üzvü kimi cəlb edildiyini vurğulayıb:

“Nərgizi sənədlərin saxtalaşdırılmasına ittiham edirlər, amma bununla bağlı heç bir sübut yoxdur. Ortada yalnız hansısa sənədlərin surətləri var, onların da mötəbərliyi sual altındadır”.

Günay İsmayılova hər iki müvəkkilinin iş üzrə təqsirləndirilən digər şəxs Məhəmməd Kekalovun ifadəsi əsasında saxlanıldığını, lakin sonuncunun məhkəmə istintaqı zamanı əvvəlki ifadələrindən imtina etdiyini məhkəmə heyətinin diqqətinə çatdırıb.

Daha sonra vəkil Bəhruz Bayramov söz alaraq bildirib ki, bundan əvvəlki instansiyalarda bütün sübutlara baxmayaraq məhkəmələr ədalətsiz qərar çıxarıb. O, Ali Məhkəmədən də fərqli qərar gözləmədiyini deyib.

Ardınca Bəhruz Bayramov növbə ilə jurnalistlər Sevinc Vaqifqızı və Elnarə Qasımovanın son sözlərini məhkəmə heyəti və iştirakçılar üçün oxuyub.

Sevinc Vaqifqızının son sözündə deyilib:

“Bu işin Ali Məhkəməyə gəlib çıxmağına səbəb əvvəlki iki instansiyada haqqımızda sifarişli hökm çıxarılmağıdır. Sifarişi verən də ailəsinin korrupsiyaya bulaşdığını göstərdiyimiz İlham Əliyevdir. Bilirik ki, onun bizi qanunsuz həbsdə saxlamaqla bağlı sifarişi sizə də gəlib. 

İndi şikayətim Əliyevdən Əliyevədir. Cənab Əliyev, məhkəmələrə qanunsuz tapşırıqlar verməyi dayandırın. İmkan verin, hakimlər baxdıqları işlərlə bağlı müstəqil qərar versinlər".

Elnarə Qasımovanın isə son sözündə bunlar yazılıb:

“Həbsimiz boyunca iştirak etdiyimiz məhkəmələrin adları, ünvanları, binaları, oradakı hakimlər bir-birindən fərqli ola bilər. Amma həmin məhkəmələrdə bizimlə bağlı verilən qərarlar tək adama məxsusdur. Azərbaycanda məhkəmələr insanların ədalətli mühakiməsi üçün deyil, İlham Əliyevin hakimiyyətini qorumağa, söz azadlığına olan qəzəbini soyutmağa xidmət edir.

Azərbaycan məhkəmələri bizim işimiz üzərindən öz məhkəməsini qurur. Göstərir ki, ədalətli mühakimədən nə qədər uzaqdır. Göstərir ki, Prezident Administrasiyasının qərarlarından nə qədər asılıdır. Göstərir ki, insanları uzun müddət həbsə göndərmək onlar üçün nə qədər asandır.

İbtidai istintaqı bir il aparılan, sonrakı məhkəmələri toplam səkkiz ay çəkən işimizdə, demək olar, heç bir vəsatətimiz təmin olunmadı. O vəsatətlərimiz təmin olundu ki, bu, ancaq vizuallığa xidmət edirdi. Məsələn, Bakı Ağır Cinayətlər Məhkəməsindəki proseslərdə vəkillərin yanında əyləşmək. Məhkəmə salonunda hər şey səliqəli görünürdü. Hər kəs yerli-yerində, vəkillərin mantiyası əynində, müdafiə etdikləri şəxslər yanında... Amma bir şey əskik idi: ədalətli araşdırma...

Biz məhkəmələrdə çıxış edərkən prokurordan “klounluq eləmə”, hakimdən “artistlik edirsiniz” sözlərini eşitmişik. Prosesi yarımçıq tərk etdiklərini görmüşük. Hətta görüntü üçün olsa da, hakimlər bizim işimizdə özlərini peşə etikalarına uyğun aparmadılar. Bu sözləri və davranışları ilə tərəfsiz olmadıqlarını göstərdilər. İndi də məhkəməmizin keçirildiyi salon səliqəli və təmiz görünür. Amma yekunda yenə görəcəyik ki, hakim heyəti ədalət qarşısında toz-torpaq içindədir”.

Daha sonra dövlət ittihamçısı Rəşad Məmmədli çıxış edərək təqsirləndirilən şəxslərin kassasiya şikayətlərinin təmin olunmamasını xahiş edib.

Ardınca məhkəmə müşavirəyə gedib və qərarı elan edərək əvvəlki hökmün qüvvədə saxlanıldığını açıqlayıb.

2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər.

Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azər Qasımlını ittiham edən şəxs indi də həyat yoldaşını şikayət edib 

17 Aprel 2026

Foto: Meydan TV

Həbsdə olan müxalif siyasətçi Azər Qasımlını hədə-qorxuda ittiham etmiş Qurbanəli Yusifov indi də onun həyat yoldaşı Samirə Qasımlıya qarşı iddia qaldırıb.  S.Qasımlının "Toplum TV"-yə verdiyi məlumata görə, Q.Yusifov onu Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin (böhtan) pozulmasında ittiham edərək Binəqədi Rayon Məhkəməsinə şikayət edib.  Şikayətin qeydiyyata alınması haqda məlumat elektron məhkəmə sistemindən S.Qasımlıya göndərilib.  A.Qasımlı martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il həbs cəzası alıb.  A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib.  O, ittihamı rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirirdi.  Cinayət işində iddia olunur ki, A.Qasımlı...
Məhkəmə

Namizəd Səfərovun həbs müddəti uzadılıb 

14 Aprel 2026

Açıq mənbə

Həbsdə olan hüquq müdafiəçisi, Azərbaycan Xalq Parlamentinin həmsədri Namizəd Səfərovun barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılıb.  APA-nın xəbərinə görə, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi keçirilən prosesdə N.Səfərovun həbs müddətinin daha 3 ay uzadılmasına qərar verilib.  N.Səfərov ötən ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilir.  İddiaya görə, N.Səfərov bir şəxsdən 53 min manat məbləğində pul vəsaiti alaraq onu vəzifəyə düzəltməyə söz verib.  Azərbaycan Xalq Parlamenti N.Səfərova qarşı cinayət işini "əsassız, siyasi motivli və cəmiyyətdə siyasi vahimə xofu yaratmaq məqsədilə keçirilən siyasi akt" kimi qiymətləndirib.  N.Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb....

Seçilmiş Videolar

Toplum TV loqo