Akif Qurbanov: “Xaricdəki qohumlarıma baş çəkmişəm, sübut kimi cinayət işinə qatıblar”
Toplum TV
Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanıb.
Bu dəfə də təqsirləndirilən şəxslər hakim heyətinin tərkibinə etiraz ediblər. Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov bunu məhkəmənin ədalətli keçirilməməsi və vəsatətlərin heç birinin təmin edilməməsi ilə izah edib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
A.Qurbanov daha sonra xarici ölkələrə etdiyi səfərlərin sənədlər siyahısına ittihamların sübutu kimi salınmasına etiraz edib.
"Əslən Gürcüstandanam, bu ölkədəki qohumlarıma baş çəkməyə getmişəm. ABŞ-yə, Almaniyaya, başqa ölkələrə də dəvət əsasında səfərə getmişəm. Bu səfərlərin tarixlərini cinayət işinə köçürüblər, guya bununla da qaçaqmalçılığı sübut ediblər. Ayıbdır, bu qədər də olmaz. Bizim xarici səfərlərimiz niyə ittihama salınmalıdır?", - o sual edib.
Digər təqsirləndirilən şəxslər də bu etiraza qoşulublar. “Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli deyib ki, cinayət işinə daxil edilən elə səfərlər var ki, orada Azərbaycandan olan dövlət rəsmiləri ilə birlikdə iştirak edib.
Təqsirləndirilən şəxslərdən "Toplum TV" redaktoru Müşfiq Cabbar həbsindən əvvəl xaricdən avtomobil sifariş etdiyini, lakin həbs olunduğuna görə avtomobili Azərbaycan gömrüyündən keçirə bilmədiyini deyib. Onun sözlərinə görə, rəsmi quruma göndərdiyi sorğuya baxmayaraq, avtomobilin aqibəti bəlli deyil.
A.Tağıyev məhkəmənin də bu barədə sorğu göndərəcəyini bildirib.
Ötən prosesdə "Toplum TV" əməkdaşı, hazırda həbsdə olan Fərid İsmayılov da hakim A.Tağıyevin prosesdən kənarlaşdırılması haqqında vəsatət vermişdi. Məhkəmə vəsatəti təmin etməmişdi.
F.İsmayılov həmçinin şahidlərin ibtidai istintaqda təhdid, zorakılıq və hədə-qorxulara məruz qaldıqlarını dediklərini xatırldıb və bildirib ki, bu iddialarla bağlı tədbir görülməyib.
“Cinayət işi adlanan bu kağız yığınında onlarla qanun pozuntusu var. Hansısa hüquqi addım atıldımı? Yox
Niyə məhkəmə görüntüsü yaradırıq? Deputat Kamal Cəfərov parlamentdə çıxış edərək məhkəmə müstəqilliyinə hörmətin vacibliyini vurğulayır. Mən isə burada müstəqillikdən çox müstəmləkəçilik görürəm. Nə vaxta qədər belə davam edəcək? Ümumiyyətlə, bu ölkədə hüquqa nə vaxt hörmət olacaq. Demirsiniz cinyət törətmişəm? “Törətdiyim” cinayəti göstərin. Camaat da görsün ki, bu prosesdəəsl cinayətkarlar kimlərdir” - deyə jurnalist qeyd edib.
F.İsmayılov xatırladıb ki, “hüququn qorunmadığı, qanunun işləmədiyi” məhkəməyə hörmət istəyirsiniz.
““Məhkəmələr millətin vicdanıdır” deyirlər. Bu prosesdə millətin vicdanı neçə dəfə təhqir olunub? - Saysız-hesabsız. Burada nəyi görürük? Saxta məhkəmə, saxta cinayət işi, saxta ittihamlar. Şəhər doludu “Şaxta Babalarla”. Çağırın onlardan biri bu prosesi aparsın. Bu məhkəmədə ədaləti ancaq “Şaxta Baba” araşdıra bilər. Sizlər yox”, - jurnalist çıxışını bitirib.
Proses yanvarın 12-də davam edəcək.
"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb
İllustrasiya: Meydan TV