"Toplum TV işi": Bu dəfə Hikmət Hacıyevin şahid kimi çağırılması tələb olundu
Foto: Toplum TV
Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsinə başlanıb.
Prosesdə "Toplum TV"-nin jurnalistlər üçün təlimlərində iştirak etmiş və digər şəxslər şahid kimi dindirilib. Onlara ibtidai istintaq dövründə verdikləri ifadələr barədə suallar verilib.
Şahidlərin bir neçəsi istintaqa verdikləri ifadələrin təzyiqlə alındığını bildirib və həmin ifadələrdən imtina edib.
Dindirilmə zamanı təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov hakimin şahidlərin çıxışına müdaxilə etdiyini, onların ifadələrinə təsir etməyə çalışdığını deyərək etiraz edib.
Şahidlərdən biri istintaqda dindirilməsi zamanı telefon şifrəsinin ondan təzyiq altında alındığını bildirib. Buna görə də müdafiə tərəfinin vəkili Zibeydə Sadıqova hakimə şahidin telefonundan əldə edilən məzmunlar haqda sual verilməsinin düzgün olmadığını deyib.
Şahidlərdən birinin dindirilməsi zamanı təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal müdaxilə edərək şahidin təqsirləndirilənlərdən heç kimi tanımadığını, onun əvəzinə prezidentin köməkçisi Hikmət Hacıyevin məhkəməyə çağırılmalı olduğunu deyib. Hakim səbəbini soruşduqda isə digər təqsirləndirilən şəxs, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli xatırladıb ki, H.Hacıyev COP29 tədbirində açıqlamasında "Toplum TV" əməkdaşları da daxil olmaqla həbs edilən jurnalistlərin qaçaqmalçılıq törədərək Azərbaycan qanunlarını pozduğunu iddia edib.
Ə.Zeynal və R.İzzətli bildirib ki, prezidentin köməkçisində belə faktlar varsa, o, məhkəməyə çağırılıb dindirilməlidir.
Ötən prodeslərin birində də Əli Zeynal Hikmət Hacıyevin yeni səbəbdən ifadə verməsini istəmişdi.
Növbəti məhkəmə prosesi noyabrın 3-ə təyin olunub. Proses şahidlərin dindirilməsilə davam edəcək.
"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Meydan TV
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib
Fərid İsmayılov hakimə: “Cinayət işi materiallarını oxusaydınız, kağızları müstəntiqlərin başına çırpardınız”