Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May, 2026
139

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib. 

Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər. 

Məhkəmə vəsatəti təmin edib. 

Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycanda həbsdə olan jurnalistləri təbrik edib. 

"Azərbaycan hakimiyyəti nə qədər çalışsa da, ölkədə vicdanlı jurnalistlərin axırına çıxa bilməyib. Həmin jurnalistlərin əksəriyyəti həbsdədir. Mən onların qarşısında “kepka”mı çıxarıram. Bütün vicdanlı jurnalistlərin bayramını təbrik edirəm. Ümumiyyətlə, dünyada həbsdə olan jurnalistlərin 10 faizi Azərbaycanın payına düşür", - o qeyd edib. 

Hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycanda siyasilər "ağlar" və "qaralar" olmaqla iki yerə bölünür. 

"Mən "siyasi qara" olduğum üçün 11 ildir həbslərə, işgəncələrə məruz qalıram. Çünki Azərbaycan hakimiyyəti hüquqa zidd, qeyri-demokratik bir hakimiyyətdir. Mən mazoxist deyiləm. Amma fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm", – R.Səfərov bildirib.

Növbəti məhkəmə prosesi mayın 18-ə təyin olunub. 

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında iddia olunur ki, R.Səfərov N.İmanquliyevə torpaq satmaq adı ilə ondan 60 min manat pul alıb, lakin sonradan torpağı satmayıb, buna görə də N.İmanquliyev R.Səfərovun yaşadığı mənzilin qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib. 

R.Səfərov ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov 2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il müddətinə həbs edilsə də, 2019-cu ildə əfv edilərək azadlığa çıxmışdı. O, "Müdafiə Xətti" insan hüquqları təşkilatının rəhbəri kimi fəaliyyət göstərirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib

12 İyun 2026

açıq mənbə

İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.  Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərova hökm oxunub. Hökmə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 9 il azadlıqdan məhrum etməsini tələb etmişdi. Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. İttiham aktında iddia olunur ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsə torpaq satmaq adı ilə ondan 60 min manat pul...
Məhkəmə

Məmməd Alpay: "USAID-dən dövlət qurumları milyonlarla dollar alıb, amma bu iş üzrə biz həbs olunmuşuq"

12 İyun 2026

Sosial media

İyunun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Alpayın (Məmmədzadə) cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. “Azadlıq Radiosu“ yazır k, iclasda ifadə verən M.Alpay bildirib ki, o və bir sıra vətəndaş cəmiyyəti fəalları əvvəlcə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı başlanmış cinayət işi çərçivəsində həbs olunublar. Onun sözlərinə görə, sonradan işin istiqaməti dəyişdirilib və fərqli ittihamlar irəli sürülüb. Artıq 1 il 3 aydır həbsdə olan M.Alpay mənimsəmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergidən yayınma ittihamları ilə mühakimə olunur. İstintaq orqanı onun aldığı qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmədiyini iddia edir....

Seçilmiş Videolar

Toplum TV loqo