Sevinc Vaqifqızının yaxınları zorakılıq izi görüblər: “Üç qızın üçünə də xəsarət yetirilib”
Abzas Medianın Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistləri Sevinc Vaqifqızı (Abbasova), Nərgiz Absalamova, Elnarə Qasımova zorakılığa məruz qalıblar.
Bu barədə Abzas Media jurnalistlərin yaxınlarına istinada məlumat yayıb.
Noyabrın 16-da S.Vaqifqızı ilə görüşə gedən ailə üzvləri isə Meydan TV-yə onun qolunda zorakılıq izləri gördüklərini bildiriblər:
“Biləyinin iç tərəfi yumurta boyda göyərib. Həmin əlinin baş barmağının iç damarı partlayıb və orta barmağı da partlayıb. Göy zədə Nərgizin də əlində var. Onun da ələ yaxın hissəsində təxminən yumurta boyda göyərmə var. Həmin zədə Elnarədə də var. Deməli, üç qızın üçünə də xəsarət yetirilib”.
Sevinc Vaqifqızı ailəsinə deyib ki, noyabrın 15-də Nərgiz Absalamova öz kamerasının nəfəsliyi önündə dayanıb. Bu zaman Şəhla adlı nəzarətçi ona yaxınlaşaraq hərəkətinin qanunsuz olduğunu, yerində oturmalı olduğunu söyləyib:
“Nərgiz də ona deyib ki, mən öz kameramın qapısı ağzında dayanmışam, burada qanunsuz nə var? Bu zaman Şəhla adlı nəzarətçi Nərgizi təhqir edib, ona “həyasız, ləçər” deyib. Aralarında mübahisə yaranıb və səs-küy digər kameralardan da eşidilib. Sevinc də səsi eşidib, etiraz edib. Bu zaman gəlib kişili-qadınlı, bütün kameraların nəfəsliyini bağlayıblar, deyiblər ki, Elnur müəllimin göstərişidir”.
Sevinc Vaqifqızının dediyinə görə, kamera yoldaşlarından biri epilepsiya xəstəsidir, nəfəslik bağlandıqdan sonra həmin qadının vəziyyəti pisləşib. Bu zaman jurnalist “nəfəsliyi açın” deyə qışqırmağa və qapını döyməyə başlayıb və başqa kameradakı dustaqlar da ona qoşulublar.
“Bu vaxt Əzizə adlı nəzarətçi nəfəsliyi açıb “nə olub” deyib. Həmin an Sevinc əlini nəfəsliyin arasına salıb ki, təkrar bağlamasın. Nəzarətçi qəsdən nəfəsliyi bağlayaraq Sevincin əlini arakəsmədə sıxıb. Sevinc də deyib ki, içəridə havasızlıqdan ölən var, burada qanımı töksəniz də əlimi çəkməyəcəm. Digər kameraların qapılarını döyməyə başlayıblar. Ədalət adlı nəzarətçi gəlib və deyib ki, rəisin əmridir. Sevinc də ona deyib ki, sən yox, rəisin bura gəlsin, otursun bizim otaqda, nəfəsliyi də bağlayın görək o, dayana bilir, yoxsa yox. Oturduğu rahat kabinetdən məhbusların həyatı ilə bağlı yaxşı əmr verə bilir”, – Sevinc Vaqifqızı yaxınlarına danışıb. O, səs-küy dayanmadığından bütün nəfəsliklərin açıldığını da bildirib.
Sevinc Vaqifqızının sözlərinə görə, Elnarə Qasımova onların kamerasına yaxınlaşarkən Aynurə Heydərova adlı nəzarətçi ona hücum edib. Bundan başqa Nərgiz Absalamova da Sevincin dayandığı qapının nəfəsliyinə yaxınlaşmaq istərkən təzyiqə məruz qalıb, çiynindən vurub itələyiblər.
Jurnalistin yaxınlarına söylədiyinə görə, Aynurə Heydərovanın hücumunu Elnarə Qasımovanın əleyhinə istifadə etməyə, ona qarşı cinayət işi açılmasına çalışırlar.
“Vahid adlı nəzarətçi məhbuslara əmr edir ki, Elnarənin onlara təzyiq etməsinə dair ərizə yazsınlar. Guya siz görmüsüz ki, Elnarə nəzarətçiyə təzyiq edib… Vahid adlı nəzarətçi qadınların gözünü qorxutmaq üçün dubinka ilə gəzir”, – Sevinc Vaqifqızı deyib.
Yaxınlarının sözlərinə görə, baş verənlər ictimailəşməsin deyə Sevinc Vaqifqızı ilə görüşə mane olmağa çalışıblar, onları saatlarla təcridxananın görüş yerində gözlədiblər. Jurnalistin anası Ofelya Məhərrəmovanın etirazından, rəis Elnur İsmayılovun ünvanına çağırışlarından sonra görüşə imkan verilib.
Vəkil Aqil Layıc noyabrın 15-də 1 saylı Bakı İstintaq Təcridxanasında Sevinc Vaqifqızı ilə görüşmək istəsə də, təcridxana rəhbərliyinin icazə vermədiyi bildirlir. Bunu kamerada sayım getməsilə əlaqələndirsələr də, S.Vaqifqızı hesab edir ki, vəkili xəsarətləri görməsin deyə onunla görüşə icazə verilmir.
Penitensiar Xidmət hələlik deyilənlərə münasibət bildirməyib.
Həbsdəki hər üç jurnalist Ombudsmanın və vəkillərinin təcili olaraq Bakı İstintaq Təcridxanasına getmələrini tələb ediblər.
Bundan əvvəl Abzas Medianın direktoru Ülvi Həsənli təcridxanada ölümlə hədələndiyi və zorakılığa məruz qaldığı haqda ictimaiyyətə məlumat vermiş və məhkəməyə müraciət etmişdi. Amma belindən xəsarət aldığı deyilən jurnalistin şikayətlərini yerli məhkəmələr rədd edib.
Korrupsiya araşdırmaları hazırlayan Abzas Medianın 5 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı və Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə həbs edilib. Onlar qaçaqmalçılıqda ittiham olunublar.
Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Azadlıq.org
azadliq.org
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?