Siyasət

Elbəyi Kərimlinin ölümü: “Dövlət məhkumun həyatına görə birbaşa məsuliyyət daşıyır”

16 Dekabr, 2025
647

Foto: sosial media

Dekabrın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Elbəyi Kərimlinin intihar nəticəsində vəfat etməsi xəbəri yayıldı. 

Partiyadan verilən məlumatda bildirilirdi ki, saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsindən fəalın intihar etdiyi deyilib.

Xətai Rayon Prokurorluğu isə mətbuata faktla bağlı araşdırmanın getdiyini deyib, təfərrüatları açıqlamayıb. 

E.Kərimli 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra həbs olunub. 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona narkotik ittihamı ilə 6 il həbs cəzası verib. 

Bu ilin yayında onun cərimə kamerasına (“kars”) salındığı və azadlığa buraxılması üçün aclıq etdiyi xəbəri yayılıb. 

AXCP-dən “Toplum TV”-yə bildirilib ki, E.Kərimli azadlığa çıxmaq istəyirmiş, lakin əfv ərizəsi yazmaqdan imtina edib, həbsxanada isə ona ərizə yazmaq üçün təzyiqlər edilib. 

İntihar xəbəri siyasi icmada müzakirələrə səbəb olub. Bir sıra müxaliflər E.Kərimlinin öldürüldüyünü iddia ediblər. 

Vaxtilə həbsdə olmuş jurnalist Əfqan Muxtarlı və bloger Mehman Hüseynov 2017-ci ildə həbsdə olan bloger, siyasi məhbus kimi tanınan Mehman Qələndərovun ölümünü xatırladıblar. 

M.Qələndərovun ölümü rəsmi olaraq intihar kimi təqdim olunmuşdu və Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdı. Bir il sonra isə heç kim məsuliyyətə cəlb olunmadan işə xitam verilmişdi. 

Yaxınları və hüquq müdafiəçiləri isə blogerin işgəncələr nəticəsində öldüyünü iddia edirdi.

Onun cəsədi də ailə üzvlərinə təhvil verilmədən, gizli şəkildə basdırılmışdı. 

“Mehmanın ölümündən sonra biz İctimai Komitə yaratdıq və cəsədin eksqumasiyası üçün Baş Prokurorluğa və Penitensiar Xidmətə müraciət etdik. Bizdə olan məlumata görə, M.Qələndərovun cəsədində işgəncə izləri olub. Biz hadisə yerinə - kameraya birgə baxış keçirilməsini təklif etdik, çünki əminik ki, istintaq təcridxanalarında özünü asmaq mümkün deyil. Ancaq təkliflərimizin heç biri qəbul edilmədi”, - hüquq müdafiəçisi Oqtay Gülalıyev həmin vaxt demişdi. 

Yaxın keçmişdə baş vermiş bu kimi hallar müşahidəçilər arasında E.Kərimlinin də intihar etməsinə şübhələr yaradıb. 

“Xəzər Rayon Prokurorluğu siyasi məhbus Elbəyi Kərimlini intihar həddinə çatdıranları tapıb cəzalandırmalıdır. Bunun baş verməməsi o demək olacaq ki, onun həyatına özü yox, başqaları qəsd eləyib”, - siyasi şərhçi Alya Yaqublu “Facebook” səhifəsində yazıb.

Vəkil Fariz Namazlı isə öz səhifəsində xatırladıb ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində ölən və ya intihar edən məhkumların sayı ilə bağlı rəsmi statistika mövcud deyil. 

“Ölüm hallarının hansı şəraitdə baş verdiyi ilə bağlı effektiv araşdırmaların aparılmaması, eləcə də ailə üzvləri tərəfindən edilən şikayətlərin azlığı bu sahədə cəzasızlıq mühitini daha da dərinləşdirir. Nəticədə məhkum edilmiş şəxslərin hansı şəraitdə vəfat etməsi barədə ictimaiyyətə əsaslandırılmış məlumatlar təqdim edilmir. Halbuki, şəxsin məhkum edilməsi faktının özü dövlətin üzərinə xüsusi öhdəliklər qoyur. Dövlət məhkumun həyatına tam nəzarəti ələ aldıqdan sonra onun yaşamaq hüququnun qorunmasına görə birbaşa məsuliyyət daşıyır. Cəzaçəkmə müəssisəsində baş verən hər bir ölüm faktı üzrə dövlət ölümün səbəblərini izah etmək, şübhələri aradan qaldırmaq və baş verənləri hərtərəfli, müstəqil və effektiv şəkildə araşdırmaq vəzifəsi daşıyır”, - o qeyd edib. 

Vəkil əlavə edib ki, bu öhdəliklərin yerinə yetirilməməsi Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi olan yaşamaq hüququnun pozuntusu deməkdir. F.Namazlının xatırlatmasına görə, Avropa İnsan Hüquqları Məhkəməsi ötən il Qobustan həbsxanasında 2014-cü ildə yanaraq ölən bir məhkumun işi üzrə qəbul etdiyi qərarda bir daha vurğulayıb ki, saxlanılan şəxslər “son dərəcə həssas vəziyyətdədir və dövlət onların həyatını qorumaq üçün aktiv tədbirlər görməyə borcludur”. 

“Məhkəmə açıq şəkildə qeyd edib ki, saxlanma zamanı baş verən ölüm hallarında sübutetmə yükü dövlətin üzərinə düşür və dövlət “nə baş verdiyini bilməmək” mövqeyi ilə məsuliyyətdən yayınmaq hüququna malik deyil”, - o bildirib. 

Vəkil mətbuatda yayılan xəbərlərə istinadən qeyd edib ki, 2024-cü ilin ilk 6 ayı ərzində 48, təkcə bu ilin yanvar ayında isə 10 məhkumun ölüm faktı qeydə alınıb. 

“Lakin rəsmi statistikanın olmaması, ölüm hallarının sistemli şəkildə gizlədilməsi və ya pərakəndə məlumatlarla əvəzlənməsi bu rəqəmlərin arxasında duran real mənzərəni ört-basdır edir və dövlətin üzərinə düşən hesabatlılıq öhdəliyini faktiki olaraq aradan qaldırır. 

Həbsxanada ölən insanın səsi yalnız dövlətin öhdəlikləri və cəmiyyətin tələbkarlığı ilə eşidilə bilər, bu səs eşidilmədikdə isə susqunluq dövlətin məsuliyyətdən yayınma alətinə çevrilir”, - o vurğulayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...

Seçilmiş Videolar

Toplum TV loqo