Siyasət

Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"

20 İyul, 2025
1136

Foto: president.az

Azərbaycan prezidenti İlham Əliyev ötən ilin dekabrında AZAL təyyarəsinin Rusiya tərəfindən vurulduğunu və Azərbaycanın beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyini deyib. 

O, bunu iyulun 19-da Xankəndidə III Şuşa Qlobal Media Forumunda Rusiya-Azərbaycan münasibətləri ilə bağlı sualı cavablandırarkən deyib. 

Əliyev bildirib ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, Azərbaycan Rusiyadan heç bir cavab almayıb. 

O, həmin vaxt AzTV-yə müsahibəsində Rusiyanın hadisəyə görə üzr istəməsini, məsul şəxsləri cəzalandırmasını və qurbanların ailələrinə təzminat ödəməsini tələb etmişdi. 

"Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi", - Əliyev qeyd edib. 

Dövlət başçısı, həmçinin, Baş prokuror Kamran Əliyevin Rusiya İstintaq Komitəsinə "mütəmadi olaraq" məktub ünvanladığını, lakin bir qayda olaraq "hələ də araşdırma aparıldığı" cavabını aldıqlarını deyib. 

"Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq", - o əlavə edib. 

Əliyev mövzu ilə bağlı danışarkən ötən ayın sonunda Yekaterinburq şəhərində azərbaycanlıların ölümü və həbsləri ilə başlayan son gərginliyə isə münasibət bildirməyib. 

Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra başlayıb.

Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib. 

Azərbaycanın hökumətyönlü media orqanları isə yazıb ki, təyyarənin vurulduqdan sonra Rusiya ərazisində qəza enişi etməsinə icazə verilməyib ki, təyyarə Xəzər dənizinə düşsün və izlər itirilsin. 

Bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putin hadisənin Rusiya ərazisində baş verməsinə görə üzrxahlıq edib, lakin üzərinə məsuliyyət götürməyib. 

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”

17 Aprel 2026

açıq mənbə

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilov bu yaxınlarda "Baku TV"-də barəsində yayımlanmış videosüjetə cavab verib.  Yaxınlarının "Toplum TV" ilə paylaşdığı müraciətdə İ.Əbilov haqqındakı iddiaları "qaralama kampaniyası" adlandırıb.  "Bu mənzərə kampaniya müəlliflərinin bir həqiqəti dərk etdiklərini göstərir: ağlı başında olan heç kim onların iddialarına inanmır. Məhz buna görə də onlar növbəti dəfə bir talış alimini həbs edib saxta cinayət işi uydurmadıqlarına, guya “uğurlu əməliyyat” keçirdiklərinə hamını - hətta özlərini də - yenidən inandırmağa çalışırlar. Əgər bu “əməliyyat” məhkəmədə sübutların tam yoxluğu ilə başa çatıb və hüquqi, intellektual və mənəvi fiaskoya uğrayıbsa, o zaman bu hadisə həqiqətən də “dərsliklərə daxil edilə...
Siyasət

İşçi hüquqları fəalının həbsxanada zorakılığa məruz qaldığı deyilir

17 Aprel 2026

Sosial media

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilovun saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində fiziki zorakılığa məruz qaldığını bildirilir. Yaxınlarının “Meydan TV”-yə bildirdiyinə görə, hadisə İsrafilov müəssisə rəisinin müavini Kamran Şahsuvarovun qəbulunda olduğu zaman baş verib. “Qəbul zamanı İsrafilov hörmətsiz münasibətə etiraz etdikdən sonra vəziyyət gərginləşib və müavin ona qarşı fiziki zorakılıq göstərib”, - deyə məlumatda vurğulanır. Ayxan İsrafilov qeyd edib ki, Kamran Şahsuvarov onu boynundan tutaraq  əyib və daha sonra döyməyə başlayıb. İsrafilov yaxınlarına bildirib ki, həmin an huşunu itirib və bir saat sonra özünə gəlib. O, hadisədən sonra boyun nahiyəsində izlərin qaldığını da bildirib: “Dəfələrlə müavinin qəbulunda olanda mənə...

Seçilmiş Videolar

Toplum TV loqo