Əliyevin “müharibələri dayandıran lider” adlandırdığı Tramp niyə dünyanı bir-birinə qatıb?
president.az
İrandakı müharibə ikinci aya daxil olub və onun nə vaxt, hansı şərtlərlə bitəcəyini hələ ki, heç kim bilmir. Deeskalasiya əlamətləri görünmür. İran ABŞ-nin irəli sürdüyü şərtlər çərçivəsində danışıqlar aparmaqdan imtina edib. Qarşılıqlı hədələr davam edir və bölgədə gərginlik azalma yox, artım istiqamətində inkişaf edir.
Halbuki Donald Tramp son seçki kampaniyasında təbliğatını məhz sülh gündəmi üzərində qurmuşdu. O, prezident Co Baydenin siyasətinin ABŞ-ni üçüncü dünya müharibəsinin astanasına gətirdiyini, Rusiya ilə nüvə müharibəsi riskini artırdığını iddia edir və seçiləcəyi təqdirdə bütün bunlara son qoyacağını bildirirdi.
Tramp həqiqətən də Ukraynadakı müharibəni dayandırmaq üçün müəyyən cəhdlər göstərib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması, əməkdaşlıq istiqamətində addımların atılması və Zəngəzur nəqliyyat kommunikasiyası ilə bağlı mübahisələrin həllində də onun rolunu qeyd edənlər var.
Özünü sülh qurucusu kimi təqdim edən və Nobel mükafatına iddialı olan Tramp tez-tez 8 müharibəyə son qoyduğunu vurğulayırdı. Lakin hazırkı vəziyyət fonunda onun Nobel perspektivlərinin ciddi şəkildə zəiflədiyini demək olar. İrana qarşı başlayan müharibə artıq təkcə regionla məhdudlaşmır. Hörmüz boğazındakı gərginlik qlobal enerji bazarında qiymətlərin kəskin artımına səbəb olub. Bu isə dünya üzrə inflyasiyanın yüksəlməsi və iqtisadi artımın daha da zəifləməsi riskini artırır.
Seçildikdən sonra Trampla görüşən bir çox dövlət və hökumət başçıları görüşlərin müsbət atmosferdə keçməsi və ABŞ prezidentindən istədiklərini əldə etmək üçün onu tərifləməkdən çəkinmirdilər. Onlar Trampı tez-tez “sülh prezidenti” kimi təqdim edirdilər.
İlham Əliyev isə Trampı hələ seçilməmişdən açıq şəkildə tərifləyən azsaylı liderlərdən biri idi. O, Trampı əsasən iki məqamla fərqləndirirdi: ailə dəyərlərinə bağlılığı və müharibələrə başlamayan, əksinə, onları dayandıran lider olması.
2024-cü il iyulun 20-də II Şuşa Qlobal Media Forumunda Mixail Qusmanın sualını cavablandırarkən Əliyev belə demişdi:
“...Mənim fikrimcə, prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri odur ki, onun dövründə heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika yeni müharibələrə başlamadı - Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya kimi münaqişələrin davamı baş vermədi...”
Bir il sonra, 2025-ci il iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə İ.Əliyev yenə M.Qusmanın eyni mövzuda sualını cavablandırıb.
Qusman: “Siz yanvarın 20-də Ağ Evdə kimin olacağını dəqiq müəyyən etdiniz. O vaxt dəqiq dediniz və belə də oldu...”
Əliyev: “Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun...”
2025-ci il iyulun 19-da keçirilən III Şuşa Qlobal Media Forumunda da Əliyev eyni mövzuda danışaraq Trampın müharibələrə başlamayan yeganə ABŞ prezidenti olduğunu bir daha vurğulayıb.
Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü zamanı memorandum imzalanarkən də Əliyev Trampı yüksək qiymətləndirib. O, ABŞ prezidentinə xitabən bildirib:
“Siz ilk prezidentlik dövrünüzdə gördüyünüz işlərə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətini qazanmısınız. Son aylar ərzində Asiya, Afrika və nəhayət, Cənubi Qafqaza sülh gətirdiniz. Bu, inanılmazdır... Siz möcüzəyə imza atdınız...”
Donald Trampın mühafizəkar dəyərlərə, o cümlədən ailə dəyərlərinə sadiqliyinə Əliyevin heyranlığı mövzusunda “Toplum TV" daha öncə yazı dərc etmişdi. Yazıda Epşteyn fayllarında Trampın adının dəfərlərlə və xoş olmayan epizodlarla əlaqəli hallanmasından bəhs olunur. İndi bölgədə baş verənlər Trampın müharibələrə son qoyan, yeni müharibələrə başlamayan lider olması rəyini də tamamilə alt-üst edir. Əliyev bu məsələdə də yanıldı. Tramp “sülh quşu” deyil.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”
açıq mənbə
Sosial media
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib
Fərid İsmayılov hakimə: “Cinayət işi materiallarını oxusaydınız, kağızları müstəntiqlərin başına çırpardınız”