Siyasət

Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib

20 İyul, 2025
2446

Foto: VOA

“Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib.

Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti 3 iyul tarixində təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, qərar hələ də icra olunmayıb.

“Görünür, Penitensiar Xidmət məhkəmə qərarlarını saymır və özünü məhkəmədən üstün tutur”, – deyə Həsənli qeyd edib.

Ülvi Həsənli daha əvvəl 9 günlük aclıq aksiyası keçirdiyini, lakin qadın həmkarlarının da ona dəstək olaraq aclığa başlaması və onların sağlamlığı ilə bağlı narahatlıq səbəbilə aksiyanı dayandırdığını bildirib. Həmçinin qeyd edib ki, Penitensiar Kompleksin rəhbərliyi ona 12 iyula qədər köçürüləcəyi vədini versə də, bu vəd yerinə yetirilməyib.

Həsənlinin sözlərinə görə, hazırda saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleks Bakı İstintaq Təcridxanasından daha uzaqda yerləşir və bu, onun ailəsi, vəkilləri, xüsusilə də 3 yaşlı övladı ilə görüşünə ciddi maneə yaradır:

“Burada övladımla görüşmək üçün heç bir şərait yoxdur. Ona görə ümumiyyətlə görüşə bilmirəm”, – deyə Ü.Həsənli bildirib.

O, hesab edir ki, baş verənlərin səbəbi onların çıxışlarıdır: “Bunlar bizim yazılarımıza görə edilir. Burada təqsirləndirilən şəxslər pis şəraitdə saxlanılır, qeyri-insani rəftar və ən qatı cinayətkarlara aid edilən münasibət göstərilir. Bəlkə bunları da kənara qoymaq olar. Amma ən vacib məsələ Penitensiar Xidmətin qanunsuzluğu və bundan ailə üzvlərimin əziyyət çəkməsidir”.

O, aclıq aksiyasını yalnız Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra dayandıracağını bəyan edib və başına gələcək hər hansı hadisəyə görə Penitensiar Xidmətin rəhbəri, ədliyyə nazirinin müavini General Mirsaleh Seyidovu və prezident İlham Əliyevi məsuliyyət daşıyan şəxslər kimi göstərib.

Sonda o, qadın həmkarlarından aksiyaya qoşulmamağı xahiş edib:

“Onların sağlamlığına zərər gəlməsindən ciddi narahatam. Bu aksiyanı tək davam etdirəcəyəm”, – deyə vurğulayıb.

Ülvi Həsənli Penitensiar Xidmət rəhbərliyinə müraciət edərək, “qisas xarakterli” bu yanaşmadan imtina edib, qanuni şəkildə Bakı İstintaq Təcridxanasına qaytarılmasını tələb edib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həbsdə olan jurnalist Ülviyyə Əlinin İtaliyada kitabı nəşr olunub

14 Oktyabr 2026

sosial media

“MeydanTV” işi üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) İtaliyada kitabı dərc edilib.  Bu barədə jurnalistin yaxınları sosial mediada məlumat yayıblar. Məlumata görə, İtaliyanın Turin universitetində Ülviyyə Əlinin italyan dilində "La mia voce non si arresta" (“Səsim həbs olunmur”) kitabı dərc edilib. Kitab jurnalistin həbsxanadan göndərdiyi məktublar və verdiyi müsahibələrdən ibarət topludur. Kitabın ön sözü "Amnesty International" təşkilatının İtaliya bölməsinin sözçüsü Rikardo Nuri tərəfindən yazılıb. Ülviyyə Əli ötən il mayın 7-də “Meydan TV işi” üzrə həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, jurnalist kimi “Amerikanın...
Siyasət

Paşinyan: “Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır”

14 Oktyabr 2026

sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bu barədə oktyabrın 14-də sosial şəbəkələrdəki canlı yayımında danışıb. Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Paşinyan sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını, Ermənistanla Azərbaycanın isə bərabər ölçülü əraziləri mübadilə etməsini təklif edib. O, “Sülhün kəsişməsi” layihəsi çərçivəsində və ondan kənarda bütün yolların və kommunikasiya xətlərinin açıq olmalı olduğunu deyib. “Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç...

Seçilmiş Videolar

Toplum TV loqo