Siyasət

Xaçatryanın buraxılmasına ictimai reaksiya hakimiyyəti niyə narahat edib?

15 Yanvar, 2026
213

Foto: açıq mənbə

Yanvarın 14-də Azərbaycanda həbs cəzasına məhkum olunmuş dörd erməninin Ermənistana təhvil verilməsi ölkə daxilində birmənalı qarşılanmayıb və etirazlara səbəb olub. 

Xüsusən həmin şəxslərdən biri -1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində yerli əhaliyə qarşı törədilmiş kütləvi qətllərdə ittiham edilərək 15 il müddətinə azadlıqdan məhrum olunmuş Vaqif Xaçatryanın Ermənistana göndərilməsi sosial mediada ciddi narazılıq doğurub.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, hadisə barədə məlumatı Azərbaycan ictimaiyyəti Ermənistanın baş naziri Nikol Paşinyandan öyrənib. Paşinyan sosial media paylaşımında bildirib ki, adı çəkilən şəxslər Həkəri körpüsündə təhvil alınıb və Yerevana aparılır. 

Bu hal təəccüblü deyil, çünki Azərbaycan hakimiyyətinin iş praktikasında şəffaflıq və hesabatlılıq heç vaxt olmayıb və indi də yoxdur. Hakimiyyət hər hansı məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmağa özünü borclu hiss etmir.

Bununla yanaşı, ictimai rəyin Azərbaycan hakimiyyəti üçün tamamilə əhəmiyyətsiz olduğunu söyləmək də doğru olmaz. Elə həmin gün axşam saatlarında (saat 20:38-də) APA agentliyi vasitəsilə yayılan anonim rəsmi mövqe də bunu təsdiqləyir.

APA-da yayılan məlumatın başlığı belə idi: “Hakimiyyətdəki mənbələr: Azərbaycan xalqına qarşı cinayət törətmiş xunta rəhbərləri və digərlərinin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur”. 

Məlumatda qeyd olunurdu ki, sosial mediada aparılan müzakirələrdə hazırda məhkəmə prosesi davam edən digər şəxslərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalı irəli sürülüb. “Bu ehtimallar illüziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş xunta rəhbərlərinin və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur”, - deyə mənbə bildirib. 

Başqa bir hakimiyyət rəsmisi də agentliyə eyni fikri qətiyyətlə ifadə edib: “Onlar törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər və günahları sübuta yetirildikdən sonra ən sərt formada cəzalandırılacaqlar”.

İş vaxtının bitməsindən sonra mediaya bu cür izahatın ötürülməsi hakimiyyət dairələrinin sosial mediada yaranan reaksiyalardan narahat olduğunu göstərir. 

Çünki müzakirələr rejim üçün sərfəli olmayan istiqamətdə cərəyan edirdi. Sosial şəbəkələrdə rəy bildirənlər etirazlarını əsasən iki arqumentlə əsaslandırırdılar:

– Birincisi, azərbaycanlı dinc sakinlərin kütləvi qətlində iştirakı olan Vaqif Xaçatryanın nə üçün və hansı səbəbdən buraxılması;
– İkincisi, xüsusilə ağır cinayətlər törətmiş erməniyə göstərilən humanizmin ölkə daxilində siyasi motivlərlə həbs olunanlara, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş Tofiq Yaqublu, Ruslan İzzətli kimi şəxslərə, eləcə də jurnalist qadınlara şamil edilməməsi.

Əlbəttə, məsələnin “Xaçatryanı azad edirsinizsə, Tofiqi, Ruslanı və digərlərini də azad etməlisiniz” formasında qoyulması hüquqi baxımdan düzgün deyil. Bu məsələlərin bir-biri ilə birbaşa əlaqəsi yoxdur. Adı çəkilən və çəkilməyən siyasi məhbuslar məhz hər hansı cinayət törətmədikləri üçün azad edilməlidirlər. Bu şəxslər ümumiyyətlə həbs olunmamalı idilər. Sadəcə olaraq, erməni məhbusların buraxılması ölkədəki siyasi məhbus problemini bir daha aktuallaşdırdı və cəmiyyətdə vicdani reaksiyaya səbəb oldu.

Məhkəməsi davam edən erməni məhbusların (Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Ruben Vardanyan və digərlərinin) buraxılmayacağı və Ermənistana verilməyəcəyi ilə bağlı hakimiyyətə yaxın mənbələrin açıqlamalarına gəldikdə isə, bu cür qəti və birmənalı bəyanatların verilməsi ehtiyatlı yanaşma tələb edir. 

Rəsmi Bakı səmimi şəkildə belə düşünə bilər və şübhəsiz ki, hazırda həmin şəxsləri azad etmək və ya Ermənistana təhvil vermək niyyətində deyil. Ancaq necə deyərlər, “dəvədən böyük fil də var”.

ABŞ-dəkı erməni diasporası bu məsələni mütəmadi olaraq amerikalı siyasətçilərin və Konqres üzvlərinin gündəminə gətirir. Tramp administrasiyası da mövzudan xəbərdardır. İstisna deyil ki, növbəti mərhələdə ABŞ prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevdən erməni məhbusların azad olunmasını tələb etsin. 

Trampı açıq şəkildə tərifləyən və onunla münasibətlərə xüsusi önəm verən Əliyevin belə bir istəyə “yox” deməsi çətin görünür. Bu baxımdan, Vaqif Xaçatryan və daha üç nəfər böyük ehtimalla Bakıdan Ermənistana göndərilən son erməni məhbuslar olmayacaqlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Ramiz Mehdiyev işi”: DTX-nin videosunda ittiham olunan müxaliflər iddialara necə cavab verdi?

14 Fevral 2026

Foto/kollaj: Toplum TV

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 12-də sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli və başqa siyasi fiqurları hədəf alan videosüjet yayımladı.  Videoda sözügedən şəxslərin əlbir olaraq Azərbaycanda dövlət çevrilişinə cəhd etdiyi bildirilir və buna sübut olduğu iddia olunan görüntülər və səs yazıları nümayiş etdirilir.  İddialardan biri belədir ki, ittiham olunan şəxslər xarici xüsusi xidmət orqanlarından Azərbaycanın müxtəlif bölgələrində insanları dövlət çevrilişinə cəlb etmək üçün 933 min 828 manat 40 qəpik məbləğində pul vəsaiti alıblar.  Bu iddiaya sübut kimi içərisində Rusiyanın “Sberbank” şirkətinin adı yazılmış, müxtəlif şəxslərin adları və pasport nömrələri əks...
Siyasət

Azərbaycanlı QHT nümayəndələri və ekspertlər Ermənistana səfər ediblər

14 Fevral 2026

Foto: Armenpress

Azərbaycandan olan qeyri-hökumət təşkilatları (QHT) nümayəndələri və ekspertlər Ermənistana səfər ediblər. "Armenpress" və "Report"un xəbərinə görə, onlar erməni həmkarları ilə birgə "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində dəyirmi masa formatında iki gün davam edəcək tədbirdə iştirak edəcəklər. Azərbaycan tərəfdən 19 nəfərin səfər etdiyi, Ermənistandan isə 20 nəfərin tədbirdə iştirak edəcəyi gözlənilir. Bu şəxslər arasında eyni təşəbbüs çərçivəsində artıq baş tutmuş səfərlərdə iştirak edənlər, habelə yeni simalar da var. Ötən ilin oktyabrında Azərbaycandan olan nümayəndə heyəti Yerevana, noyabrda isə erməni heyət Bakıya səfər edib.

Seçilmiş Videolar

Toplum TV loqo