Foto: president.az
Azərbaycan hökumətinin Milli Məclisə təqdim elədiyi 2026-cı il üçün dövlət büdcəsinin layihəsindən aydın olur ki, gələn il dövlət büdcəsindən transfert formasında İcbari Tibbi Sığorta Agentliyinə ayrılan vəsaitin həcmi 516 milyon manat və ya 36,4 faiz azaldılacaq.
Əgər 2025-ci ildə bu məqsədlə 1,416 milyard manat ayrılmışdısa, 2026-cı il üçün planlaşdırılan məbləğ 900 milyon manat təşkil edir.
Qanunvericiliyə görə, dövlət büdcəsindən ayrılan bu vəsait icbari sığorta haqqı ödəməyən əhali qruplarının – pensiyaçıların, uşaqların, işsizlərin tibbi sığortasının maliyyələşdirilməsinə və bütün vətəndaşlar üçün adambaşına 90 manat sığorta haqqının ödənilməsinə yönəldilir.
“Tibbi sığorta haqqında” Qanunun 15-28.3-cü maddəsinə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən müştərək maliyyələşmə mexanizminin tətbiqinə başlanacaq.
Bu, o deməkdir ki, vətəndaş ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ixtisaslı həkimə getsə, tibbi xidmətlərin dəyərinin bir hissəsini özü ödəməli olacaq.
Dünya bazarlarında neftin ucuzlaşması və hasilatın azalması təbii resurs gəlirlərini azaldıb.
Bu, hökuməti həm vergi yükünü artırmağa, həm də sosial dəstək proqramlarını məhdudlaşdırmağa vadar edir.
Məsələn, son 2 ildə xırda sahibkarlıq subyektlərin gəlir vergisi yükünün 5 faizdən 20 faizə qaldırılması, gələn ildən özəl sektorda çalışanların əmək haqqı vergisinə tətbiq olunan güzəştin ləğvi gəlir siyasətinə edilən dəyişikliklərin bir nümunəsidir.
Yaxud son 5 ildə pensiya yaşının kəskin şəkildə artımı ilə pensiyaçıların sayının azaldılması, indi də icbari tibbi sığortaya büdcə dəstəyinin məhdudlaşdırılması əhalinin, xüsusilə aztəminatlı qrupların mənafeyinə ziddi olaraq xərclərin qayçılanması tendensiyasının davam etdiyini göstərir.
Azərbaycanda əmək qabiliyyətli 7,2 milyon nəfərlik əhalinin təxminən 40 faizi əmək bazarından kənardadır. Rəsmi məşğul kimi qeydə alınan 5 milyondan çox insanın da yarıya yaxını qeyri-formal sektorda çalışır, sosial sığorta haqları ödəmirlər.
Bu şəraitdə dövlət büdcəsindən icbari tibbi sığortaya ayrılan vəsaitlərin azalması, faktiki olaraq, əhalinin, xüsusilə də qeyri-formal məşğulların səhiyyə xərclərini öz hesabına ödəməsi deməkdir.
Ölkədə məhdud məşğulluq imkanları nəticəsində İcbari Tibbi Sığorta Agentliyinin büdcəsinin əsas hissəsi dövlət sektoru hesabına formalaşır, özəl sektorun payı isə olduqca aşağıdır.
Məsələn, Agentliyin 2025-ci il üçün təsdiqlənmiş 2,57 milyard manatlıq büdcə gəlirlərinin təxminən 68 faizi (1,8 milyard manat) dövlət sektorundan, cəmi 14 faizi (366 milyon manat) isə biznes sektorundan daxilolmalar hesabına formalaşır.
Biznesin rəsmi və yüksək gəlirli iş yeri yaratmaq potensialının bu qədər zəif olduğu bir şəraitdə büdcənin də sığorta məqsədli transfertləri əhəmiyyətli dərəcədə məhdudlaşdırması o deməkdir ki, insanların sağlamlıqla bağlı xərcləri onların öz çiyinlərinə yüklənir.
Yeri gəlmişkən, Azərbaycan həm adambaşına düşən səhiyyə xərclərinin həcminə, həm də bu xərclərin ÜDM-dəki payına görə geri qalan ölkələr sırasındadır.
Dünya Bankının məlumatına əsasən, hazırda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində adambaşına düşən səhiyyə xərcləri orta hesabla 5,5 min dollar ətrafındadır.
Uzun illərdir hökumətin rəsmi təbliğatında “insan kapitalı”nın inkişafının prioritet olduğu vurğulanır.
Lakin Azərbaycanda 2025-ci ildə formasında İcbari Tibbi Sığorta Agentliyi və dövlət büdcəsi vasitəsilə səhiyyəyə ayrılan vəsaitlərin məcmu məbləği təxminən 1,7 milyard dollardır və adambaşan böldükdə bu 170 dollar edir. Öz növbəsində, səhiyyə xərclərinin ÜDM-ə nisbəti OECD ölkələri üzrə 10 faizi ötdüyü halda, Azərbaycanda həmin göstərici 2 faiz ətrafındadır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Nazirin “tam ştatlı müəllim” layihəsi: “Köhnə modeli mütərəqqi sistem kimi tətbiq etmək istəyir”
Foto: açıq mənbə
Foto: sosial media
Prezidentin saytında DTX-nin şəxsi məlumatları yığacağını göstərən sənəd sonradan silinib
Neft-qaz ölkəsində müəllim maaşı regionla müqayisəsi niyə aşağıdır?
Köhnə “bayatı” yada düşdü: AXCP-Müsavat mövzusu niyə aktuallaşdı?
Talış fəalın Türkiyədə saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir
Ekspert: “Nazir kənd təsərrüfatındakı uğursuzluğu ört-basdır etmək istəyir”