Dünya

Avropa Məhkəməsi Rusiyaya qarşı 879 şikayət ərizəsinə baxmaqdan imtina edib

4 Sentyabr, 2026
9

sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2022-ci il sentyabrın 16-dək baş vermiş pozuntularla bağlı Rusiyaya qarşı verilmiş 879 şikayəti baxılan işlərin siyahısından çıxarıb. Məhkəmənin açıqlamasına görə, Rusiyanın silahlı münaqişələrdə iştirakı ilə bağlı şikayətlər bu qərara daxil edilməyib və onlara ayrıca baxılacaq.

Şikayətlər ədalətli məhkəmə araşdırması, mülkiyyət və ifadə azadlığı, saxlanma şəraiti, miqrasiya, hərəkət azadlığı və şəxsi məlumatların qorunması kimi məsələləri əhatə edir.

AİHM bildirib ki, qərar şikayətlərin qəbuledilməz və ya əsassız olması ilə bağlı deyil. Məhkəmə əsas səbəb kimi Rusiyanın 2022-ci ilin martından əməkdaşlığı dayandırmasını, sorğulara cavab verməməsini və qərarları icra etməyəcəyini bildirməsini göstərib.

Məhkəməyə görə, şikayətlərin hər birinə ayrıca baxılması böyük resurs tələb edir, halbuki Rusiyanın Konvensiya üzrə məsuliyyətinə dair əsas hüquqi məsələlər əvvəlki qərarlarda araşdırılıb. Rusiyanın qərarları icra etməməsi ərizəçilərin təzminat almaq imkanlarını da məhdudlaşdırır.

Bununla belə, qərar Rusiyanı 2022-ci il sentyabrın 16-dək törədilmiş insan hüquqları pozuntularına görə beynəlxalq məsuliyyətdən azad etmir. Şərait dəyişərsə, şikayətlərə baxılması bərpa oluna bilər.

Şikayətlərinə baxılmayan ərizəçilər arasında rusiyalı müxalif siyasətçilər Aleksey Navalnı, Gennadi Qudkov, Lev Şlosberq və Sergey Udaltsov, hüquq müdafiəçiləri Vladimir Oseçkin, Oleq Orlov və Aleksandr Çerkasov, vəkil Dmitri Aqranovski, jurnalistlər Mariya Ponomarenko və Pavel Nikulin, həmçinin Boris Nemtsovun qətli işi üzrə məhkum edilmiş Temirlan Eskerxanov da var.

Beynəlxalq insan hüquqları üzrə hüquqşünas Kirill Koroteyev qərarı tənqid edib:
“Bu 879 sətir sadəcə rəqəmlər deyil. Onların arxasında illər, hətta onilliklər boyu insan iztirabı dayanır”.

Onun sözlərinə görə, ən köhnəsi 2007-ci ildə verilmiş müraciətlər arasında Beslan girov böhranının qurbanlarının, “Kolskaya” qazma platformasında ölənlərin ailələrinin, hökuməti tənqid etdiyinə görə cəzalandırılanların və məhbusların şikayətləri var.

Koroteyev bildirib ki, qərar ərizəçilərə və vəkillərinə etiraz imkanı verilmədən qəbul edilib. O, Azərbaycan və Böyük Britaniya da daxil olmaqla bəzi ölkələrdə Konvensiya sistemindən çıxmaq çağırışlarının səsləndiyi vaxtda bu qərarın təhlükəli presedent yarada biləcəyini deyib.

Azərbaycanla AİHM arasında əməkdaşlıqda da problemlər var. Avropa Şurası Nazirlər Komitəsinin hesabatına əsasən, 2025-ci ildə AİHM-in Azərbaycanla bağlı 75 qərarı icraya nəzarət üçün komitəyə göndərilib. Azərbaycan bu göstəriciyə görə İtaliya ilə birlikdə ikinci yeri tutub.
2025-ci ilin sonunda Azərbaycanın icra etmədiyi AİHM qərarlarının sayı 397-yə çatıb. Bununla ölkə Ukrayna və Türkiyədən sonra üçüncü yerdə qərarlaşıb.

Hesabata görə, Azərbaycan hökuməti 2025-ci ildə komitənin sorğularına yalnız iki dəfə cavab verib və martın 18-dən sonra əlaqəni dayandırıb. Prezident İlham Əliyev isə 2025-ci il aprelin 9-da Azərbaycanın bundan sonra AİHM qərarlarını tanımayacağını bildirib. O, bunu Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı səlahiyyətlərinin təsdiqlənməməsi ilə əsaslandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Netanyahu: "Əsas missiyamız İranda rejim dəyişikliyidir, buna yaxınıq"

4 Sentyabr 2026

sosial media

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin əsas missiyasının İranda rejim dəyişikliyi olduğunu deyib.  O, bunu sentyabrın 3-də Təl-Əvivdə keçirilən forumda dilə gətirib.  "Rejim artıq sarsılır. O, heç vaxt olmadığı qədər zəifdir. Rejim öz mövcudluğunu qorumaq uğrunda mübarizə aparır", - Netanyahu qeyd edib.  “Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq, başqa sözlə, bu rejimi devirmək gücündə olduğumuza əminəm. Qarşıda bizi hələ də gözləyən əsas missiya məhz budur, amma bu məqsədə artıq yaxınıq. Bu, mümkünsüz deyil. Buna nail olmaq əlimizdədir", - o əlavə edib.  Bu ilin fevralın sonunda İsrail ABŞ ilə birlikdə İrana havadan hücumlar həyata keçirməyə başlayıb. Apreldə tərəflər arasında atəşkəs əldə...
Dünya

Kallas: “Aİ-də rusiyalılara viza məhdudiyyətləri təklifinə geniş dəstək var”

3 Sentyabr 2026

sosial media

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarəti sərtləşdirməyi, Moskvaya təzyiqi və Ukraynaya dəstəyi artırmağı planlaşdırır. Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas sentyabrın 2-də İrlandiyada keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib. “Biz sanksiyalara əməl olunmasına nəzarətin sərtləşdirilməsi ilə bağlı yeni təkliflər üzərində işləyirik və yeni sanksiyalar tətbiq etməyə davam edirik. Avropanı qorxutmaq cəhdləri uğursuz olacaq”, - Kallas bildirib. Onun sözlərinə görə, keçmiş rusiyalı döyüşçülərin Aİ-yə girişinin qadağan edilməsi və rusiyalı turistlərə tətbiq olunan viza məhdudiyyətlərinin sərtləşdirilməsi təklifi nazirlər arasında geniş dəstək qazanıb. Görüşdə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün...

Seçilmiş Videolar

Toplum TV loqo