Məhkəmə

“Fazil Mustafaya sui-qəsd işi”ndə müttəhim: “Hədələdilər ki, qol çəkməsən, arvadını bura gətirəcəyik” 

31 Mart, 2024
2662

 Ötən il martın 28-də Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açaraq ona sui-qəsd etməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilir. 
Martın 29-da məhkəmə iclası başlayan kimi təqsirləndirilən şəxslər növbəti dəfə hakimdən iş üzrə zərərçəkmiş kimi tanınan Fazil Mustafanın məhkəməyə məcburi gətirilməsini tələb ediblər. Hakimsə bildirib ki, məhkəmə prosesində Fazil Mustafanın iki nümayəndəsi iştirak edir. Nümayəndələr məhkəməyə Fazil Mustafanın ərizəsini təqdim ediblər. Hakim ərizəni elan edib. Fazil Mustafa məhkəməyə göndərdiyi ərizəsində göstərib ki, güllələnməsiylə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində zərərçəkmiş qismində ifadə verib və həmin ifadəsini təsdiqləyir. Məhkəmədə nümayəndələri iştirak etdiyinə görə özü məhkəməyə gəlməyə ehtiyac görmür. Təqsirləndirilən şəxslər və vəkilləri isə razlaşmayıb.  Təqsirləndirilən şəxslərin vəkillləri isə bildiriblər ki, müvəkillərinə Cinayət Məcəlləsinin 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddəsi ilə ittiham verilib, ancaq məhkəmədəki dindirmələrdən məlum olub ki, Fazil Mustafanı siyasi fəaliyyətinə görə yox, inanclıların ünvanına sosial şəbəkələrdə təhqirlər işlətdiyinə görə gülləylə vurublar. Təqsirləndirilən şəxslər də vəkillərin dediklərini təsdiqləyiblər. Vurğulayıblar ki, Fazil Mustafaya və aidiyyəti qurumlara buna görə dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb. Təqsirləndirilən şəxs Rəşad Əhmədov: “Möhtərəm hakim, çox üzr istəyirəm, biri desə ki, hakimlər ulaşır, bu təhqirdir, ya yox? Fazil Mustafa da bizimçün deyib ki, dindarlar ulaşır. Biz onu sırf bu təhqirlərinə görə cəzalandırmaq istəmişik. Fazil Mustafanı hansı siyasi fəaliyyətinə görə öldürməliydik ki? Onun hansı fəaliyyəti olub ki? Şəxsən mən onun heç bir fəaliyyətini görməmişəm”. 

Rəşad Əhmədovun vəkili Cabir Mehrəliyev də məhkəmədən Fazil Mustafanın məcburi gətirilmə məsələsinə baxılmasını xahiş edib: “Bu adamlara ittiham verilib ki, Fazil Mustafanın həyatına deputat fəaliyyətinə görə sui-qəsd ediblər. Ancaq bu admalar deyir, hadisənin Fazil Mustafanın deputatlıq fəaliyyətiylə heç bir əlaqəsi yoxdur. O özü də burada olmalıdır. Müəyyən suallar çıxır ortalığa, hansı ki, buna Fazil Mustafa özü cavab verməlidir. Ona görə də özünün iştirakı təmin edilməlidir.  İstintaq zamanı ona belə suallar verilməyib ki, səni siyasi fəaliyyətinə görə vurublar, ya başqa hansı səbəbə görə vurublar?..” 

Hakim bildirib ki, Fazil Mustafa növbəti məhkəmə iclasına da gəlməsə, bu məsələyə baxıla bilər. 

Sonra şahidlər dindirilib. Hakim əvvəlcə kürsüyə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı Əmrə Şıxıyevi dəvət edib. Əmrə Şıxıyev təqsirləndirilən şəxs Rəşad Əhmədova verilmiş narkotiklərin qanunsuz dövriyyəsi epizoduna görə şahid qismində tanınır. O, ifadəsində göstərib ki, ötən il Rəşad Əhmədovun narkotiklərin qanunsuz dövriyyəsiylə məşğul olması ilə bağlı məlumat daxil olub. Polis Rəşad Əhmədovla şərti alıcı qismində əlaqəyə girib, Rəşad Əhmədov narkotiki satarkən əməliyyatçılar tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. 

Hakim: - Dəvət eləmək necə olur? Dediniz ki, sabah saat 5-də narkotiki də götür, gəl Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə?  
Sonra üzünü təqsirləndirilən şəxsə tutur: - Səni dəvət elədilər, yoxsa?.. 
Rəşad Əhmədov: - Yox. Tutub basdılar maşına. Orda ifadəsində göstərib ki, narkotiki 60 manata almışam. Burdasa deyir ki, pulsuz verib. Məndə narkotik olmayıb. Aparıblar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, orda narkotiki qoyublar qabağıma, deyiblər, boynuna götürməsən, arvadını bura gətirəcəyik. Ondan sonra dedikləriylə razılaşmışam. Kağız veriblər, orda nə yazıblarsa, onu da oxumuşam, video çəkiblər. Məni orda döyüblər, ancaq insafən, bu adam (şahidi göstərir) mənə əl qaldırmayıb, tutub maşına basıb, idarəyə aparanlardan biri olub. 

Sonra məhkəmə odlu silah epizodu üzrə şahid Xəyyam Musayevi dindirib. Xəyyam Musayev özü qanunsuz odlu silah əldə etmə, saxlama maddəsiylə 4 illik həbs cəzası çəkir və onu məhkəməyə 14 saylı Cəzaçəkmə Müəssisəsindən gətiriblər. Məhkəmə ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız  Rəşad Əhmədovu tanıyır: “Rəşad uşaqlıq dostum olub. Mənə tapança vermişdi ki, saxlayım. Mən də tapançanı 800 manata Elşən adlı şəxsə satmışam. Elşən də hazırda qanunsuz silah ittihamıyla həbsdədir”. 

Xəyyam Musayevin Fazil Mustafaya sui-qəsdlə bağlı əlaqəsi olmadığı üçün nə vəkillər, nə də dövlət ittihamçısı ona sual verməyib. 
 
Şahidlər dindirildikdən sonra hakim elan edib ki, bu iş üzrə iki şahid qalıb. Tərəflərin xahişi ilə onlardan biri – Fazil Mustafanın qonşusu olan Tünzalə Kərimovanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Tünzalə Kərimova ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2023-cü ilin martın 28-də, saat 21:50 radələrində yaşadığı evdə olarkən çöldə atəş səsləri eşidib: “Hamamın nəfəsliyindən bayıra baxdım. Boyu təxminın 170-175 santimetr hündürlüyündə, əynində qara  paltar, başında kapuşon olan, kişinin qaçdığını gördüm. Hava qaranlıq olduğu üçün onun üzünü görə bilmədim”.

Hakim bildirib ki, digər şahid polis əməkdaşıdır və növbəti məhkəmə iclasında dindiriləcək. Növbəti məhkəmə iclası aprelin 5-nə təyin edilib. 

Hadisə ötən ilin martında baş verib. F. Mustafa evinin önündə “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində çiynindən xəsarət alıb. O, sui-qəsdi İrana qarşı çıxışlarıyla əlaqələndirib. Təqsirləndirilən şəxslərsə məhkəmədə bildiriblər ki, Fazil Mustafa sosial şəbəkələrdə insanların inancını təhqir etdiyi üçün onu “cəzalandırıblar”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də hökm Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs...
Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...

Seçilmiş Videolar

Toplum TV loqo