Siyasət

“Toplum TV” işi: “İlham Əliyev gəlsin şahidlik etsin”, “Baş prokuror gəlsin cinayətimi sübut etsin”

24 Aprel, 2025
688

Toplum TV

“Toplum TV” işi üzrə məhkəmə prosesində təqsirləndirilənlər prezident İlham Əliyevin şahid kimi dindirilməsini və Baş prokurorun ittihamları sübut etməsini istəyib. 

Prosesdə çıxış edən təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov qeyd edib ki, Demokratik Təşəbbüslər İnstitutu 2014-cü ildə gənclərin maarifləndirilməsi, vətəndaş cəmiyyətinin gənc nəslinin yetişdirilməsi məqsədilə yaradılıb, həmçinin gənclərə jurnalistika təlimlərinin verilməsi və “Toplum TV”nin qurulması təşəbbüsləri ilə çıxış edib. Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq “Fakt Yoxla” platformasını yaradıb. 

O bildirib ki, ittiham tərəfi ona və digər həbs olunanlara qarşı irəli sürülən qaçaqmalçılıq ittihamını sübuta yetirə bilməyib. 

“Kim bizə pul verib, nə formada verib - heç nə bilinmir. Bircə İlham Əliyev deyib ki, pul Gürcüstandan gəlib. Amma aramızda heç Gürcüstanda olmayanlar da var. Amma məsələnin mahiyyəti budur ki, bizim əldə etdiyimizi iddia etdikləri 800,000 pulu necə düzəldiblər? Mənim, atamın, dostumun adına olan nəqliyyat vasitələrinin, uşaqlarımın komputerlərin, ofisimizdə qələm, “steyplr”dan tutmuş hər şeyin üstünə bir qiymət qoyub bu rəqəmi düzəldiblər”, - o deyib. 

Qurbanov əlavə edib ki, istintaq təqsirləndirilən şəxslərin əksəriyyətinin Demokratik Təşəbbüslər İnstituna aiddiyatı olduğunu da sübut edə bilməyib. 

“Məsələn, yazıblar ki, Ruslan İzzətli ofisimizin həyətində iməciliyə başçılıq edib, bu da guya onun bizə aidiyyatıdır. Mən istintaqda da demişəm ki, bu insanların bu işdə heç bir məsuliyyəti yoxdur - bütün məsuliyyət mənim üzərimdədir. Amma istintaq məsuliyyəti təqsirləndirilən şəxslərin üzərində bərabər paylayıb.”

Çıxışın bu yerində hakim Qurbanovun sözünü kəsərək, onun digər şəxsləri deyil, özünü müdafiə etməli olduğunu deyib. Bu zaman onların arasında mübahisə yaşanıb. 

Məhkəmə təqsirləndirilən şəxslərin anket məlumatlarının doldurulması ilə davam edib. “Toplum TV”nin jurnalisti Fərid İsmayilov isə məlumatlarını verməkdən imtina edib. 

“Azərbaycanda azad məhkəmə yoxdur. Mən bu teatrın bir parçası olmaq istəmirəm. Bizi mütəşəkkil dəstə adlandırırlar. Azərbaycanda bir dənə mütəşəkkil dəstə var, o da Azərbaycan hakimiyyətidir”, - o, hakimə deyib. 

İsmayılov Baş prokuror Kamran Əliyevin məhkəməyə gəlməsini tələb edib. 

“Məni girovluqda saxlayanlardan biri Kamran Əliyevdir. Gəlsin hansı cinayətlərə əl atdığımı sübut eləsin. Vəkilim vəsatət verib ki, saxlanılan və evimdə axtarış aparılan zaman mənə verilən işgəncələr araşdırılsın. Prokurorluq 6 aydan sonra hərəkətə keçir ki, qoy işgəncə izləri yoxa çıxsın.” 

Təqsirləndirilən şəxslərdən Əli Zeynal dövlət ittihamçısının “anlaqlığının ekspertizada yoxlanılması üçün” şifahi vəsatət verib. 

Çıxış edən Ruslan İzzətlinin vəkili Bəhruz Bayramov ittiham aktını “biabırçılıq” adlandırıb. O deyib ki, “Abzas Media” işinin ittihamlarını müvəkkilinin işinə əlavə edib, sadəcə “Abzas Media” direktoru Ülvi Həsənlinin adını İzzətlinin adı ilə əvəz ediblər. 

“Bu boyda biabırçılıq olmaz. Əllərində heç bir sübut yoxdu deyə, özlərinə əziyyət verməmək üçün, onsuz da mahiyyətcə eyni olduğuna görə “Abzas Media” işini götürüb bura əlavə ediblər”, - vəkil bildirib. 

Akif Qurbanovun vəkili Fuad Ağayev çıxışında deyib ki, istintaq orqanında çalışanlar nəinki hüquqi normaları, heç Azərbaycan dilinin normalarını da bilmirlər. 

“İttiham aktında 4729 sözlük bir cümlə var. Bu cümlə Ginnesin rekordlar kitabına tarixin ən uzun cümləsi kimi düşən, Ceyms Coysa aid olan cümlədən daha uzundur. Cümlə bitmiş fikir ifadə etməlidir. Bu cümlə isə heç nə ifadə etmir. Ginnesə düşən cümlə bədii əsərdəndir. Burda isə biz 9 nəfərin həyatından söhbət gedir”, - Ağayev deyib.

Yenidən çıxış edən Qurbanov dünyada süni zəka inqilabı getdiyi vaxt, hakimiyyətin zəka geriliyindən əziyyət çəkdiyini deyib. Bu zaman hakimlə onun arasında yenidən mübahisə yaşanıb. Hakim ondan siyasi məsələlərə toxunmamağı tələb edib. 

“Məni ictimai-siyasi fəaliyyətimə görə tutublarsa, necə bu siyasətdən kənar ola bilər?”, - Qurbanov hakimə deyib. 

Ardınca çıxış edən “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli ittihamı rədd edib. 

“Mən sadəcə müəllim işləmişəm. Bir dənə avtomobilim var, onun da üstünə həbs qoyulub. Hər gün təcridxanada televizora baxıram. Şəklimi qoyub yazırlar ki, qaçaqmalçıdır.”

“Toplum TV”nin video redaktoru Müşfiq Cabbar qeyd edib ki, ittiham aktında onun niyə həbs olunduğu haqqında heç nə yoxdur. 

“Azad medianın tabutuna vurulan mismarın səsi bütün dünyanı bürüyüb. Bir ildir məhkəməyə sual verirəm ki, mən hansı əmələ görə burdayam. Razıyam ki, “siyasi don” geyindirməyək. Amma biri cavab versin ki, mən niyə burdayam. Adam öldürüb bura düşsəydim, çıxmaq daha rahat olardı.” 

Digər təqsirləndirilən Ruslan İzzətli isə Prezident İlham Əliyevin məhkəmədə şahid kimi dindirilməsini tələb edib.

Məhkəmə vəsatətləri təmin etməyib. 

Növbəti məhkəmə iclası mayın 5-ə təyin olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Antonio Koşta: “Aİ Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyir” 

14 Avqust 2025

Foto: X / @antoniocostapm

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə “çox müsbət” telefon danışıqlarının olduğunu deyib.  O, bunu “X” səhifəsindəki bəyanatında bildirib.  “Ermənistan və Azərbaycan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Sazişinin tarixi paraflanması hər iki ölkə və daha geniş region üçün davamlı sülhə doğru mühüm bir addımı ifadə edir. Aİ onun icrasını dəstəkləməyə, regional əlaqələri gücləndirməyə, icmaların illərlə davam edən münaqişəni arxada qoymasına və davamlı sülh, sabitlik və rifaha doğru irəliləməsinə tam sadiq qalır”, - Koşta əlavə edib.  Azərbaycan prezidentinin saytında təbriklərə görə minnətdarlığını ifadə edən Əliyevin “sülh gündəliyinin təşəbbüskarının və...
Siyasət

Solovyov: Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” zərurəti ola bilər 

13 Avqust 2025

Foto: açıq mənbə

“Rusiya-1” telekanalının aparıcısı və Kremlin təbliğatçısı Vladimir Solovyov Azərbaycana qarşı müharibə aparılması ehtimalından danışıb.  Verilişində çıxış edən Solovyov Xəzər dənizində NATO bazasının yaradılmasının qarşısını almaq üçün yeni bir “xüsusi hərbi əməliyyat”ın zəruri ola biləcəyini iddia edib. Rusiya bu ifadəni artıq dörd ilə yaxın davam edən Ukrayna işğalını təsvir etmək üçün istifadə edir. “Anlamaq lazımdır ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir. Yaxın zamanda Xəzər dənizi elə bir vəziyyətə düşə bilər ki, orada NATO bazaları yaransın. Bu isə o qədər təhlükəlidir ki, geosiyasi baxımdan elə nəticələrə gətirib çıxara bilər ki, [Ukrayna müharibəsi] bizim nəslimizin sonuncu xüsusi hərbi əməliyyatı olmaya bilər”,...

Seçilmiş Videolar

Toplum TV loqo