Ölkə

İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"

20 iyun, 2026
648

sosial media

Paytaxtın Yasamal rayonunda yerləşən və Bayırşəhər kimi tanınan ərazidəki binaların tarixi abidələrin dövlət reyestrində saxlanılıb-saxlanılmayacağı ilə bağlı müzakirələr davam edir.

Belə ki, sakinlərin şikayətinə cavab olaraq Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Hüseyn Əfəndiyevin adından yazılan məktublarda qeyd  olunur ki, ərazidəki "istismar müddətini başa vurmuş və bərpa olunması mümkün olmayan bəzi binaların yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısından çıxarılması üçün müvafiq tədbirlər görülür". 

Məktubların bir neçəsi memar və ictimai fəal Abdul Hüseynov tərəfindən öz sosial media hesabında ictimailəşdirilib.

Məktublar sakinlərin Azərbaycan prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə və Bakı Şəhər Prokurorluğuna yazdıqları ərizələrə cavab olaraq, müxtəlif vaxtlarda göndərilib. Sakinlər ərizələrində Bayırşəhərdə bir ildən çoxdur söküntü işlərinin getməsindən şikayətləniblər. 

Abdul Hüseynov "Toplum TV"-yə bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, binaların tarixi abidələrin reyestrindən çıxarılmasından icra hakimiyyətləri yox, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məsuldur. 

Məqalə yayımlanana qədər Yasamal Rayon İcra Hakimiyyəti və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən açıqlama almaq mümkün olmayıb. 

"İcra başçısının müavini yəqin ki, üzərində səlahiyyət hiss edərək bu məktubu yazır. Bu savadsızlıqdır, yoxsa sadəcə Mədəniyyət Nazirliyinə göz yummaqdır? Belə çıxır ki, ölkədəki dövlət qurumları bir-birinə tabe olmur. Burada qərarverici orqan Mədəniyyət Nazirliyi və onun tabeliyindəki Mədəni İrsin Qorunması Xidmətidir. Onların Milli Elmlər Akademiyasına göndərdiyi rəy əsasında qərar verilir ki, abidələr reyestrdən çıxarılacaq, söküləcək və s.", - A.Hüseynov qeyd edib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti əvvəllər mətbuata və sakinlərə açıqlamalarında bildirib ki, ərazidə tarixi abidələrin reyestrində yer alan binalar sökülməyəcək. 

Bir ildən çoxdur ki, Bayırşəhərdə tarixi binaların və məhəllələrin söküntüsü gedir və yaşı 100-dən çox olan bir neçə bina sökülüb. 

Yasamal Rayon İcra Hakimiyyəti söküntünün ərazidəki Qış Parkının genişləndirilməsi üçün aparıldığını deyir. 

Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planına əsasən, Bayırşəhərdə Təzəpir məscidi ətrafındakı ərazi "xüsusi mühafizə olunan ərazi" statusuna malikdir. 

Bu statusa əsasən isə, ərazidə söküntü deyil, yalnız yenidənqurma və reabilitasiya işləri aparıla bilər. Sakinlər isə yalnız zəruri olduqda müvəqqəti şəkildə yaxınlıqdakı ərazilərə köçürülə bilərlər. 

A.Hüseynov isə daha öncə "Toplum TV"-yə deyib ki, ərazidə 120-130 yaşlı tarixi abidələr var ki, 2015-16-cı illərdə reyestrdən çıxarılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Şəkidəki ölümcül kanat qəzası ilə bağlı iki nəfər həbs olunub

3 noyabr 2026

sosial media

“Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı mərkəzi idarə edən sahibkar və daha bir şəxs həbs olunub. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. İstintaqın versiyasına görə, mərkəzin sahibi Ramiz Hüseynov “zipline” qurğusu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə həvalə edib. Qüllənin qanunsuz tikildiyi bildirilir. İstintaq materiallarına əsasən, qüllənin üzərindəki dəmir konstruksiya deformasiyaya uğrayıb və kanatda dalğalanma yaranıb. Bundan əlavə, kustar üsulla hazırlanmış tormozlama və təhlükəsizlik vasitələrinin nasazlığı nəticəsində “zipline” qurğusu kanatdan çıxıb, onun parça hissəsi...
Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...

Seçilmiş Videolar

Toplum TV loqo