“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’
Toplum TV
Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.
Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb.
“Umbakı Təcridxanasında saxlanılan ictimai fəal Nicad İbrahim təcridxana rəisinin otağında Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”, - Fərid İsmayılov bildirib.
Jurnalist əlavə edib ki, son vaxtlar Umbakı Təcridxanasında məhbuslara qarşı təzyiqlər artıb.
“Orada saxlanılan inanclı məhbuslar məktəblərdə tətbiq olunan hicab qadağasına etiraz olaraq aclıq etdikləri üçün fiziki zorakılığa məruz qalırlar”, - o deyib.
Bunları bildirdikdən sonra Fərid İsmayılov məhkəmə heyətinə müraciət edərək zaldan çıxarılmasını istəyib.
“Sizin üzünüzü görmək istəmirəm, sizin məhkəməni məhkəmə hesab etmirəm. Buna görə də öz xoşumla zaldan çıxmaq istəyirəm”, - o bildirib.
Hakim isə “hələ məhkəmə prosesi başlasın, ondan sonra baxarıq kimi çıxarırıq, kimi saxlayırıq” deyib.
Fərid İsmayılov buna cavab olaraq “məhkəmənin başlamasına ehtiyac yoxdur, indi çıxarın məni” deyib və zaldan çıxarılıb.
Bu zaman III Respublika Platformasının spikeri Akif Qurbanov hakimə müraciət edərək onu məhkəməni şouya çevirməkdə ittiham edib.
“Bütün vəsatətlərimizi rədd edirsən, burada təlxəklik edirsən. Etdiyin bu şoular tarixə düşəcək. Onsuz da İlham Əliyevin sifarişi ilə nə deyilibsə, o da olacaq. Sən kimsən ki, kiməsə göstəriş verəsən, kimisə zaldan çıxarasan, kimisə saxlayasan? Nə deyiblər, onu da et, biz də çıxaq gedək. Biz buraya ümumiyyətlə gəlmək istəmirik, məhkəmə zalına qalxmaq istəmirik”, - Akif Qurbanov deyib.
Bu mübahisələr fonunda hakim Zəfər Əhmədov prosesin təxirə salındığını elan edib.
Hakim bunu təqsirləndirilən şəxslərin üç vəkilinin prosesdə iştirak etməməsi ilə əsaslandırıb. Halbuki, prosesdə müdafiə tərəfinin digər vəkilləri iştirak edib.
Növbəti iclas dekabrın 7-nə təyin edilib.
Oktyabrın 5-də keçirilən əvvəlki iclasda da təqsirləndirilən şəxslərlə hakim Zəfər Əhmədov arasında mübahisə yaranmışdı. Həmin iclasda IDI əməkdaşı Ramil Babayev hakimə etiraz etdikdən sonra zaldan çıxarılmış, Əli Zeynal və İlkin Əmrahov isə etiraz olaraq zalı tərk etmişdilər. Media eksperti, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli hakimin davranışını tənqid edərək demişdi: “Siz özünüzü qanunun nümayəndəsi, hakim kimi aparmırsınız. Vəziyyəti bu yerə siz gətirib çıxarmısınız”.
Həmin iclasda Akif Qurbanov da hakimlərin onun etirazını dinləmədən qərar verməsinə etiraz etdikdən sonra zaldan çıxarılmışdı.
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə hökm elan olunub. Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli və Əli Zeynal 14 il, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Məhkum olunanların hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib. Məhkəmə onlara qarşı qaldırılmış mülki iddianı təmin edib, üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar