Məhkəmə

Bəxtiyar Hacıyev məhkəmədə: “İlham Əliyev çağırdı, gəldim, çox peşmanam” 

6 Aprel, 2024
3013

“Praqaya köçmüşdüm, işimi qurmağa çalışırdım. Məqsədim də həmişəlik orada qalmaq idi. İlham Əliyev məmurlarla xəbər göndərdi ki, qayıtsın, gəlsin. Mən də yığışıb qayıtdım. Kaş ki, qayıtmayaydım, çox peşmanam”. 

Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində üç aydan çoxdur ki, mühakiməsi davam edən ictimai fəal Bəxtiyar Hacıyev deyib. O, vurğulayıb ki, 2013-cü ildə getdiyi Praqadan 2015-ci ildə İlham Əliyevim çağırışıyla qayıdıb və az sonra şirkətlərini yaradıb. Ancaq elə ilk vaxtlardan sıxışdırılıb. 

Bəxtiyar Hacıyev il yarıma yaxındır ki, həbsdədir. O, 2022-ci ilin dekabrında Ülviyyə Alovluya qarşı xuliqanlıq, icra məmuru Orxan Abdullayevə xəsarət yetirmə, məhkəməyə hörmətsizlik ittihamları ilə həbs olunub. Sonradan yeni hallar kimi QHT fəaliyyətinə görə əlavə maddələr verilib və barəsindəki istintaq müddəti bir neçə dəfə uzadılıb. İstintaq orqanı Hacıyevi qaçqmalçılıqda, qanunsuz sahibkarlıqda, sənədi saxtalaşdırmaqda, müxtəlif beynəlxalq təkilatlardan qrantlar alıb təyinatı üzrə xərcləməməkdə təqsirləndirir. 

Aprelin 5-də keçirilən məhkəmədə Bəxtiyar Hacıyev ona verilmiş ittihamlar ətrafında danışıb. Epizodlar üzrə məhkəmənin və vəkillərin verdiyi sualları cavablayıb. Dəfələrlə hakimin diqqətinə çatdırıb ki, həbsi ictimai-siyasi fəaliyyəti ilə bağlıdır, tələb edib ki, məhkəmə, dövlət ittihamçısı ona siyasi suallar versin. 

Hakimsə ona pişiklərlə bağlı suallar verib. Söhbət Bəxtiyar Hacıyev barədə ilk şikayəti vermiş Ülviyyə Alovluyla Bəxtiyar Hacıyev arasındakı pişiklərin cütləşməsindən və aralarında düşən mübahisədən gedir. Bəxtiyar Hacıyev bildirib ki, Ülviyyə Alovlunun pişikləriylə onun çöl pişiyi cütləşəndən sonra Ülviyyə Alovlu balalarının ona verilməməsini bəhanə gətirərək sosial şəbəkələr üzərindən onun, ailəsinin ünvanına təhqirləq yazmağa başlayıb. Əslində isə bu iş Daxili İşlər Nazirliyinin ona qarşı hazırladığı təxribat, Ülviyyə Alovlu isə həmin təxribatın bir parçası olub. Qarşılıqlı ittihamlar onları Yasamal məhkəməsinədək aparıb. Orada təxribatın əsas hissəsi həyata keçirilib. Ülviyyə Alovlu onu qəsdən təhqir edərək qıcıqlandırıb və adekvat cavab polisə şikayətlə davam edib. 

Bəxtiyar Hacıyevin “Bayaqdan pişiklərdən danışıram, siz də sakitcə qulaq asırsız, saatlarla da danışsam, sözümü kəsməzsiz. Ancaq mən siyasi mövzuda danışmağa başlayanda, o dəqiqə sözümü kəsirsiz”, deməsi məhkəmə salonunda əyləşənlərdə və məhkəmə heyətində gülüşə səbəb olub. 

Bəxtiyar Hacıyev vəkillərin və hakim heyətinin şirkətlərin yaradılması, fəaliyyəti, maliyyə məsələləriylə bağlı suallarını cavablandırarkən hakimdən xahiş edib ki, onu bir həftəliyə ev dustaqlığına buraxsın: “Buraxın məni, gedim sənədləri gətirim, sübut edim ki, bütün fəaliyyətim tam qanuni olub. Ancaq bilirəm ki, bunu da edə bilməzsiz. Həbsimi Vilayət Eyvazov sifariş edib, ev dustaqlığına buraxılmağım üçün də gərək onun razılığı olsun, sizi yaxşı anlayıram”.  

Bəxtiyar Hacıyev zərərçəkənlərin məhkəməyə gəlməməsinə, məhkəmə iclaslarının uzun fasilələrlə keçirilməsinə də diqqət çəkib. Tələb edib ki, zərərçəkənlər məhkəməyə məcburi gətirilsin, məhkəmə iclaslarının arasındakı intervalların qısaldılsın: “16 aydır həbsdəyəm, 3 aydan çoxdur məhkəmə başlayıb, burada hər dəfə eyni sualları cavablandırmaqdan, eyni şeyləri təkrar danışmaqdan bezmişəm. Zərərçəkənlərlə bağlı suallar verilir, ancaq özləri məhkəməyə gəlmir. Növbəti məhkəmə iclasını aprelin 19-na təyin edirsiz, halbuki, tezləşdirə də bilərsiz. Məhkəmə iclası aprelin 8-də davam etsin və tez yekunlaşsın”. 

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə hörmətsizlik (Cinayət Məcəlləsinin 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələrilə ittiham irəli sürülüb.
2023-cü il noyabrın 7-də Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsilə ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev hesab edir ki, ona qarşı bütün ittihamlar saxtadır. O əmindir ki, həbsinin və ittihamların səbəbi hakimiyyəti tənqid etməsidir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Beynəlxalq təşkilatlar dəfələrlə onun azad edilməsinə çağırıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo