Məhkəmə

“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”

16 Mart, 2026
280

foto/kollaj: Toplum TV

Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV” həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli səhhətlərindəki problemlərlə əlaqədar ev dustaqlığına buraxılmaları üçün vəsatət veriblər.

Hakim isə bu şəxslərin səhhətləri barədə ötən dəfə Bakı İstintaq Təcridxanasına göndərilmiş sorğuya gələn cavabı oxuyub. Cavabda iddia olunub ki, R. İzzətliyə müayinə nəticəsində öd daşı xəstəliyi diaqnozu qoyulsa da, onun təcili əməliyyat olunması barədə göstəriş yoxdur.

“Təcili zərurət o zaman yaranacaq ki, öd partlayacaq və 3 saat içində məni əməliyyata salmalı olacaqlar ki, qana keçib zəhərlənmə yaratmasın”, - R. İzzətli bildirib.

A. Tağıyev isə ona cavab olaraq deyib ki, təcili zərurət olmadan da əməliyyat oluna bilər və əməliyyat tarixi razılaşdırıldığı təqdirdə məhkəmə buna icazə verəcək.

Ə. Məmmədli isə hakimə etiraz edərək bildirib ki, təcridxanada saxlanma şəraiti gigiyenik qaydalara cavab vermir və şəxsə əməliyyatdan sonra ev şəraitində baxılmalıdır.

Təcridxanadan Ə. Məmmədlinin səhhəti ilə bağlı göndərilmiş cavabda isə yazılıb ki, onun vəziyyəti qənaətbəxşdir və tibbi xidmət əlçatandır.

Ə. Məmmədli bu izahata etiraz edərək onun səhhətindəki problemlərin miqyasının kiçildildiyini deyib.

“Yazıblar ki, qalxanabənzər vəzdəki şişlərin ölçüsündə dəyişikliklər yoxdur. Bu ölçülər orada dəqiq göstərilməlidir ki, endokrinoloq tərəfindən baxılsın. Eyni zamanda, məndən qan hormonları ilə bağlı analizlər götürməmişdilər. Yalnız mən şikayət edəndən sonra bir analiz götürdülər, onun da nəticələrini hələ sizə təqdim etməyiblər, digərlərini isə hələ də götürməyiblər. Yəni, bu, “əlçatandır” ifadəsi elə səslənir ki… Mən 2 ildən çoxdur burada nəinki məhkəmə hökmü, hətta heç bir sübut olmadan saxlanılıram. Bir tərəfdən də yeni xəstəliklər tapıram. Məqsəd öldürməkdirsə, bir başqa formada öldürün. Hüququ bir kənara qoydum, bu insani davranış da deyil”, - o əlavə edib.

Ə. Məmmədlinin vəkili Zibeydə Sadıqova da çıxış edərək təcridxanada müayinələr aparılmadığını, müvəkkilinin zəruri müayinə və müalicələrlə təmin olunması üçün azadlığa buraxılmasının vacib olduğunu deyib.

“Bakı İstintaq Təcridxanasında yalnız təzyiq ölçürlər. Sağ olsunlar ki, heç olmasa, verdikləri cavabda Ələsgər bəyin təzyiq xəstəsi olduğunu yazmağı unutmayıblar. Özünüz də görürsünüz ki, adam xəstədir, əziyyət çəkir. Buraxın, ya özü öz cibinin pulu ilə özünü müalicə eləsin, ya da dövlət məşğul olsun müalicəsi ilə”, - o qeyd edib.

Təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov da vəsatəti dəstəkləyərək deyib ki, təcridxana tərəfindən heç bir müalicə aparılmır.

“Biz aldığımız bütün tibbi xidmətlərin pulunu öz cibimizdən veririk. Onlar deməsin ki, bizə tibbi xidmət verirlər. Hər şeyin pulunu özümüz veririk”, - o vurğulayıb.

Hakimlər müşavirədən sonra vəsatətlərin təmin olunmamasına qərar veriblər. A. Tağıyev qərarı əməliyyata ehtiyacı olan şəxslərin ev dustaqlığına buraxılmadan da əməliyyat oluna biləcəyi ilə əsaslandırıb. O, həmçinin təqsirləndirilən şəxslərin iş üzrə şahidlərə təsir edə biləcəyini deyib.

Təqsirləndirilən şəxslər isə şahidlərin hamısının dindirildiyini xatırladıblar. Onlardan biri əvvəlki proseslərdə şahid kimi çağırılması tələb olunmuş prezidentin köməkçisi Hikmət Hacıyevin hələ də məhkəməyə gətirilə biləcəyini deyərək zarafat edib.

Daha sonra prosesdə təqsirləndirilən şəxslərin dindirilməsi davam edib. Vəkillər təqsirləndirilən şəxs, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Ramil Babayevə saxlanma anı barədə suallar veriblər.

R. Babayev bildirib ki, evində axtarış aparan polislər mənzilə pul vəsaiti qoyaraq daha sonra onu götürüblər. Onun sözlərinə görə, pulu saymaqdan imtina etdikdən sonra polislər onu ev yoldaşının da saxlanılacağı ilə hədələyiblər.

Ardınca çıxış edən İDİ rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov bildirib ki, polislər ofisə pul vəsaiti qoyub götürsələr də, onu saxladıqdan sonra evinə apararkən mənzildə axtarış aparmayıblar.

“Özüm də soruşdum ki, evdə axtarışa ehtiyac görmürsünüz deyəsən? Özləri də gülümsədilər. Niyə də axtarış aparmalı idilər ki? Onlar göstərişi yerinə yetirirdilər. Sonradan tapıldığı iddia olunan cihaz və pulların bir hissəsini evdən götürdüklərini yazıblar”, – o deyib.

A. Qurbanov axtarış zamanı evə gəlməyə çalışan vəkili Şəhla Hümbətovaya polislərin zorakılıq göstərdiyini xatırladıb.

Daha sonra Fərid İsmayılov vəsatət verərək məhkəmə proseslərinin mətbuata açıq keçirilməsini istəyib:

“Evimdən guya 3100 avro pul tapıblar. Bu niyə cinayət hesab olunur? Çıxsın Mərkəzi Bankın sədri bəyan etsin ki, ay camaat, evinizdə pul saxlamayın, yoxsa polislər gəlib sizi tutub aparacaq. Ramiz Mehdiyevin evindən 17 milyon pul tapırlar, ev dustaqlığı qərarı verirlər. Mən isə 25 aydır saxta ittihamlarla üzləşirəm, 14 aydır girov saxlanılıram. Siz belə işə görə müstəntiqlərə cinayət işi açmalı idiniz”.

Növbəti məhkəmə prosesi aprelin 6-sı saat 10:00-a təyin olunub.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azər Qasımlını ittiham edən şəxs indi də həyat yoldaşını şikayət edib 

17 Aprel 2026

Foto: Meydan TV

Həbsdə olan müxalif siyasətçi Azər Qasımlını hədə-qorxuda ittiham etmiş Qurbanəli Yusifov indi də onun həyat yoldaşı Samirə Qasımlıya qarşı iddia qaldırıb.  S.Qasımlının "Toplum TV"-yə verdiyi məlumata görə, Q.Yusifov onu Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin (böhtan) pozulmasında ittiham edərək Binəqədi Rayon Məhkəməsinə şikayət edib.  Şikayətin qeydiyyata alınması haqda məlumat elektron məhkəmə sistemindən S.Qasımlıya göndərilib.  A.Qasımlı martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il həbs cəzası alıb.  A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib.  O, ittihamı rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirirdi.  Cinayət işində iddia olunur ki, A.Qasımlı...
Məhkəmə

Namizəd Səfərovun həbs müddəti uzadılıb 

14 Aprel 2026

Açıq mənbə

Həbsdə olan hüquq müdafiəçisi, Azərbaycan Xalq Parlamentinin həmsədri Namizəd Səfərovun barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılıb.  APA-nın xəbərinə görə, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi keçirilən prosesdə N.Səfərovun həbs müddətinin daha 3 ay uzadılmasına qərar verilib.  N.Səfərov ötən ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilir.  İddiaya görə, N.Səfərov bir şəxsdən 53 min manat məbləğində pul vəsaiti alaraq onu vəzifəyə düzəltməyə söz verib.  Azərbaycan Xalq Parlamenti N.Səfərova qarşı cinayət işini "əsassız, siyasi motivli və cəmiyyətdə siyasi vahimə xofu yaratmaq məqsədilə keçirilən siyasi akt" kimi qiymətləndirib.  N.Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb....

Seçilmiş Videolar

Toplum TV loqo