Məhkəmə

Fərid İsmayılov 27 yaşını həbsdə qeyd edir 

4 Sentyabr, 2025
850

Foto: sosial media

Həbsdə olan Toplum TV əməkdaşı Fərid İsmayılov 27 yaşını da həbsdə qeyd edir. 

"Toplum TV işi” üzrə ötən il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, bu il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib. 

F.İsmayılov dəfələrlə məhkəmə proseslərində heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib. 

İyulun 22-də Milli Mətbuat Günü münasibətilə ictimaiyyətə müraciət edən F.İsmayılov deyib: 

"Jurnalistlərin həbsinə qərar verənlər indi rahat qaçaqmalçılıq, qanunsuz sahibkarlıqla məşğul ola bilir. Həsən bəy Zərdabi dövrümüzdə yaşasaydı, hökumət “Əkinçi”nin redaksiyasına avrolar atıb onu da həbs edəcəkdi. Zərdabi həbsdən canını yaxşı qurtarıb. Bizlərin də tezliklə həbsdən çıxıb sizlərə həqiqətləri yenidən çatdıracağımıza əminəm."

F.İsmayılov, həmçinin, səhhətində problemlərdən şikayət edir. Məhkəmə proseslərinin birində o, hakimə müraciət edərək səhhətilə əlaqədar iclaslara qatılmaq istəmədiyini deyib. 

Fransanın "Jurnalistlər Evi" təşkilatının saytına danışan vəkil Zibeydə Sadıqova jurnalistin müvafiq tibbi yardım və  müayinə ilə təmin olunmadığını deyib. “Müvəqqəti müalicələr, məsələn, damar yolu ilə dərmanlar verilir, lakin tibbi qiymətləndirmələr barədə heç bir məlumat təqdim olunmur”, - o bildirib. 

F.İsmayılovun anası Məlahət İsmayılova oğlunun vəziyyətinin hər gün daha da pisləşdiyini deyib. “Onun ayaqda dura bilməsi naminə hər həftə damar yolu ilə vurulması üçün maye və dərman aparıram. Hətta onun həkimi də dedi ki, təcriddə qala bilməz, çünki bu, ürək çatışmazlığına səbəb ola bilər”, - o qeyd edib. 

Beynəlxalq təşkilatlardan “Jurnalistləri Qorumaq Komitəsi” və “Sərhədsiz Reportyorlar” da F.İsmayılovun pisləşən səhhəti ilə bağlı narahatlıq ifadə edib və onun azadlığı üçün hakimiyyətə çağırış edib. 

Fransanın "Jurnalistlər Evi" F.İsmayılovun “araşdırmaçı reportajları və ictimai məsələlərdə kəskin sualları ilə tanınan” jurnalist olduğunu vurğulayıb. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...
Məhkəmə

Ermənistanda saxlanılan Azərbaycan əsgəri barəsində həbs qətimkan tədbiri seçilib

2 Oktyabr 2026

sosial media

Ermənistanda saxlanılan, Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev barəsində həbs qətimkan tədbiri seçilib. Oktyabrın 2-də Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumata görə, yerli məhkəmə əsgər barəsində 2 aylıq həbs qərarı çıxarıb. Ona qarşı hansı ittihamın irəli sürüldüyü açıqlanmayıb. Lakin Ermənistan Baş Prokurorluğu ötən gün verdiyi açıqlamada N.Musayevin qanunsuz olaraq Ermənistana keçdiyini və Syünik rayonunun Şəki kəndində yerli sakinə atəş açdığını bildirib. Azərbaycan Baş Prokurorluğu da həmin gün yaydığı məlumatda Laçın istiqamətində xidmət keçən N.Musayevin sentyabrın 26-dan itkin düşdüyünü təsdiqləyib. Araşdırma nəticəsində onun xidmət etdiyi hərbi hissəni "özbaşına tərk etməsinə dair əsaslı şübhələr müəyyən edildiyi" də qeyd olunub. N.Musayevin yaxınlarının müraciəti daha əvvəl...

Seçilmiş Videolar

Toplum TV loqo