Kartof-soğandan tutmuş kompüterə qədər hər şey uçota alınacaq: Məqsəd nədir?
ChatGbt
Gələn ildən Azərbaycanda həyətyanı təsərrüfatlarda yetişdirilən tərəvəzlərdən tutmuş evlərdəki planşetlərə qədər hər şey uçota alınacaq. Bu, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovun oktyabrın 13-də imzaladığı qərarda öz əksini tapıb.
Qərara əsasən, yanvarın 1-dən ölkəboyu icra hakimiyyətlərinin ərazi dairələri üzrə nümayəndələri evləri bir-bir gəzərək sorğu aparacaq və ev təsərrüfatları barədə məlumatları qeydə alacaq. Uçota alınacaq məlumatlara ailə üzvlərinin siyahısı, otaqların sayı, evin kommunal xidmətlərlə təchizat səviyyəsi, avtomobillərin sayı və başqa məlumatlar daxildir.
Torpaq sahəsinə sahib olan sakinlər isə suvarma üsulundan tutmuş il ərzində yığdıqları meyvə-tərəvəzin çəkisinə qədər əksər məlumatları icra nümayəndəsinə açıqlamalıdır. Buraya təsərrüfatdakı texnikanın, eləcə də mal-qara, toyuq-cücə, arı ailəsi və istehlak məqsədilə istifadə olunan digər heyvanların sayı da aiddir. Hətta bir il ərzində hər heyvan növündən nə qədər ət, süd, yun, yumurta və başqa məhsullar alındığı da ayrıca uçota alınacaq.
Yığılması nəzərdə tutulan bəzi məlumatlar isə xüsusilə diqqət doğurur. Məsələn, ailə üzvlərindən biri son bir il ərzində uçotun aparıldığı ünvanda daimi yaşamayıbsa, onun müvəqqəti yaşayış ünvanı, köçmə tarixi, hətta köçməyinin səbəbi qeyd olunmalıdır. Kirayədə yaşayan sakinlər də yazılı müqavilə, yoxsa şifahi razılaşma əsasında mənzildə yaşadıqlarını icra nümayəndəsinə bildirməlidir. Əlavə olaraq, ailə üzvlərinin məşğulluq və təhsil səviyyələri, evdə vanna və ya duşun, internetə çıxışın olub-olmaması, eləcə də kompüter və planşetlərin sayı da uçota alınacaq.
Qərarda uçot məlumatlarından əhalinin milli və sosial mənsubiyyətinin və cins-yaş tərkibinin müəyyən edilməsi, torpaq sahələrindən istifadə vəziyyətinin öyrənilməsi, habelə seçkidə iştirak hüququna malik olan şəxslərin siyahılarının hazırlanması üçün istifadə ediləcəyi yazılıb.
Qərara münasibət bildirən sosial şəbəkə istifadəçiləri isə bu cür genişmiqyaslı uçotu şəxsi məlumatların toxunulmazlığının pozulması kimi qiymətləndirib. Xeyli istifadəçi bunu hökumətin vətəndaşlar üzərində nəzarəti gücləndirmək planı kimi təsvir edib.

Siyasi psixoloq Samirə Qasımlı deyir ki, hökumətin uçotun məqsədləri ilə bağlı əsaslı izahat verməməsi cəmiyyətdə təbii olaraq narahatlığa səbəb olur.
“Ona görə də, indi Azərbaycan hökumətinin bu addımı atmasının nəyə xidmət etdiyini biz hələ deyə bilmirik, çünki özü birincisi aydınlıq gətirməlidir. Amma Azərbaycanda mənim gördüyüm odur ki, hər şey insanın xeyrinə deyil, ziyanına baş verməkdədir. Atılan addımlar, görülən işlər hələ ki, vətəndaşın maraqlarını və mənfəətini təmin etmir”, - o qeyd edib.

Açıq Azərbaycan Təşəbbüsünün təsisçisi, iqtisadçı Zöhrab İsmayıl isə uçotun ev təsərrüfatlarının vergiyə cəlb olunması və nəzarəti gücləndirməyə hesablandığına inanır. O, hökumətin gələn ildən fermerlərin vergi güzəştlərini ləğv etmək təklifini xatırladaraq deyir ki, əkin sahələri və heyvanların uçotunun aparılması bu istiqamətdə vergi yığımına xidmət edəcək.
“Çünki ölkə əldə etdiyi neft gəlirlərindən ilbəil məhrum olur. Gəlirlər azalır və bunun yerini doldurmaq lazımdır. Ona görə də, bütün bu imkanlardan istifadə edirlər”, - o əlavə edib.
İqtisadçının sözlərinə görə, inkişaf etmiş ölkələrdə də statistika məqsədilə sorğular keçirilir, lakin bu sorğular bütün əhalini deyil, xüsusi metodologiya ilə seçilmiş əhali qruplarını əhatə edir. O əlavə edir ki, bu cür araşdırmalar adətən dövlət yox, universitetlər və müstəqil mərkəzlər tərəfindən aparılır.
“Azərbaycandakı problem bundan ibarətdir ki, Dövlət Statistika Komitəsinin müayinəsinin alternativi yoxdur deyə onlar bütün manipulyasiyaları edirlər. Azərbaycanda bu alternativləri hökumət siyasəti ilə tədricən məhrum ediblər və hər şeyi Dövlət Statistika Komitəsinin monopoliyasına veriblər”, - o bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
president.az
sosia media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub