Siyasət

İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi? 

15 Avqust, 2025
1222

Foto: president.az

“İlham Əliyev hakimiyyətdə qaldıqca Azərbaycanda siyasi məhbus problemi davam edəcək”

Avqustun 8-də Vaşinqtonda baş tutan Azərbaycan, Ermənistan və ABŞ liderlərinin birgə və ikili görüşlərindən sonra Azərbaycanda siyasi yumşalma olacağı barədə fikirlər yayılıb. 

Erməni jurnalist Ararat Petrosyanın Ermənistan baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp arasındakı görüşdən yayımladığı videoda baş nazirin Azərbaycandakı erməni məhbusların məsələsini qaldırdığı görünür. 

Videoda Tramp Paşinyanla Azərbaycanda 23 xristian erməninin həbsdə olduğunu dəqiqləşdirir və Azərbaycan prezidenti İlham Əliyevdən onları azad etməsini xahiş edəcəyini deyir. 

Sözügedən məhbusların əksəriyyəti 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağdakı hərbi əməliyyatından sonra erməni əhalinin Ermənistana köçü zamanı saxlanılıblar. Onların arasında keçmiş separatçı rejimdə prezident vəzifəsini daşımış Arayik Harutyunyan, Bako Saakyan, Arkadi Qukasyan  və dövlət naziri vəzifəsini daşımış milyarder Ruben Vardanyan var. 

Hazırda onların məhkəmələri davam edir. 

Trampın Əliyevlə görüşündən yayılan videolarda isə bu mövzuya toxunulduğu müşahidə olunmur. İmzalanan sənədlərdə də bu barədə qeydə yer verilməyib. 

Buna baxmayaraq, yerli ekspertlər Tramp-Əliyev görüşündə bu məsələnin müzakirə olunduğunu və erməni məhbusların gec-tez azad olunacağını düşünürlər. 

Toplum TV-yə danışan konfliktoloq və hüquq müdafiəçisi Arif Yunus xatırladır ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanda əsirlikdə olan ermənilər də müxtəlif vaxtlarda əsir mübadilələri ilə azad olunublar. 

Erməni məhbuslardan əlavə həbsdə olan müstəqil jurnalistlər və vətəndaş cəmiyyəti üzvlərinin də azad olunması ilə bağlı ümidlər yaranıb. 

Azərbaycanda Siyasi Məhbusların Azadlığı üçün Birliyin iyunun 9-da açıqladığı siyahıya əsasən siyasi motivlərlə həbs olunduğu bildirilən şəxslərin sayı 375-ə çatıb. 

A.Yunus düşünür ki, siyasi məhbus kimi tanınan şəxslərin də bir neçəsi azadlığa buraxılacaq, lakin bu Azərbaycanın “siyasi məhbus” problemini həll etməyəcək. 

“Azərbaycanda siyasi məhbus problemi İlham Əliyev hakimiyyətdə qaldıqca davam edəcək. İndi 5-10 nəfəri buraxsalar da, az keçməmiş yenilərini tutub sayı 400-ə çatdıracaqlar. Siyasi məhbuslar Əliyevin Qərblə münasibətlərində həmişə alver predmeti olub”, - o bildirib. 

Təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən digər siyasi ekspert isə düşünür ki, erməni məhbusların buraxılacağı gözləniləndir. 

“Güman etmək olar ki, bu məsələ artıq ABŞ-nin hazırki administrasiyası tərəfindən son sülh danışıqları çərçivəsində qaldırılıb. Sadəcə məhkəmələr hələ davam etdiyi üçün Azərbaycan rəhbərliyi buna hazırda isti yanaşmayıb və ümumi razılaşma təmin olunub ki, növbəti mərhələlərdə onlar buraxılacaqlar”, - o Toplum TV-yə deyib. 

Şərhçi bunun Azərbaycan hökuməti üçün çətin qərar olduğunu da düşünür, çünki həbsdə saxlanılan ermənilər konkret müharibə cinayətlərində ittiham olunurlar. 

“Onların azad edilib, Tofiq Yaqublu və Ruslan İzzətli kimi müharibə veteranlarının, Bəhruz Səmədov və Emin İbrahimov kimi sülh fəallarının, qadın jurnalistlərin həbsdə saxlanması cəmiyyətdə suallar yaradacaq. Bu şəraitdə hökumət bir neçə ssenari üzrə irəliləyə bilər. Birincisi odur ki, əhəmiyyətli sayda siyasi məhbuslar erməni məhbuslardan öncə və ya eyni ərəfələrdə azadlığa buraxılır - mümkündür ki, ölkədən getmələri şərti ilə. İkinci ssenari odur ki, önümüzdəki aylarda hökumət yerdə qalan fəallara və müxalifətə qarşı repressiyaları artırır, siyasi məhbusların sayı xeyli artır, sonra isə həmin şəxslər qısa müddət sonra erməni məhbuslarla paralel olaraq azadlığa buraxılır və nəticədə siyasi məhbus sayı azalsa da, hökumətin həbsdə saxlamaq istədiyi şəxslər (məsələn, siyasətçilər və araşdırmaçı jurnalistlər) həbsdə qalırlar. Üçüncü ssenari odur ki, Azərbaycan hökuməti bütün vasitələrdən istifadə edərək həm erməniləri, həm də siyasi məhbusları azad etmək təzyiqinə müqavimət göstərir və bunu illərlə gecikdirir”, - o bildirib. 

Jurnalist və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Təzəxan Mirələmli “Facebook” səhifəsində iddia edib ki, artıq həbsdə olan bəzi şəxslərə əfv ərizəsi yazmaqları təklif olunub. 

“İndi Azərbaycandakı 370-dən yuxarı siyasi məhbusa şamil edilmədən əfv sərəncamı imzalayıb ora 23 nəfər erməninin salınmasının mümkün olmasını düşünmək olarmı? Əlbəttə, xeyr. Buna görə də artıq bu gündən bəzi siyasi məhbuslara əfv yazmaq barədə təkliflər olunub. Onlardan kimin bu təklifi qəbul edəcəyi, kimin etməyəcəyi dəqiq məlum olmasa da, yaxın zamanda əfv sərəncamı olacağının ehtimalı böyükdür. Təcrübə göstərir ki, bütün əfv sərəncamları öncəsi maksimum sayda ərizə almağa cəhd olunur. Amma bu o demək deyil ki, əfv ərizəsi yazmayanlar siyahıya daxil edilmir”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Akif Qurbanov: “Polisin ofislərə və evlərə qoyduğu pullar qaçaqmalçılığın sübutu kimi təqdim edilib”

20 İyun 2026

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ona qarşı irəli sürülən ittihamlar və məhkəmə prosesi ilə bağlı ictimaiyyətə açıqlama verib. Açıqlamanı olduğu kimi təqdim edirik: Hakimiyyət bizim işdə iddianı üç əsas üzərində qurmuşdu. Polisin öz əli ilə ofislərə və evlərə qoyduğu pullar guya qaçaqmalçılığın sübutudur. Təqsirləndirilən şəxslərdən və şahidlərdən məcbur edilməklə alınan və həqiqəti əks etdirməyən ifadələr digər ittihamlara sübut kimi göstərildi. Sonrakı məhkəmə iclaslarında həm təqsirləndirilən şəxslər, həm də şahidlər ittihamın iddialarını alt-üst etdilər. İlkin ifadələrdə yazılanların onların öz iradələri olmadığını açıq şəkildə ortaya qoydular. Ofislərdən, evlərdən götürülən...
Siyasət

AİHM aprel döyüşlərində ölən erməniyə görə 104 min avrodan çox təzminat təyin edib 

18 İyun 2026

Açıq mənbə

İyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin aprel döyüşlərində ölmüş erməni hərbçinin ailə üzvlərinin şikayətləri ilə bağlı iş üzrə qərar verib.  Ərizəçilər həmin vaxt keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni ordusunda mayor rütbəsi daşımış hərbçinin ailə üzvləri olub. Onlar ərizələrində iddia edib ki, hərbçi Talış kəndinə daxil olmuş azərbaycanlı əsgərlər tərəfindən güllələnib, sonra isə əlləri və başı kəsilib. Azərbaycan hökuməti iddia ilə bağlı AİHM-ə bildirib ki, hadisənin baş verdiyi deyilən yer həmin vaxt erməni işğalı altında olub, buna görə də Azərbaycanın hadisəni araşdırmaq imkanları olmayıb.  Ərizəçilər ailə üzvlərinin işgəncəyə məruz qaldığını və qanunsuz şəkildə öldürüldüyünü, özlərinin isə buna görə...

Seçilmiş Videolar

Toplum TV loqo