Dünya

“Reuters”: ‘NATO liderləri Ankarada on milyardlarla dollarlıq silah sazişləri elan etməyə hazırlaşır’

7 İyul, 2026
123

AFP

NATO ölkələrinin liderləri Ankarada keçiriləcək sammit çərçivəsində on milyardlarla dollar dəyərində müdafiə sənayesi sazişləri elan etməyi planlaşdırırlar. “Reuters”in yazdığına görə, bu addım Avropa ölkələrinin müdafiə xərclərini artırmaqla bağlı ABŞ-nin çağırışlarını nəzərə aldıqlarını nümayiş etdirmək məqsədi daşıyır.
Sammit çərçivəsində açıqlanacaq qərarlar ABŞ prezidenti Donald Trampla keçiriləcək görüş ərəfəsində hazırlanır.

NATO-nun baş katibi Mark Rutte bundan əvvəl bildirib ki, Avropa ölkələri son illər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıblar. Onun sözlərinə görə, buna əsas səbəblərdən biri Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən sonra Avropada təhlükəsizliklə bağlı narahatlıqların artmasıdır. Digər mühüm amil isə Donald Trampın NATO-nun Avropa üzvlərini müdafiəyə daha çox vəsait ayırmağa çağırmasıdır.

Rutte ötən ay açıqlayıb ki, NATO-nun Avropa üzvləri və Kanada 2025-ci ildə müdafiəyə 2024-cü illə müqayisədə 90 milyard dollar çox vəsait ayırıb. Bununla da ümumi müdafiə xərcləri 570 milyard dolları ötüb. Bu isə bir il ərzində təxminən 20 faizlik artım deməkdir.

ABŞ və İsrailin İranla müharibəsi fonunda Tramp NATO müttəfiqlərini yenidən tənqid edib. O, Avropa ölkələrini ABŞ-yə kifayət qədər dəstək verməməkdə ittiham edib, həmçinin alyansdan çıxmaq və kollektiv müdafiə öhdəliklərini yerinə yetirməmək ehtimalını yenidən gündəmə gətirib.

Avropalı rəsmilər isə bildirirlər ki, NATO çərçivəsində üzərlərinə düşən öhdəlikləri yerinə yetiriblər. Onların sözlərinə görə, Avropa ölkələri ABŞ-yə hava məkanlarından və hərbi bazalarından istifadə imkanı verib. Bununla yanaşı, İranla bağlı hərbi əməliyyatların planlaşdırılması zamanı Avropa müttəfiqləri ilə məsləhətləşmələrin aparılmadığı vurğulanır. Rəsmilər hesab edirlər ki, bu vəziyyət həm Avropa iqtisadiyyatına mənfi təsir göstərib, həm də qitədə narazılığı artırıb.

Ankarada elan olunacaq müdafiə sazişlərinin detalları hələ açıqlanmayıb. Niderlandın müdafiə naziri Dilan Yeşilgöz bildirib ki, ölkəsi ümumi dəyəri 3 milyard avrodan çox olan yeni saziş və layihələr təqdim edəcək. Bunlara Belçika ilə hava hücumundan müdafiə sahəsində əməkdaşlıq, Böyük Britaniya ilə isə hərbi gəmilərin tikintisi üzrə birgə layihələr daxildir.

“Reuters”in məlumatına görə, sammit ABŞ-Türkiyə münasibətlərində də dönüş nöqtəsi ola bilər. Agentlik yazır ki, Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ankaranın “F-35” qırıcı təyyarələri proqramına yenidən qoşulmasına icazə verilə biləcəyini bildirə bilər.

Türkiyənin “F-35” proqramından çıxarılması uzun müddətdir Vaşinqton və Ankara arasında əsas mübahisə mövzularından biridir. ABŞ 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə Ankaraya sanksiyalar tətbiq edib və ölkəni “F-35” proqramından kənarlaşdırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp: “Gözəl Qrenlandiyamızda neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”

14 Oktyabr 2026

whitehouse

“Yeni və gözəl Qrenlandiyamızda genişmiqyaslı neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”. ABŞ prezidenti Donald Tramp bunu oktyabrın 14-də özünün “Truth Social” hesabında yazıb. ABŞ lideri Qrenlandiyanın təbii sərvətlər baxımından böyük potensiala malik olduğunu vurğulayıb. Adanın Arktikada strateji mövqeyə sahib olduğunu qeyd edən Tramp bölgənin həm iqtisadi, həm də təhlükəsizlik baxımından ABŞ üçün əhəmiyyətini ön plana çəkib. “Ekspertlər bildirirlər ki, asanlıqla çıxarıla bilən neft ehtiyatlarının həcmi dünyanın demək olar ki, istənilən digər ərazisindəkindən xeyli çoxdur. Daha da vacibi, Qrenlandiya həm Amerika Birləşmiş Ştatlarının, həm də Avropanın müdafiəsi və hücum imkanları baxımından misilsiz təhlükəsizlik əhəmiyyətinə malikdir. ABŞ-yə gələcəkdə baş...
Dünya

Macarıstan parlamenti LGBTQ+ “təbliğatı”na dair qadağanı ləğv edib

14 Oktyabr 2026

Christo

Macarıstan parlamenti LGBTQ+ şəxslərin hüquqlarını məhdudlaşdıran müddəaların 2021-ci ildə qəbul olunmuş “uşaqların müdafiəsi haqqında” qanundan çıxarılmasına səs verib. Oktyabrın 13-də keçirilən səsvermədə hakim “Tisa” partiyasından olan 139 deputat dəyişikliklərin lehinə, 51 deputat isə əleyhinə çıxış edib. Viktor Orban hökuməti dövründə qəbul edilən əvvəlki qanun 18 yaşdan kiçik şəxslər üçün homoseksuallığın və transgenderliyin “təbliğini” qadağan edirdi. Bu müddəalar LGBTQ+ mövzularının məktəblərdə, mediada və reklamlarda təqdimatını məhdudlaşdırmaq üçün istifadə olunurdu. Qanun həmçinin “Pride” yürüşlərinin qadağan edilməsinə hüquqi əsas yaratmışdı. Yeni redaktədə LGBTQ+ şəxslərə və ya gender kimliyinə dair birbaşa qeyd yoxdur. Sənəddə yalnız uşaqların fiziki, intellektual, emosional və mənəvi inkişafına ciddi zərər...

Seçilmiş Videolar

Toplum TV loqo