Siyasət

4 erməni məhbus azad olundu: Digərlərini və “siyasi məhbus”ları nə gözləyir?

16 Yanvar, 2026
617

Foto/kollaj: Toplum TV

Yanvarın 14-də Azərbaycanda həbs cəzası çəkən dörd erməni məhbus azad olunaraq Ermənistana qaytarıldı. 

Azərbaycan ictimaiyyəti xəbəri Ermənistan baş naziri Nikol Paşinyandan öyrəndi və müharibə cinayətlərində təqsirli bilinmiş şəxslərin qaytarılması ilə bağlı rəsmi izahat verilmədi. 

Növbəti gündən mətbuatda çıxış edən deputatlar isə burada “humanizm prinsipinin rəhbər tutulduğuna” diqqət çəkdilər. 

“Biz artıq başqa bir müstəviyə keçir, dünyaya başqa nümunələri də göstəririk. Göstəririk ki, biz kişi kimi mübarizə apara bilirik”, - Milli Məclisin üzvü Səməd Seyidov “Pravda.az”a deyib. 

Azərbaycanda soyqırımı və terrorizm də daxil olmaqla müxtəlif cinayət əməllərində təqsirləndirilərək həbsdə saxlanılan daha 19 erməni məhbus var. Onların sırasında keçmiş Dağlıq Qarabağ ərazisində mövcud olmuş separatçı hökumətin liderləri də var. 

4 məhbusun qaytarıldığı gün APA hakimiyyətdəki anonim mənbələrə istinadən digər ermənilərin qaytarılmayacağı barədə xəbər yaydı. “Azərbaycan xalqına qarşı cinayət törətmiş xunta rəhbərləri və digərlərinin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur”, - açıqlamada deyilir. 

Erməni məhbusların qaytarılması barədə müzakirələr uzun müddətdir davam edirdi. Ermənistan rəsmiləri əvvəllər onların azadlığı üçün açıq bəyanatlar versə də, ötən ilin əvvəlindən Azərbaycanla sülh prosesində irəliləyişlər əldə olunması fonunda bu məsələdə sakit davranırdılar. 

Lakin avqustun 8-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında sülh razılaşmaları imzalandıqdan sonra erməni məhbusların azadlığı məsələsi yenidən gündəmə gəldi. Ermənistan baş naziri Nikol Paşinyanın Trampla ikili görüşündən yayılan videoda ikincinin Azərbaycan prezidenti İlham Əliyevdən erməniləri azad etməyi xahiş edəcəyi eşidilir. 

Noyabrda sülh prosesi çərçivəsində Azərbaycana səfər edən Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri də Bakıdan qayıtdıqdan sonra keçirdikləri mətbuat konfransında Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadən erməni məhbuslarla bağlı danışıqların getdiyini dedilər. 

San-Dieqo Universitetinin dosenti, konfliktoloq Filip Qamağelyan 4 məhbusun qaytarılmasını yaxın perspektivdən baxdıqda yanvarın 13-də Vaşinqtonda “Tramp marşrutu”nun icra sənədinin açıqlanması ilə əlaqələndirir. 

“Daha geniş perspektivdən baxdıqda isə, bu, Azərbaycan və Ermənistan arasında əvvəlcə ikitərəfli, daha sonra isə ABŞ-nin vasitəçiliyi ilə baş tutan danışıqlardakı irəliləyişin nəticəsidir. Bakı başa düşür ki, Ermənistan cəmiyyəti Paşinyana sülh gündəliyini davam etdirməkdə etibar etmək üçün bu irəliləyişin real faydalarını görməli idi və məhbusların qaytarılması bu baxımdan vacib idi”, - o “Toplum TV”-yə deyib. 

Qamağelyan, buna görə də, daha çox erməni məhbusun qaytarılacağını gözləyir. 

Konfliktoloq və hüquq müdafiəçisi Arif Yunus isə “Toplum TV”-yə deyir ki, erməni məhbuslar Azərbaycan hakimiyyəti üçün həmişə “alver predmeti” olub. 

“2020-ci il müharibəsindən sonra saxlanılan ermənilər də qruplar halında müxtəlif vaxtlarda qaytarıldı. Azərbaycan hakimiyyətinin Ermənistandan müəyyən gözləntiləri olanda əlində olan erməniləri buraxır. İndi məhkəməsi davam edən ermənilərə də ömürlük və ya uzunmüddətli həbs cəzaları verə bilərlər, amma vaxt gələcək ki, onları da nəyinsə qarşılığında buraxacaqlar”, - o qeyd edib. 

Təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən siyasi şərhçi “Toplum TV”-yə deyib ki, Vaşinqtonda “Tramp marşrutu”nun detallarının  razılaşdırılmasından sonra Bakıda saxlanılan və ağır cinayətlərdə ittiham olunan ermənilərin bir neçəsinin azadlığa buraxılması onu göstərir ki, həbsdə qalan digər ermənilərin taleyi də sülh danışıqlarının digər mərhələlərində istifadə olunacaq. 

“Bu baxımdan, Azərbaycanın maraqlarına uyğunlaşan sülh müqaviləsindən öncə digərlərinin də Ermənistana göndərilməsi ehtimalı realdır. Burada istisna keçmiş separatçı Dağlıq Qarabağ liderləri ola bilər ki, hökumət onların azadlığını gecikdirmək üçün daha çox müqavimət göstərə bilər”, - o bildirib. 

Avqustda Tramp-Paşinyan görüşündən sonra erməni məhbuslar məsələsi gündəmə gəldikdə “Toplum TV”-yə danışan təhlilçilər hökumətin erməni məhbuslarla yanaşı, cəmiyyətdə narazılığı azaltmaq üçün siyasi məhbus kimi tanınan şəxsləri də azadlığa buraxacağını ehtimal edirdi. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə dekabrın sonlarından amnistiya aktı icra olunsa da, tanınmış müxalif siyasətçi və jurnalistlərin ittiham olunduqları maddələr akt layihəsində yer almadı. Akt çərçivəsində indiyədək 60-dan çox inanclı fəal azad edilsə də, onların cəzalarının bitməsinə 6 aydan az vaxt qalırdı. 

Adının açıqlanmasını istəməyən şərhçi düşünür ki, siyasi məhbus kimi tanınan şəxslərin taleyi ilə erməni məhbusların qaytarılması arasında birbaşa əlaqə qurmaq çətindir. 

“Hökumətin daxili nüfuzuna mənfi təsir edir ki, konkret sübutlar əsasında ağır cinayətlərdə ittiham olunan ermənilər azadlığa buraxılsa da, sadəcə tənqidi mövqelərinə görə saxlanılan siyasi məhbuslar həbsdə qalır. Düşünürəm ki, bundan sonra cəmiyyətdə bu suallar artacaq. Beynəlxalq müstəvidə, aydın idi ki, aparıcı Qərb dövlətləri üçün erməni məhbusların taleyi daha vacib prioritetdir, nəinki yerli siyasi məhbusların. Lakin erməni məhbuslar azadlığa çıxdıqca, yerli məhbusların da azadlığı daha çox gündəmə gələcək. Bu məsələdə hökumət üzərində təzyiqin artacağını gözləmək olar. Xüsusilə də, ona görə ki, hazırkı ABŞ administrasiyası qlobal insan hüquqları məsələsini öz gündəliyindən çıxarsa da, müxtəlif avtoritar ölkələrin nümunəsində siyasi məhbus məsələsinin gündəmdə olduğu görünür. Belarus buna bariz nümunədir”, - o vurğulayıb. 

Siyasi fəal Rüstəm İsmayılbəyli “Toplum TV”-yə deyib ki, hakimiyyətin bu dəfə erməni məhbusları azad edəndə ictimaiyyətin narazılığını azaltmaq naminə “siyasi məhbus”ları azad etmək kimi bir narahatlığı olmadı.

“Bundan sonra olarmı? Dəqiq proqnoz vermək çətindir. Hər halda dövlət ya öz gücünə çox arxayındır və cəmiyyətlə heç bir formada hesablaşmaq istəmir, yaxud da potensial narazılıqdan çox narahatdır deyə maksimum təzyiq siyasəti ilə davam edir”, - o əlavə edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar

6 Oktyabr 2026

Toplum TV

Oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasın əvvəlində təqsirləndirilən şəxslərlə hakim arasında mübahisə yaranıb. Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev Z. Əhmədovun danışıq tərzinə və məhkəmə zalındakı mikrofonların işləməməsinə etiraz edib. “Siz burada özünüzü hakim kimi aparmırsınız, küçə uşağı kimi aparırsınız. Heç kimə danışmağa imkan vermirsiniz, hamının sözünü kəsir, təhqir edirsiniz”, - Ramil Babayev deyib. Buna cavab olaraq hakim R. Babayevin məhkəmə zalından çıxarılmasına göstəriş verib. IDI əməkdaşları Əli Zeynal və İlkin Əmrahov da etiraz olaraq zalı tərk ediblər. Daha sonra müdafiə tərəfi hakimin davranışı, təqsirləndirilən...
Siyasət

İlham Əliyev YAP-a müddət məhdudiyyəti olmadan rəhbərlik edəcək

5 Oktyabr 2026

president.az

Hakim Yeni Azərbaycan Partiyası (YAP) nizamnaməsində partiya sədrinin beş illik səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Dəyişiklikdən sonra prezident İlham Əliyevin YAP sədri kimi fəaliyyəti konkret müddətlə məhdudlaşdırılmayacaq. APA-nın məlumatına görə, bunu YAP-ın Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov oktyabrın 2-də keçirilən partiyanın VIII qurultayında nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Əvvəlki nizamnaməyə əsasən, YAP sədri beş il müddətinə seçilir və bu müddət başa çatdıqdan sonra qurultayda yenidən seçilməli idi. Nizami Səfərov bildirib ki, sədrin beşillik səlahiyyət müddətini nəzərdə tutan müddəa nizamnamədən çıxarılıb. “Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə...

Seçilmiş Videolar

Toplum TV loqo