Siyasət

Nazim Bəydəmirlinin həyat yoldaşı İlham Əliyevə müraciət edib 

30 Mart, 2026
244

Foto: report.az

Həbsdə olan sabiq deputat və iş adamı Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli prezident İlham Əliyevə müraciət edib. 

F.Bəydəmirli sosial media hesabında paylaşdığı açıq müraciətdə bu yaxınlarda həyat yoldaşının səhhətinin yenidən pisləşdiyini xatırladıb. 

“13 nömrəli Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi vaxtında təcili yardım çağırmasaydı (təcili müdaxilə edərək oksigen aparatı qoşublar), yəqin ki, bu gün Nazim həyatda olmazdı. Mənə zəng edib “Vəziyyətim çox ağırdır, özünü yetir” deyəndə, ilk ağlıma gələn Nazimə nəsə etdikləri oldu”, - o qeyd edib.

F.Bəydəmirli daha sonra özünün və həyat yoldaşının dəfələrlə təhdid olunduğunu iddia edib. 

Onun sözlərinə görə, N.Bəydəmirli 2003-cü ildə 120 min ABŞ dolları məbləğində ödəniş edərək Dövlək Əmlak Komitəsindən 30%-lik səhm alıb, sonradan isə ona qarşı müxtəlif şəxslər tərəfindən iddia qaldırılıb. 

F.Bəydəmirli deyir ki, məhkəmə iddiaçıların xeyrinə qərar verib və həyat yoldaşının ödəməli olduğu zərəri 49,700 manat məbləğində hesablayıb.

O əlavə edir ki, N.Bəydəmirlinin adına daşınan əmlakı olduğu halda, müsadirə olunacaq vəsaiti dəyəri milyonlarla ölçülən 30%-lik səhminə yönəldiblər.

“Mənim, həyat yoldaşı olaraq heç bir mülkiyyət hüququm nəzərə alınmadan bugünkü bazara uyğun qiymətləndirmə aparılmadan məhkəmə qərar qəbul edib. Bu yolla da Nazim Bəydəmirlinin səhmini əlindən almağa çalışırlar. Qorxduğumuz məqam səhmləri Nazimin əlindən aldıqdan sonra onun həyatına qəsd edəcəkləri düşüncəsidir. Azadlıqda olanda buna bir neçə dəfə cəhd ediblər”, - o vurğulayıb. 

F.Bəydəmirli həyat yoldaşı 2023-cü ilin iyulunda həbs olunduqdan bəri ailəyə təzyiqlərin davam etdiyini iddia edib. 

“İşlətdiyim poliklinikaya tez-tez yoxlamalar göndərməklə, kiçik bir poliklinikaya yüksək məbləğli cərimələr tətbiq etməklə təzyiqlərin ardı-arası kəsilmir. Bir az etiraz edəndə ölümlə hədələnmişəm. Hər gün mən işə gedəndə fikirləşirəm ki bu gün başıma hansı pis hadisə gələcək və bu, mənim rutin həyatıma çevrilib”, - o əlavə edib. 

F.Bəydəmirli sonda Əliyevdən həyat yoldaşının ev dustaqlığına buraxılmasını xahiş edib. 

Ötən ilin avqustunda ailəsi N.Bəydəmirlinin “ölüm ayağında” olduğu barədə ictimaiyyətə müraciət etmişdi. Həyat yoldaşı daha öncə bildirib ki, sabiq deputat əvvəllər ağır şəkildə COVID-19 xəstəliyi keçirib və ağciyərlərinin 45%-i zədələnib. 

Nazim Bəydəmirli 2023-cü ilin iyununda Söyüdlü hadisələrində polislərin davranışını tənqid etdikdən sonra, iyulun 4-də saxlanılıb.

Ona ilkin olaraq Cinayət Məcəlləsinin əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə maddəsilə ittiham irəli sürülüb.

Sonradan N.Bəydəmirli Cinayət Məcəlləsinin təhdid yolu ilə tələb etmə maddəsi ilə də ittiham olunub. 

2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.

N.Bəydəmirli ittihamları rədd edir, özünü ekologiya məhbusu adlandırır.

Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir" 

14 Avqust 2026

sosia media

"Toplum TV"-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli səhhətində problemlər yaşamağa davam edir.  Həyat yoldaşı Günay Məmmədlinin yaydığı məlumata görə, Ə.Məmmədli avqustun 13-də zəng edərək iki gündür qida qəbul edə bilmədiyini, baş ağrıları, yüksək ürək döyüntüləri, boğulma hallarının isə davam etdiyini deyib.  Onun sözlərinə görə, həmin gün ürək müayinəsi üçün yanına həkim gəlib.  "Həkim sabit halda edilən elektrokardioqrafiyanın (EKQ) ürəkdə olan hər hansısa ciddi problemi göstərməməsinin mümkünlüyünü bildirib. Həkim eyni zamanda yüksək döyüntü və təzyiqin qalxanabənzər vəzdəki 23-25 millimetrlik şişdən qaynaqlana biləcəyini də deyib. Ələsgər bəy həkim gələrsə şişlə bağlı ÜSM müayinəsi ediləcəyini də dedi", - G.Məmmədli qeyd edib. ...
Siyasət

Paşinyan: “Tezliklə Azərbaycana məhsul ixrac etməyə başlayacağıq" 

13 Avqust 2026

sosial media

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin tezliklə Azərbaycana məhsul ixrac etməyə başlayacağını bildirib.  O, bunu avqustun 13-də jurnalistlər üçün brifinqdə deyib.  Baş nazir ixracın nə vaxt başlayacağına və hansı məhsulların ixrac ediləcəyinə aydınlıq gətirməyib.  Azərbaycan və Ermənistan arasında ticarət əlaqəsi ötən ilin dekabrından başlayıb. Lakin bu ticarət, əsasən, birtərəfli olub. Belə ki, indiyədək Azərbaycan Ermənistana neft məhsulları ixrac edib.  Ermənistan da bu ilin martında Azərbaycana 960 ABŞ dolları dəyərində qızılgül ixrac edib. Lakin həmin məhsulun mənşə ölkəsi Hollandiya olub.  Bu ilin yanvarında Paşinyan demişdi ki, Azərbaycan və Ermənistan bir-biri ilə ixrac potensialı olan məhsulların siyahısını bölüşüb.

Seçilmiş Videolar

Toplum TV loqo