Sosial

Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”

8 İyul, 2026
791

Açıq mənbə

Şəmkir sakini, 79 yaşlı Tarıyel Əliyev 2007-ci ildən yaşa görə əmək pensiyası alır. Pensiyasının məbləği əvvəlcə 180 manat olsa da, ildən-ilə artmağa davam edib və bu ilin əvvəlindən o, 651 manat pensiya alıb. 

İyun ayında isə T.Əliyevin pensiyası 155 manat əskik gəlib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbəsinə yollanan pensiyaçıya deyilib ki, onun pensiyası uzun illər səhv hesablanıb və buna görə də, onun dövlətə 4800 manat borcu yaranıb. T.Əliyevə “borc”un ödənilməsi üçün 2 il 8 ay müddətinə hər ay pensiyasından 150 manat tutulacağı bildirilib. 

T.Əliyev qərarla bağlı DSMF-dən hələ də yazılı bildiriş almayıb. Yazı dərc olunana qədər qurumun mətbuat xidmətindən də cavab almaq mümkün olmayıb. 

Pensiyaçı qərarın dəyişdirilməsi və pensiyasının bərpa edilməsi üçün ərizə ilə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müraciət edib. O, “Toplum TV”-yə bildirib ki, ərizəsinə müsbət cavab verilməsə, məhkəməyə müraciət edəcək. 

“Pensiyanı mən hesablamıram ki, bunun cəzasını mən çəkim. Əgər pensiya səhv hesablanıbsa, bu, vətəndaşın problemi olmamalıdır. Mən onkoloji xəstəlikdən əziyyət çəkirəm, davamlı müalicə almaq üçün bu pula ehtiyacım var”, - o qeyd edib. 

“Əmək pensiyaları haqqında” qanuna əsasən, dövlət yalnız son üç il üçün əmək pensiyasının artıq ödənilmiş məbləğini pensiyadan tuta bilər. T.Əliyevə isə pensiyasının 2007-ci ildən səhv hesablandığı deyilib. 

Vəkil Fariz Namazlının “Toplum TV”-yə dediyinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarlarında vurğulanır ki, əgər artıq ödəniş dövlət orqanının öz səhvi nəticəsində baş veribsə, dövlət həmin səhvin bütün yükünü vətəndaşın üzərinə qoya bilməz. 

“Dövlət orqanları öz səhvlərini düzəltmək hüququna malikdirlər, lakin bunu edərkən "yaxşı idarəçilik" prinsipinə əməl etməli, vaxtında və ardıcıl hərəkət etməli, ən əsası isə vətəndaşın üzərinə həddindən artıq maliyyə yükü qoymamalıdırlar. Avropa Məhkəməsi belə işlərdə bir neçə mühüm meyara baxır: artıq ödəniş neçə il davam edib, vətəndaş həmin vəsaiti qanuni hesab etmək üçün əsaslı gözləntiyə malik olubmu, dövlət səhvi nə qədər gec aşkar edib, geri tələb olunan məbləğ şəxsin maddi vəziyyətinə necə təsir göstərir və həmin şəxsin yeganə gəlir mənbəyi pensiyadırmı. Əgər bütün risk dövlət orqanının səhvi nəticəsində yaranıbsa, onun nəticələrinin tam şəkildə vətəndaşın üzərinə qoyulması mülkiyyət hüququnun pozuntusu hesab oluna bilər”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo