Dünya

160 alimdən xəbərdarlıq: Yer kürəsi iqlim fəlakətinin bərpaolunmaz mərhələsinə qədəm qoyub

14 Oktyabr, 2025
203

Foto: açıq mənbə

Planet artıq yeni reallıqla üz-üzədir. Bu, iqlim dəyişikliyində fəlakətli və bərpaolunmaz dönüş nöqtələrinin birincisinə - mərcan riflərinin geniş miqyasda məhv olmasına çatdığı mərhələdir. 

Bu, müxtəlif ölkələrdən olan 160 alim tərəfindən hazırlanmış, oktyabrın 12-də dərc olunan mühüm hesabatda qeyd olunur.

İnsanlar fosil yanacaqları yandırmaqda və temperatur yüksəlməkdə davam etdikcə, bu, daha şiddətli istilik dalğalarına, daşqınlara, quraqlıqlara və meşə yanğınlarına səbəb olur. Lakin üfüqdə daha böyük təhlükələr görünür. 

İqlim dəyişikliyi Amazon meşəsindən tutmuş qütb buz təbəqələrinə qədər Yer kürəsinin əsas sistemlərini tarazlıqdan elə çıxara bilər ki, onlar çökərək planetin hər yerinə fəlakətli zərbələr vura bilər. 

“Biz sürətlə Yer sisteminin birdən çox dönüş nöqtəsinə yaxınlaşırıq və bu, insanlıq və təbiət üçün dağıdıcı nəticələr doğura bilər”, - deyə İngiltərədəki Ekseter Universitetinin Qlobal Sistemlər İnstitutunun professoru və hesabatın həmmüəllifi Tim Lenton bildirib.

Hesabata görə, ilk zərbə isti sularda yaşayan mərcan riflərinə dəyib.

2023-cü ildən bəri okean temperaturunun rekord həddə çatması nəticəsində okean rifləri tarixdəki ən böyük ağarmaya məruz qalıb -  riflərin 80 faizindən çoxu bundan təsirlənib. Bir zamanlar sualtı həyatın və rənglərin göz oxşadığı məkanlar indi ağarmış, yosunlarla örtülmüş mənzərələrlə əvəzlənir.

“Biz artıq mərcan riflərini onların tab gətirə biləcəyi həddən artıq  yükləmişik”, - deyə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Böyük Britaniya bölməsinin baş elmi məsləhətçisi və hesabatın həmmüəllifi Mayk Barrett bildirib. Müəlliflərin yazdığına görə, əgər qlobal istiləşmə prosesi dayandırılmazsa, “mövcud formada geniş mərcan rifləri yox olacaq.”

Bu təsirlərin nəticələri isə çoxşaxəli olacaq. Mərcan rifləri dəniz növləri üçün əsas yaşayış mühitidir, qida təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır, qlobal iqtisadiyyata trilyonlarla dollar qazandırır və sahil bölgələrini fırtınalardan qoruyur.

Əgər temperatur artmağa davam edərsə, vəziyyət daha da pisləşəcək. Hesabata görə, Yer kürəsi artıq sənaye inqilabından əvvəlki səviyyədən 1,5 dərəcə Selsi yuxarı istiləşməni məhdudlaşdırmaq məqsədini demək olar ki, qaçılmaz şəkildə pozmaq üzrədir və bu, bir neçə yeni iqlim dönüş nöqtəsinə çatmaq təhlükəsini yaradır.

Bu dönüş nöqtələri arasında ən təhlükəlilərindən biri Atlantik Meridional Dövriyyə Axınının (AMOC) - okean cərəyanlarının həyati vacib şəbəkəsinin - çökmə ehtimalıdır.
Belə bir hadisə qlobal miqyasda fəlakətli nəticələrə səbəb ola bilər: dünyanın bəzi bölgələri dərin soyuğa qərq olacaq, digərləri isə həddindən artıq isinəcək, musson mövsümləri pozulacaq və dəniz səviyyəsi qalxacaq.

“Artıq bu sistemin çökməsi bizim həyatımız ərzində baş verə bilər”, - Barrett bildirib.

Oslo Universitetinin tədqiqatçısı və hesabatın müəlliflərindən biri olan Manjana Milkoreit isə qeyd edib ki, dünya bu dönüş nöqtələrinin keçilməsinin nəticələrinə hazır deyil.
Onun sözlərinə görə, hazırkı siyasətlər və beynəlxalq razılaşmalar tədrici dəyişikliklər üçün nəzərdə tutulub, lakin bu cür kəskin, bərpaolunmaz və bir-biri ilə əlaqəli dəyişikliklərə uyğun deyil.

Milkoreit əlavə edib ki, hökumətlərin bu gün göstərəcəyi reaksiyalar Yer sisteminin gələcək minilliklər boyu necə formalaşacağını müəyyən edə bilər.

Hesabatda görülməsinə çağırış edilən tədbirlər arasında planetin isinməsinə səbəb olan çirklənmənin sürətlə azaldılması və atmosferdən karbonun daha geniş miqyasda çıxarılması yer alır.

Lenton bildirib ki, dünya 1,5 dərəcə Selsi həddini aşacaq, lakin əsas məqsəd bu səviyyənin üzərindəki əlavə istiləşməni minimuma endirmək və temperaturu mümkün qədər tez aşağı salmaq olmalıdır.
Hesabatda narahatedici nəticələrlə yanaşı, bəzi ümidverici xəbərlər də var. Məsələn, günəş enerjisinin və elektrik avtomobillərinin istifadəsinin “kəskin şəkildə qlobal sürətlənməsi”, həmçinin batareyalar və istilik nasosları sahəsindəki inkişaf bunlara nümunədir. Qeyd olunur ki, çirkləndirici texnologiyaların təmiz alternativlərlə əvəz olunduqdan sonra geri qayıtmaları ehtimalı azdır, çünki yeni texnologiyalar həm daha ucuz, həm də daha səmərəlidir.

Hesabat Braziliyada keçiriləcək COP30 - BMT-nin illik iqlim konfransından cəmi bir ay əvvəl dərc olunub. Bu ilki konfrans, xüsusilə, vacib sayılır, çünki ölkələr növbəti onillik üçün emissiyaların azaldılması hədəflərini açıqlamalıdır.

“Bu ağır vəziyyət bizə bir siqnal olmalıdır: əgər indi qətiyyətlə hərəkət etməsək, Amazon meşəsini, buz təbəqələrini və həyati okean cərəyanlarını da itirəcəyik”, - Barrett bildirib. “Belə bir ssenaridə biz bütün bəşəriyyət üçün həqiqətən fəlakətli nəticələrlə üzləşəcəyik.”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo