İqtisadiyyat

İşğaldan azad edilmiş ərazilərdə aqrar dirçəliş gözləntiləri niyə doğrulmadı?

4 Oktyabr, 2025
470

Foto: açıq mənbədən götürülüb

Ölkə ərazisinin təxminən beşdə birini təşkil edən Qarabağ və Şərqi Zəngəzur regionlarının 5 il əvvəl işğaldan azad edilməsindən sonra əsas gözləntilərdən biri bu bölgələrin aqrar sektora verə biləcəyi töhfə ilə bağlı idi.

Hər iki regionun ümumilikdə 600 min hektardan çox kənd təsərrüfatına yararlı torpaq, o cümlədən 200 min hektara yaxın əkin olması belə gözləntilərin yaranmasına səbəb olmuşdu. 

Lakin ötən 5 ildə ölkənin aqrar sektorunda müşahidə edilən böhran meylləri həmin ümidlərin doğrulmadığını göstərdi.          

Əgər 2017–2019-cu illərdə kənd təsərrüfatı istehsalının ümumi həcminin illik artım tempi 4–7 faiz intervalında olmuşdusa, 2021–2023-cü illərdə həmin göstərici 3 faiz ətrafında qərarlaşmış, 2024-cü ildə isə 1,5 faizə enmişdi. 2025-ci ildə vəziyyət daha da pisləşib – 8 ayın nəticələrinə görə əvvəlki ilin eyni dövrünə nisbətən aqrar sektorun ümumi məhsul istehsalı 0,8 faiz, bitkiçilik sektorunda isə istehsal 2,5 faiz azalıb.

Bitkiçilikdən söz düşmüşkən, 2019-cu illə müqayisədə 2024-cü ildə kənd təsərrüfatı əkinlərinin həcmi 5 faiz və ya 85 min hektar azalıb. Maraqlıdır ki, bu azalmanın əsas hissəsi Naxçıvanın payına düşüb. Belə ki, Muxtar Respublikada kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 1,8 dəfə və ya 27 min hektar azalaraq 63 min hektardan 37 min hektara enib. 

Azalma həmçinin Dağlıq Şirvan regionunda 15 faiz (20 min hektar), Gəncə-Tovuz bölgəsində 8 faiz (10 min hektar), Mərkəzi Aran regionunda isə 11 faiz (24 min hektar) təşkil edib. Əvəzində Qarabağ regionunda kənd təsərrüfatı əkinlərinin ümumi sahəsi 10 faiz və ya 24 min hektar artaraq 265 min hektara çatıb.

Əkin sahələrinin azalması kənd təsərrüfatı məhsullarının istehsalında da özünü göstərib. 2019–2024-cü illərdə buğda istehsalı təxminən 500 min ton və ya 23 faiz, paxlalı bitkilərin istehsalı isə 14 min ton (39 faiz) azalıb. Paralel olaraq, ölkəyə aqrar mənşəli məhsulların idxalında da artım müşahidə edilib.

Məsələn, son 5 ildə heyvan mənşəli məhsulların idxalı iki dəfəyə yaxın artaraq 299 milyon dollardan 549 milyon dollara, bitki mənşəli məhsulların idxalı 160 milyon dollar (22 faiz) artaraq 906 milyon dollara, hazır qida məhsullarının idxalı isə 488 milyon dollar (66 faiz) artaraq 1,2 milyard dollara çatıb.

İşğaldan azad edilmiş ərazilər hesabına böyük resurslar qazanılmasına baxmayaraq, aqrar sektorun bu cür çöküşünün səbəbləri diqqət çəkir. Müstəqil ekspertlər hesab edirlər ki, hökumət bununla bağlı rəsmi izah verməli və vəziyyətdən çıxış üçün qısa, orta və uzunmüddətli realist, həm də effektiv strategiya həyata keçirməlidir. 

Onların fikrincə, Qarabağ və Şərqi Zəngəzur regionlarında torpaq sahələrinin təşəbbüskar və bacarıqlı şəxslərə şəffaf mexanizmlər əsasında istifadəyə verilməsi sahəsində ciddi problemlər mövcuddur. İqtisadiyyatın digər sahələrində olduğu kimi, burada da resurslardan əsasən siyasi elitaya yaxın az sayda iqtisadi qrup faydalana bilir.

Təklif olunur ki, hər bir bölgə üzrə icarəyə götürülən torpaqların həcmi və bu torpaqları icarəyə götürən subyektlərin adları cəmiyyət üçün tam açıq olmalıdır. Bundan əlavə, torpaqların icarəyə verilməsi rəqabətli və açıq hərraclar vasitəsilə həyata keçirilməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycan bu il Gürcüstana azı 45,3 milyon dollar sərmayə qoyub

8 Sentyabr 2026

sosial media

2026-cı ilin ilk yarısında Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 45,3 milyon ABŞ dolları dəyərində sərmayə qoyulub.  Bu barədə məlumat Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb.  Azərbaycan bununla ilin ikinci rübündə Gürcüstana sərmayə qoymuş ölkələr sırasında 7-ci yeri tutub.  Hesabatda Azərbaycanın qoyduğu sərmayələrin təyinatına dair məlumata rast gəlinməyib. Lakin ümumilikdə sərmayələrin əksəriyyəti maliyyə, sığorta və daşınmaz əmlak sahələrinə qoyulub.  Azərbaycan son illərdə müxtəlif ölkələrə sərmayə qoyub. Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələri də daxil olmaqla bir çox ölkələrdə dəyəri milyard dollarlarla ölçülən şirkətlər alır və ya yeni müəssisələr tikir. Azərbaycan prezidenti İlham Əliyev bu il keçirilən 31-ci Bakı Enerji Forumunda demişdi...
İqtisadiyyat

Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”

7 Sentyabr 2026

sosial media

"Sovetlər dağıldı, sovxoz və kolxozlar ləğv edildi, torpaq islahatı həyata keçirildi. Amma müstəqil Azərbaycanın kənd-inkişaf konsepsiyası işlənib hazırlanmadı."  Bu sözləri kənd təsərrüfatı eksperti Şahin Nəcəfov sosial media hesabında kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi haqda yeni qanun layihəsini şərh edərkən yazıb.  Ekspert xatırladıb ki, 1996-cı ildə aparılan torpaq islahatı çərçivəsində kənd əhalisinə xüsusi mülkiyyət kimi paylanan torpaqların ümumi sahəsi təxminən 1,3-1,4 milyon hektar təşkil edib.  "Özəl mülkiyyətdə olan bu pay torpaqları ölkənin ümumi aktiv əkinəyararlı torpaq fondunun təxminən 70–75%-ni təşkil edirdi. Amma bu torpaqların çox böyük əksəriyyətini kasıblaşdırılan kənd adamları çoxdan qəpik-quruşa satıblar. Bu gün ən yaxşı halda kəndlilərin əlində qalan...

Seçilmiş Videolar

Toplum TV loqo