Ölkə

Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?

26 Avqust, 2025
756

Foto: açıq mənbə

Son illər Azərbaycanda maraqlı və qəribə bir tendensiya müşahidə olunur. Siyasi partiyaların liderləri və müxtəlif səviyyəli siyasətçilər “beynəlxalq münasibətlər üzrə ekspert”ə çevriliblər. Onlar demək olar ki, hər gün istər sosial mediada, istərsə də müxtəlif internet TV platformalarında bölgədə və dünyada baş verən hadisələr barədə şərhlər verirlər. Hökumətin “dialoq” adını qoyduğu prosesdə iştirak edən partiya liderlərinin AzTV başda olmaqla, televiziya kanallarında çıxış etmək imtiyazı da var.

Əlbəttə ki, siyasi liderlər qlobal geosiyasət haqqında az-çox məlumatlı olmalıdır. Ehtiyac yarananda bu barədə şərh vermələri də anormal deyil, ən azı ona görə ki, dünyanın gərdişinin Azərbaycana da birbaşa və ya dolayı təsirləri var. Ukrayna müharibəsi, Rusiyanın siyasəti, Qərb-Rusiya münasibətləri, qonşuluqda - Türkiyədə, İranda, Ermənistanda və Gürcüstanda baş verənlər, eləcə də dünya enerji bazarındakı tendensiyalar bizim üçün vacibdir. Azərbaycan dövləti və ictimaiyyəti sözsüz ki, bu prosesləri diqqətdə saxlamalı, media həmin mövzulara dair xəbər və şərhləri davamlı oxuculara və izləyicilərə çatdırmalıdır. Təhlilçilər arasında partiya liderləri də ola bilər. Onlar, xüsusən, Azərbaycan-Ermənistan sülh prosesi və ümumilikdə Azərbaycanın xarici siyasəti barədə öz mövqelərini ortaya qoymalıdırlar - amma yaxşı olar ki, Prezident Administrasiyasından gələn tezislər əsasında yox, həqiqətən öz inandıqları və anladıqları şəkildə...

Lakin biz nə görürük? Beynəlxalq mövzularda yazmaq və çıxışlar etmək bu gün partiya liderlərinin ən sevimli məşğuliyyətidir. Bu, bir hobbi halına gəlib. Sanki onlar beynəlxalq icmalçı kimi fəaliyyət göstərməsələr, ictimaiyyət, xalq, seçicilər bunu böyük çatışmazlıq kimi qiymətləndirəcək. Bu səbəbdən özlərini bu işdə məcbur hiss edirlər. Hətta elə partiya liderləri var ki, onlar başqa dövlətlərin liderlərinin pərəstişkarı rolunda çıxış edir. Azərbaycanda “ərdoğançı” partiya liderləri və siyasətçilər kifayət qədər idi, son vaxtlar onlara “trampçı”lar da əlavə olunub. “Putinçi”, “xameneiçi” liderlərin olmamasını müsbət fakt kimi qeyd etmək olar, lakin bu onunla bağlıdır ki, rejim açıq şəkildə Rusiyayönlü və İranyönlü siyasi-ideoloji xəttin tərəfdarı olan partiyaların yaradılmasına və fəaliyyətinə icazə vermir. Fəaliyyətlərinə imkan tanınan “ərdoğançılar” və “trampçılar” bu siyasətçilərin olan və olmayan xidmətlərini qabardır, onların təbliğatını aparır, həmin liderləri tənqid edən azərbaycanlı sosial media istifadəçilərini mövqelərinin səhv olduğuna inandırmağa, bəzən isə o tənqidçiləri susdurmağa çalışırlar. “Trampçı”lar hazırkı ABŞ prezidentinin daxili və xarici siyasətini, eləcə də onun müxtəlif qlobal məsələlərə – məsələn, iqlim dəyişikliyi, beynəlxalq ticarət və müasir beynəlxalq münasibətlərə baxışını hərarətlə müdafiə edirlər. Bir sözlə, özünü Ərdoğanın və Trampın trolu kimi aparan siyasətçilərimiz də var.

Bu, niyə belədir? İnsaf naminə deyək ki, azərbaycanlı siyasətçilərin beynəlxalq icmalçıya çevrilmələrinin obyektiv səbəbləri daha çoxdur, nəinki subyektiv. Azərbaycanda sərt avtoritarizm bərqərar olub. Bu rejim totalitar mahiyyətlidir və bütün sahələri, o cümlədən medianı inhisara alıb. Yaxın keçmişdə məhdud dərəcədə mövcud olan plüralist mühit demək olar ki, aradan qaldırılıb. Bu qədər sosial media platformalarının olduğu bir dövrdə Azərbaycan avtoritarizmi demək olar ki, təksəsli bir ictimai mühit yarada bilib. Bu, şübhəsiz ki, onun ciddi uğuru kimi qiymətləndirilməlidir. Bu gün ölkədə müzakirə mövzularını rejimin propaqanda aparatı müəyyənləşdirir və diqtə edir. Onlar təkcə media vasitələrini, o cümlədən internet media resurslarını nəzarətə götürməklə kifayətlənmir. İqtidar maraqları baxımından cəmiyyətə translyasiyası vacib sayılan mövzular tezislər şəklində gündəlik olaraq mediaya (baş redaktorlara), dövlətdən maliyyələşən QHT-lərə və “dialoq partiyaları”nın liderlərinə göndərilir və onlara yalnız həmin çərçivə daxilində rəy bildirməyə icazə verilir. Əlbəttə ki, tezisləri olduğu kimi təkrarlamaq istəməyən və çərçivələri aşmamaq şərti ilə improvizasiyalar edən istedadlı media və partiya rəhbərləri də var. Belələrinin fikirləri ictimaiyyətdə müəyyən marağa da səbəb olur.

Avtoritar sistem ölkədə siyasi prosesi faktiki olaraq dayandırıb. Hər hansı yazıda və ya çıxışda “Azərbaycandakı daxili siyasi proseslər” cümləsini qurmaq əcaib görünər və səslənər. Bu gün Azərbaycanda siyasət faktiki qadağan olunmuş fəaliyyət növüdür. 2024-cü ilin sentyabrında keçirilmiş parlament seçkilərində hətta kimlərin namizəd olacağına da Prezident Administrasiyası qərar vermişdi. Əvvəllər heç olmasa, namizədliyin irəli sürülməsi mərhələsində sərbəstlik var idi, buna mane olunmurdu. Son seçkidə bu azadlıq da aradan qaldırıldı. Ümumən İkinci Qarabağ Müharibəsindəki qələbənin ona sərhədsiz kart-blanş verdiyini düşünən hakimiyyət sonrakı mərhələdə olan-qalan hüquq və azadlıqları da ləğv etdi. Belə bir siyasi sükut vəziyyətində partiya liderlərinin, siyasətçilərin təhlükəsiz və icazəli mövzularda fikir izhar etməkdən başqa yolu qalmır. Ən təhlükəsiz tematik istiqamət isə beynəlxalq siyasətdir. Bu sahədə mövzu bolluğu var, iqtidarın Ərdoğan, Orban, Tramp kimi dostlarına və ya önəm verdiyi liderlərə toxunmamaq şərti ilə rahat şəkildə danışmaq, mülahizələr irəli sürmək mümkündür.

Halbuki dünyanın harasında olur olsun, siyasi partiyalar, onların liderləri, siyasətçilər ilk növbədə ölkədaxili probemləri prioritetə çevirməli, bu mövzularda diskussiya açmalıdır. Müxalifət kimi özünü topluma təqdim edən partiyalar fəaliyyətlərini xalqın, vətəndaşın problemlərini daim qabartmaq və hakimiyyətin fasiləsiz tənqidi üzərində qurmalıdır. Hakimiyyətin haqlı, düzgün addımları olsa belə, bunu söyləmək müxalifətin işi deyil. Müxalifət bu sözün lüğətdəki mənasına (əksinə getmək, zidd olmaq, müqavimət göstərmək) uyğun fəaliyyət göstərməlidir. Təbii ki, müxalifət problemlərdən çıxış yollarını necə gördüyünü də xalqa anlatmalı, seçki kampaniyalarında öz proqramını seçicilərə təqdim etməlidir, amma bu, daha çox demokratik ölkələrə aid olduğundan, hazırkı şəraitdə Azərbaycanda çox da zəruri deyil. Lakin Azərbaycanda xeyli vaxtdır ki, xalqın gerçək problemləri, ümumiyyətlə, müzakirə mövzusuna çevrilmir. Bəzən sosial mediada problemlərdən söhbət açılsa da, bunlar gündəm mövzusu ola bilmir. Səbəb odur ki,  insanlar həm daxildəki problemlər haqqında tənqidi mövqe ortaya qoymaqdan çəkinir, həm də iqtidarın gündəmi diqtə etmə gücü var. Nəticədə ya hakimiyyətə sərf edən və onun uğur hekayəsi ilə əlaqəli məsələlərin ictimai müzakirəsi üstünlük təşkil edir, ya da regional və beynəlxalq hadisələrin.

Görünən odur ki, Azərbaycan hakimiyyəti bu durumu davam etdirməyə çalışır. Çünki Ermənistanla aparılan sülh prosesi, Rusiya və İranla münasibətlərdə idarəolunan gərginliklər, ümumən xarici siyasət mövzuları ictimai duskursda prioritet olanda hakimiyyət özünü “suda balıq kimi” hiss edir. Bu, onun üçün komfort zonadır. Onu komfort zonadan çıxarmaq istəyənlərin aqibəti xoş olmur, buna cəhd etmiş bəzi jurnalistlər, QHT nümayəndələri və siyasətçilər hazırda həbsdədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"

20 İyun 2026

sosial media

Paytaxtın Yasamal rayonunda yerləşən və Bayırşəhər kimi tanınan ərazidəki binaların tarixi abidələrin dövlət reyestrində saxlanılıb-saxlanılmayacağı ilə bağlı müzakirələr davam edir. Belə ki, sakinlərin şikayətinə cavab olaraq Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Hüseyn Əfəndiyevin adından yazılan məktublarda qeyd  olunur ki, ərazidəki "istismar müddətini başa vurmuş və bərpa olunması mümkün olmayan bəzi binaların yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısından çıxarılması üçün müvafiq tədbirlər görülür".  Məktubların bir neçəsi memar və ictimai fəal Abdul Hüseynov tərəfindən öz sosial media hesabında ictimailəşdirilib. Məktublar sakinlərin Azərbaycan prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə və Bakı Şəhər Prokurorluğuna yazdıqları ərizələrə cavab olaraq, müxtəlif vaxtlarda göndərilib. Sakinlər ərizələrində Bayırşəhərdə bir...
Ölkə

Azərbaycana turist axını azalır: Milyonlarla manatlıq təşviqat niyə nəticə vermir?

19 İyun 2026

Report

2026-cı ilin ilk dörd ayında Azərbaycana gələn xarici turistlərin sayı azalıb. Rəsmi statistikaya görə, yanvar-aprel aylarında ölkəyə 658,5 min turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalma deməkdir. Turistlərin 26,7 faizi Rusiyadan, 22,4 faizi Türkiyədən, 8,7 faizi İrandan, 5,3 faizi isə Gürcüstandan gəlib. Ən böyük azalma Körfəz ölkələrindən gələn turistlərin sayında qeydə alınıb. Bu istiqamətdə geriləmə 27,8 faiz təşkil edib. Halbuki, 2025-ci ildə Dövlət Turizm Agentliyi xarici jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili məqsədilə 4 milyon manatdan çox vəsait ayırmışdı. Turizmin təşviqi üçün müxtəlif layihələrin həyata keçirilməsinə baxmayaraq, turist...

Seçilmiş Videolar

Toplum TV loqo