Siyasət

“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"

15 Sentyabr, 2025
650

Sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının üzvü Ruslan İzzətli çıxış edib. 

15 sentyabrın Bilik Günü olaraq qeyd edilməsinə istinad edən R.İzzətli ittihamlarla üzləşmələrinin və ümumilikdə "Azərbaycandakı ədalətsizliyin təhsilsizliyin nəticəsi" olduğunu vurğulayıb. 

"Femida Azərbaycandakı məhkəmələri görsə, göz yaşı tökər. Nəinki müdafiəçilərimiz, heç hakimlər də bizim aqibətimizin nə olacağını bilmir. Hamısı Prezident Administrasiyasından gələcək qərarı gözləyir", - o deyib. 

R.İzzətli həbs olunan şəxslərin hökumətlə şəxsi ədavəti olmadığını, sadəcə cəmiyyət üçün çalışdıqlarını deyərək ictimaiyyətə dəstək üçün müraciət edib. 

"Əlində smartfon olan hər kəs bizə dəstək olsun. Biz Rusiyaya 5 qəpik qazanmaq üçün gedib orda döyülən azərbaycanlılar, azad olunan torpaqlara qayıda bilməyən məcburi köçkünlər, Kürdəxanı təcridxanasında qeyri-siyasi motivlərlə şərlənən insanlar üçün vuruşuruq", - o əlavə edib. 

O, əvvəlki proseslərin birində olduğu kimi yenə də AzTV və İctimai Televiziyaya müraciət edərək "qarayaxma kampaniyasını" dayandırmağa, məhkəmə proseslərini işıqlandırmağa çağırıb. 

"Burada həbs olunan adamlar var ki, İlham Əliyev hakimiyyətə gələndə anadan olublar. Amma onlara 11 il də iş verilsə, sadəcə güləcəklər. Biz heç nədən utanmırıq. Bizə bu qandalları vuranlar utansın", - siyasətçi əlavə edib. 

O, daha sonra ittiham aktındakı özü ilə bağlı iddialara cavab verib. 

"2020-ci ilin mayından 2021-ci ilin iyuluna qədər hərbi xidmətdə olmuşam. Orada isə qeyd olunub ki, 2021-ci ilin ilk 3 ayında sürücümə 1200 manat maaş vermişəm. İttiham tərəfi desin görək mən hansı hərbi maşında özümə sürücü tutmuşam?", - o sual edib. 

R.İzzətli, həmçinin, ittiham aktında onun iməcilikdə çəkdirdiyi fotonun yer aldığını bildirib. O, iməcilikdə iştirak etməyin cinayət olub-olmadığını soruşub. 

Daha sonra çıxış edən Toplum TV həmtəsisçisi Ələsgər Məmmədli 2024-cü ilin martın 8-də evində axtarış keçirilən zaman sübut kimi götürüldüyü iddia olunan pul vəsaitinin polislər tərəfindən evə atıldığını deyib. O, pulun sübutlar siyahısından çıxarılmasına dair vəsatət verib. 

Vəkil Zibeydə Sadıqova vəsatət verərək həm Ə.Məmmədlinin, həm jurnalist Fərid İsmayılovun səhhətləri ilə əlaqədar ev dustaqlığına buraxılmalarını istəyib.

Hakim isə vəsatəti təmin etməyib. O deyib ki, Bakı İstintaq Təcridxanasından təqsirləndirilən şəxslərin lazımi tibbi yardımla təmin olunduğu bildirilib. Ə.Məmmədli isə təcridxananın açıqlamasının ədalətli qiymətləndirmə üçün yetərli olmadığını bildirib. 

F.İsmayılov da vəsatət verərək Ombudsmanın məhkəmələrə gəlməsini və monitorinq aparmasını istəyib. Dövlət ittihamçısı isə bunun üçün təqsirləndirilən şəxslərin özlərinin birbaşa Ombudsmana müraciət etməli olduğunu deyib. 

Daha sonra çıxış edən Toplum TV videoredaktoru Müşfiq Cabbar hakimin təyin etdiyi ekspertizaların saxta rəylər verdiyini bildirib. 

"Hətta evimə pul atılanda əlimi belə vurmadım ki, iz qalmasın. Sonra həmin ekspertiza pul zərfinin üstündən mənim barmaq izlərimi tapdığını dedi. Hansı ekspertizadan danışırıq?", - o sual edib. 

"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov: "Məqsəd sağlamlığıma geridönməz zərər vurmaqdır" 

7 Avqust 2026

Sosial media

Həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov Fransada yaşayan tarixçi və hökumət tənqidçisi Altay Göyüşova məktub yazıb.  Tarixçinin avqustun 6-da sosial media hesabında ictimailəşdirdiyi məktubda B.Səmədov həbsinin akademik fəaliyyətinə zərbə vurduğunu qeyd edib.  "Təəssüf ki, layihələrim yarımçıq qaldı. Mən sizinlə dövlət anlayışının müqəddəsləşdirilməsi və xalqın ona tabe etdirilməsi kimi məsələləri müzakirə etməyə ümid edirdim. Amma indi özümü burada tapmışam. İnanıram ki, mənə qarşı gözlənilmədən göstərilən bu qəddarlığın səbəbi həm nəzəri yanaşmam, həm də qəti mövqeyimdir. Eyni zamanda, sizin sayənizdə aldığım beynəlxalq dəstək onları daha da qəzəbləndirdi və nəticədə məni ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsində həbs cəzası ilə ən...
Siyasət

Taleh Bağırzadənin həyat yoldaşı: "Oğluma cinayət işi açılmazdan əvvəl ölkədən çıxışına ‘stop’ qoyublar"

5 Avqust 2026

Açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadənin oğluna qarşı cinayət işi açılmamışdan əvvəl onun Azərbaycandan çıxışına "stop" qoyulub.  Bunu ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə "Azadlıq Radiosu"na bildirib.  T.Bağırzadənin 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadəyə qarşı cinayət işi aprel ayında açılıb. L.İsmayılzadə isə deyir ki, hələ ötən ilin yayından oğluna "stop" qoyulub.  "2025-ci ilin yayında onu hava limanından buraxmadılar. Dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Halbuki o zaman nə məktəbdəki dava olmuşdu, nə də hansısa iş üzrə şahid kimi dindirilmişdi. Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi? Bu da sübut edir ki, bizim ailə əvvəldən nəzarət altındadır", - o qeyd...

Seçilmiş Videolar

Toplum TV loqo