İqtisadiyyat

Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır

27 Sentyabr, 2025
784

Foto: president.az

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz azdır. Azalma, əsasən, bitkiçilik məhsullarında özünü göstərib.

Nəticədə isə ölkəyə ərzaq məhsullarının idxalı artmaqdadır. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin səkkiz ayında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 2 milyard 832 milyon 645 min manatdan çox olub.

Bu, ötən ilin analoji dövrünə nisbətən 8.6 faiz çoxdur.

“Toplum TV”-yə danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli xatırladır ki, Azərbaycan ərzaq məhsullarına olan tələbatının ancaq 50%-ini ödəyə bilir. 

“Hətta bu 50%-in içində ellə məhsullar var ki, xammalı xaricdən gəlir və ölkə daxilində emal edilir. Azərbaycan ərzaq təhlükəsizliyini qorumaq üçün tələbatın ən az 80%-ini, beynəlxalq normalara uyğun şəkildə ödəyə bilməlidir. Tam təmin etmək üçün isə tələbatın 100%-ini ödəməlidir və əlavə 20% ehtiyat yığmalıdır. Burada söhbət zəruri ərzaq məhsullarından gedir: çörək, ət, süd, yağ, pendir, yumurta, meyvə və tərəvəzlər”, - o deyib. 

Ekspert bildirir ki, daxili istehsalın azalması və idxalın getdikcə artması ərzaq təhlükəsizliyinə riskləri artırır. 

“Son 5 ilə baxsaq görərik ki, əsas yeyinti məhsullarının idxalı getdikcə artır. Bu o deməkdir ki, Azərbaycan bu tendensiyanın qarşısını almaq, ərzaq təhlükəsizliyini təmin etmək üçün ciddi iş görmür”, - o əlavə edib. 

Ötən il Azərbaycana 2 milyard 474 milyon 815 min 900 ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilmişdisə, 2023-cü ildə bu rəqəm təxminən 315 milyon dollar az idi. Bu isə 14.6 % artım deməkdir. 

Bu yeyinti məhsullarından, məsələn, 2023-cü ildə xaricdən Azərbaycana 16 min 596 ton həcmində 92 milyon 416 min dollar dəyərə malik kərə yağı və süddən hazırlanan yağ məhsulları gətirilmişdisə, 2024-cü ildə bu rəqəmlər 29 min 611 ton təşkil etməklə 173 milyon 604 min dollara bərabər olub. 

Bu isə bir ildə yağ məhsullarının idxalının dəyər ifadəsi ilə 87.6%, miqdar ifadəsi ilə isə 78.4% artdığını göstərir.

Digər əsas yeyinti məhsullarından ətin idxal dəyəri 86.7 milyon dollardan 129.6 milyon dollara, meyvə-tərəvəz 230 milyon dollardan 282 milyon dollara, düyü 50.1 milyon dollardan 66.1 milyon dollara, bitki və heyvan mənşəli piylər və yağlar isə 184 milyon dollardan 226.5 milyon dollaradək yüksəlib.

V.Məhərəmmli bu sahədə ciddi dəyişikliklərin olacağına ümid etmir. 

“Torpaqlar bərbad haldadır, deqradasiya, erroziya sürətlə gedir, torpaq münbitliyini itirir. Suvarma sistemi bərbad hala salınıb. Su qıtlığını iqlim dəyişikliyi ilə izah edirlər, amma bu süni yaradılıb. Digər tərəfdən, Azərbaycana gətirilən gübrələrin keyfiyyəti aşağıdır. Ən başlıcası isə, bu sahə üzrə peşəkarlar hazırlanmır. Keyfiyyətli təhsil almış aqronomlarımız, zootexniklərimiz yoxdur. Bu o deməkdir ki, biz gələcəkdə bərbad hala salınmış kənd təsərrüfatını dirçəldə bilməyəcəyik, çünki onu dirçəldəcək kadrlarımız yoxdur”, - o qeyd edib. 

Ekspert daxili istehsalçıların idxalatla rəqabətlə apara bilməməsinin səbəblərindən birini də inhisarçılıqla izah edir. 

“İstehsalçılar az məhsul istehsal edəndə, inhisarçılar xaricdən daha ucuz məhsul gətirib yerli məhsulların bazar satışına problem yaradırlar. Başqa səbəblər də sadalamaq olar. Məsələn, heyvandarlıqda örüş əraziləri üçün nəzərdə tutulan torpaqların xeyli hissəsi məmurlar tərəfindən zəbt olunub və istirahət mərkəzləri tikilib, təyinatı üzrə istifadə olunmur. Bu da ciddi problemdir, qanun qəbul olunmalıdır ki, bu torpaqlar başqalarının əlinə keçməsin”, - o əlavə edib. 

V.Məhərrəmli vəziyyətin bu cür davam edəcəyi halda, növbəti 5-10 ildə Azərbaycanda ərzaq qiymətlərinin artacağını və nəticədə ərzaq qıtlığı yaranacağını düşünür. 

“Bu gün baxsanız, qəssabxanalarda həm ət çatışmazlığı var, çünki heyvandarlıqla məşğul olanların sayı azalıb, həm də əllərində olan əti sata bilmirlər, çünki alıcı yoxdur. Çörəyin də qiyməti arta bilər. Buğdanı idxal edirik, amma həmin ölkələr buğda əvəzinə un satmağa başlasa, çörəyin qiyməti artacaq. Unu da uzunmüddətli saxlamaq mümkün deyil, buna görə az gətirməli olacağıq. Bütün əsas yeyinti məhsulları üzrə qiymət artımı və qıtlıq baş verə bilər. Bu idxal etdiyimiz ölkələrdən də asılıdır. Həmin ölkələrdə istehsal zəifləsə və ya hər hansı başqa səbəbdən, bizə məhsulu daha baha qiymətə sata bilərlər”, - o vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Dövlət borcunun görünməyən tərəfi: Təminat Fondunun resursları niyə tükənir?

22 İyun 2026

Toplum TV

Prezident İlham Əliyev də daxil olmaqla, iqtisadiyyata cavabdeh rəsmilərin dövlət borcunun aşağı səviyyəsini mütəmadi olaraq ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biri kimi təqdim etdikləri bir dövrdə, Hesablama Palatasının yaydığı açıqlama diqqət çəkib. Palatanın 2025-ci il üzrə dövlət büdcəsinin icrasına dair rəyində bildirilir ki, dövlət borcu və dövlət zəmanətli öhdəliklərlə bağlı Təminat Fondunun sərəncamında olan vəsaitlərin həcmi 2025-ci ilin sonuna 61 faiz azalaraq 419 milyon manatdan 164 milyon manata enib. Son 5 ildə (2020-2025-ci illərdə) isə 11 dəfəyə yaxın azalıb. Belə ki, 2020-ci ilin sonuna Fondun vəsaitlərinin ümumi qalığı 1,980 milyard manat olmuşdur. Təminat Fondu dövlət borclarının qaytarılması məqsədilə yaradılan büdcədənkənar...
İqtisadiyyat

İcbari Tibbi Sığorta Fonduna ödənişlər niyə azalır?

16 İyun 2026

president.az

Maliyyə Nazirliyi ilin ilk 4 ayı üzrə icmal büdcəni formalaşdıran və hökumətin sərəncam verdiyi ayrı-ayrı büdcələrə dair hesabatı açıqlayıb. Hesabatda diqqət çəkən məqam əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında İcbari Tibbi Sığorta Fonduna məcburi ödənişlərin məbləğinin azalmasıdır. Belə ki, cari ilin qeyd olunan dövründə Fonda 820,5 milyon manat daxil olub ki, bunun 450 milyon manatı dövlət büdcəsinin transfertindən ibarətdir. Yəni, Tibbi Sığorta Fondunun büdcə dəstəyi olmadan gəlirləri 370,5 milyon manat təşkil edir və bu, əvvəlki ilin göstəricisindən 17 milyon manat, yaxud 2,2 faiz azdır. Fondun transfertsiz gəlirləri sahibkarlıq subyektlərinin və muzdlu işçilərin aylıq ödənişlərindən formalaşır. “Tibbi...

Seçilmiş Videolar

Toplum TV loqo