Ələsgər Məmmədli: "İstintaq metro kartını bank kartı kimi sənədləşdirib"
Foto: açıq mənbə
Oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli ötən iclaslardakı sərbəst ifadəsinə davam edib.
Ə.Məmmədli bu dəfəki çıxışında 2024-cü ilin martın 8-də polis tərəfindən saxlanıldığı günü xatırladaraq deyib ki, həmin gün evində qanuni vəkilinin iştirakı olmadan reyd keçirilib və pul vəsaiti atılıb.
"Polis sinə cibində saxladığı bir bağlama pulu (sonradan 7,300 avro olduğunu öyrəndim) girişdə ayaqqabı qutusunun içinə atıb, guya “evimdən çıxdı” görüntüsü verərək “protokollaşdırıb” saxta sübut yaratmağa cəhd edib. Halbuki, bu davranış – saxta sübut yaratma cəhdi müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiyasını, habelə Cinayət Prossesual Məcəlləsinin 137-ci maddəsinin tələblərini kobud şəkildə pozmaqdır. Çünki əməliyyat – axtarış fəaliyyəti haqqında AR qanunun heç bir tələbi saxta sübut yaratma vəzifəsi müəyyən etməyib", - o bildirib.
Ekspert istintaq tərəfindən xaricə səfərlərinin "qaçaqmalçılıq" ittihamına sübut kimi qoyulmasına da etiraz edib.
"Mən 12 il xaricdə yaşamış, təhsil almış, vəkillik fəaliyyəti ilə məşğul olmuşam. 2001-ci ildən Azərbaycana qayıdıb burada fəaliyyət göstərsəm də, beynəlxalq miqyasda tanınan ekspert olaraq xaricə tez-tez səfərlərim olub, beynəlxalq qurumlarla əməkdaşlıq etmişəm. Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrlə üzv olduğumuz Avropa Şurası, BMT, ATƏT kimi qurumlarla, habelə Avropa Məhkəməsi, Haaqa Cinayət Məhkəməsi tərəfindən dəfələrlə müxtəlif tədbirlərə dəvət edilmiş, ekspert kimi fəaliyyət göstərmişəm. Belə səfərlərim 18 yaşımdan davam edib və 40 ilə yaxındır davam edir. İstintaq bu səfərlərimdən yalnız 2016-cı ildən sonrakı 39 səfərimi “qaçaqmalçılıq” üçün sübut olaraq irəli sürməyə çalışıb. Halbuki 2016-cl ildən öncəki səfərlərimin sayı dəfələrlə çox olub. Bu aydın şəkildə göstərir ki, istintaqın iddiası əsassız, uydurma və böhtandır", - o vurğulayıb.
Ə.Məmmədlinin sözlərinə görə, istintaqın maddi sübut kimi sənədləşdirdiyi bank kartlarından birinin istifadə müddəti 27 il əvvəl bitib.
"Mən 1991-1996-cı illərdə dövlət hesabına Türkiyədə İstanbul Universitetində hüquq təhsili almışam və xərclər Azərbaycan Dövləti tərəfindən “Vakıf Bank” tərəfindən verilən bir karta ödənib. Aylıq təqaüdümü aldığım bu kartı yadigar saxlamışam və onun istifadəsi 27 il öncə bitib. İstintaqın bu kartı sübut kimi işə daxil etməsi “ilin zarafatı” ola bilər", - o qeyd edib.
İstintaqın bank kartı kimi sənədləşdirdiyi digər kart isə Tbilisi metrosunun ödəmə kartı olub.
"Bu kart Tbilisi metrosunda istifadə olunan sərnişin kartıdır və 2 lariyə hər kəs alıb, istifadə edə bilir. Mən bu şəhərdə konfranslarda, o cümlədən “Cənubi Qafqaz Media Konfransında” iştirak etdiyim zaman ictimai nəqliyyatdan istifadə məqsədi ilə almışam. İstintaq savadsızlıq edib buna bank kartı desə də, diqqətlə baxılsa arxasında metro sxeminin yer aldığını aydın görmək mümkündür. Yəni istintaq sübutu saxtalaşdıraraq, metro kartına “bank kartı” deyərək, məni saxta sübutla təqsirləndirib", - Ə.Məmmədli izah edib.
O, çıxışının yekununda cinayət işini bir daha "saxta" adlandırıb və bunu "sadəcə vətəndaş cəmiyyətinin, azad medianın, peşəkar müstəqil jurnalistikanın, ictimai maarifləndirmənin siyasi qayğılarla Azərbaycan hüquq sisteminin kobud şəkildə “istifadəsi” ilə dayandırılması" olaraq xarakterizə edib.
Daha sonra təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev sərbəst ifadəsinə başlayıb. O, IDI əməkdaşı olduğuna görə "bir saniyə belə peşmanlıq keçirmədiyini" deyib.
R.Babayev 2024-cü ilin martın 6-da "Toplum TV"-nin ofisində saxlanıldıqdan sonra təzyiq edilməsi üçün polisin onu digərlərindən ayırdığını və evinə pul atdığını deyib.
"Qanunsuz şəkildə barmaq izimlə açdıqları telefonuma baxış keçirdilər və ilkin gümanları bu idi ki, məni "Abzas Media işi"dəki Məhəmməd Kekalov kimi təzyiq və təhdidlə polisin iradəsinə uyğun davranmağa məcbur edəcəklər. Telefondan heç nə tapmadıqları üçün məni oradan axtarış üçün yaşadığım evə apardılar. Evdə axtarış olacağını dedilər, mən axtarışın videoçəkilişinin də olmasını istədim. Əməliyyatçılar bununla razılaşdılar və onların ən uzunboylusu tapşırıq verdi ki, digəri telefonla çəkilişə başlasın. Həmin çəkilişdə də o pulların mənə məxsus olmadığını və gözlədildiyim bir saat ərzində boş olan evə məqsədli şəkildə qoyulduğunu demişdim. Hətta barmaq izimin düşməsi üçün pulu mənə tərəf uzadıb baxmağımı istəmələri, mənim isə əllərimi geri çəkərək, onu götürməkdən imtina etməyim də çəkilişdə qeydə alınmışdı. Mən axtarış protokoluna imza atdıqdan sonra həmin uzunboy əməliyyatçı video çəkilişi mənim yanımda sildi və dedi ki, mən bunu lazım olsa öz rəisimə hesabat vermək üçün çəkmişdim."
O bildirib ki, axtarışdan sonra polisin qanunsuz hərəkətlərinə etiraz olaraq sağlamlığına zərər verib.
"Evdən çıxanda əməliyyatçıdan aralanıb mətbəxə qaçdım və orada masadakı bıçağı götürərək əməliyyatçıların bu qanunsuz hərəkətlərinə etiraz üçün bıçağı qarnıma vurdum. Bıçaq küt olduğu üçün təkcə göbəyimin üstündəki dəri qatını kəsdi. Həmin yara izi hələ də göbəyimdə qalıb. Binadan deşilmiş qanlı köynəklə çıxdığımın şahidi də var, amma Azərbaycan polisinin qanunlarla yox, şəxsi qisas hissi ilə hərəkət etdiyini bildiyim üçün onu məhkəməyə dəvət edərək təhlükəyə atmaq istəmirəm. Həmin gecə Xətai rayon Müvəqqəti Saxlanma Yeri məni təhvil alanda bədənimdəki xəsarəti aktlaşdırıb", - o deyib.
R.Babayevin fikrincə, müharibə əsirləri onun saxlandığı "ilk 6 saatda məruz qaldığı rəftardan daha yaxşı rəftara məruz qalırlar". "Gözləri bağlamaq, işgəncə hədə-qorxusu, intihar həddinə çatdırma kimi hallar heç müharibə əsirliyi ilə də müqayisəyə gəlmir", - o əlavə edib.
R.Babayev ittihamları rədd edərək ifadəsini bitirib.
"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Əkinçi
Avropa Məhkəməsi Azərbaycanda casus proqramla izlənən 59 nəfərin işi üzrə kommunikasiya başladır
Foto: Dado Ruvic
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır