Məhkəmə

Famil Xəlilovun məhkəməsində əməliyyat müvəkilləri dindirilib

28 Noyabr, 2024
45

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ictimai fəal, birinci qrup əlil (serebral iflic) Famil Xəlilovun məhkəməsi davam edib.

“Mən bu hakimiyyətə nə problem yaradacam? Buraxın, gedim oturum ailəmin yanında”

Məhkəmə iclası başlayan kimi təqsirləndirilən şəxsin vəkillərindən biri Fəxrəddin Mehdiyev onun ev dustaqlığına buraxılması üçün növbəti dəfə vəsatət verib. O, məhkəmənin diqqətinə çatdırıb ki, müvəkkilinin vıziyyəti ağırdır, onu bu vəziyyətdə həbsdə saxlamaq insani rəftar deyil. Famil Xəlilov özü də hakimdən bunu istəyib: “Vəziyyətim dözülməzdir. Əllərim arxadan bağlıdır, mən bu hakimiyyətə nə problem yaradacam ki? Buraxın, gedim oturum ailəmin yanında”, - Famil Xəlilov vəkilin qaldırdığı vəsatəti belə dəstəkləyib.

Bir neçə dəqiqəlik müşavirədən qayıdan hakim vəsatəti təmin etməyib. Bu, Famil Xəlilovu əsəbiləşdirib və o, hakimin qərarına “hakimiyyət yenə də məndən qorxdu” deməklə reaksiya verib.

“Yalan danışırsan. O şortikin heç cibi yox idi”

Sonra şahidlər dindirilib. Bu iş üzrə şahidlərdən ikisi Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməliyyat müvəkilləri, ikisi isə iş üzrə keçən hal şahidləridir.

Əməliyyat müvəkkili Vüsal Bayramov şahid kimi məhkəmə zalına daxil olanda Famil Xəlilov hakimə bildirib ki, bu adamı ilk dəfədir görür. Bayramov bildirib ki, bu il mayın 2-də Famil Xəlilovda narkotik maddə olmasıyla bağlı onlara məlumat daxil olub. Onun sözlərinə görə, məlumat əsasında əməliyyat qrurulub, Famil Xəlilov Sulutəpə dairəsindən bir qədər aralıdakı Ruslan Allahverdiyev küçəsində şübhəli şəxs kimi saxlanılaraq 40-cı polis bölməsinə aparılıb. Əməliyyat müvəkili deyir ki, orada saxlanılan şəxsin üzərinə baxış keçirilərkən bir büküm metanfetamin aşkar edilib.

Prokuror şahidə suallar verib. Bu suallardan biri narkotikin mənbəyinin müəyyən edilib-edilməməsi ilə bağlı olub. Şahid-polis bildirib ki, Famil Xəlilov narkotiki inkar etdiyi üçün mənbəni də müəyyən edə bilməyiblər. Prokuror Famil Xəlilova qarşı hər hansı fiziki, psixoloji təzyiqin olub-olmadığını da soruşub. Şahidin “yox” cavabı Famil Xəlilovu əsəbiləşdirib.

Famil Xəlilov: - Yalansa... Ümumiyyətlə, narkotiki mənim haramdan çıxartmısız?

Şahid: - Əynindəki göy şortikin sağ cibindən.

Famil: - Yalan danışırsan. O şortikin heç cibi yox idi. Yaxşı, məni harda tutmusuz?

Şahid: - Ruslan Allahverdiyev küçəsində. 

Famil Xəlilov: - Yenə gözünün içinə kimi yalan danışdın. Mən ümumiyyətlə belə bir küçənin varlığından xəbərsiz olmuşam və ömrümdə o küçədən keçməmişəm. Sulutəpədə 8 ay idi yaşayırdım. Görürsüz ki, mən məhkəməyə də qollarım arxadan bağlı gətirilirəm. Qollarım açıq olanda müvazinətimi itirirəm, yıxılıram. Mən 8 ayda ümumiyyətlə, küçəyə çıxmamışam. Çox az halda qaynımgilə getmişik, onda da yanımda ailə üzvlərim olub, çünki nəzarətsiz küçəyə çıxmıram.

Polis axtarışı məhkəmə qərarı olmadan aparıb

Sonra vəkillər şahiddən soruşublar ki, Famil Xəlilovun polis bölməsində üzərində axtarış aparılarkən prosesdə vəkil iştirak edibmi? Şahid vəkil olmadığını bildirib. Sual-cavab vaxtı o da ortaya çıxıb ki, Famil Xəlilovun yaşadığı evdə axtarış da məhkəmə qərarı olmadan aparılıb.

Daha sonra eyni polis bölməsinin digər əməliyyatçısı Ağaməmməd Vəzirov dindirilib. O, əvvəlki şahidin ifadəsinə uyğun ifadə verib. Vəkillər şahiddən polis bölməsində Famil Xəlilovun üzərinə baxış keçirilərkən videoçəkilişin hansı səbəbdən aparılmadığını soruşublar. O, “Famil Xəlilov özünü ora-bura çırpdığına görə videoçəkiliş aparmaq mümkün olmayıb” deyə cavab verib.  Vəkil Fariz Namazlının “özünü ora-bura çırpmasını sənədləşdirdiniz” – sualına şahid-polis “yox” cavabı verib.

Vəkil Fariz Namazlı: - Hal şahidlərini hardan dəvət etmişdiniz?

Şahid: - Bölmənin yanından təsadüfən keçənlər idi.

Vəkil: - Üzərinə baxış zamanı otaqda kim vardı?

Şahid: - İki əməliyyatçı, iki hal şahidi, bir təhqiqatçı vardı. Vəkilə zəng vurduq, gəlmədi.

 “Satıcıyamsa, üzərimdən bir yox, azı beş paket çıxmalıydı”

Famil Xəlilov məhkəməyə bildirib ki, evindən iki komputer, bir  telefon götürülüb, geri qaytarılmayıb. Şahidsə bunu inkar edib. Sonra Famil Xəlilov şahidə belə bir sual verib: “Niyə 234-cü maddənin 4-cü hissəsi? İstifadəçiyəmsə, yoxladılar, qanım təmiz çıxdı. Satıcıyamsa, üzərimdən bir yox, azı beş paket çıxmalıydı”. O, sonra üzünü hakimə tutaraq “Elə deyil, dostum”, deyə soruşub. Hakim də “elədir”, deyib.

Şahidə gəlincə, Famil Xəlilov bildirib ki, bu adam onu polis bölməsinə aparan maşının sürücüsü olub.

Şahidlər dindirildikdən sonra hakim bildirib ki, növbəti məhkəmə iclasında iş üzrə daha iki şahid dindiriləcək. Bunlar Famil Xəlilovun üzərinə baxış keçirilərkən prosesdə işrtirak etmiş hal şahidləridir.

Növbəti məhkəmə prosesi dekabrın 12-nə təyin olunub.

Qolları iflic olan Famil Xəlilov mayın 2-də Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə saxlanılıb. Həbsini əsassız hesab edir və yaxınları buna etiraz əlaməti olaraq saxlandığı Bakı İstintaq Təcridxanasında 88 gün aclıq etdiyini, amma səhhəti ağırlaşdığı üçün bu ayın ortalarında aclığı dayandırdığını deyirlər.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Abzas Media işi” üzrə materiallar məhkəməyə göndərilib 

4 Dekabr 2024
“AbzasMedia işi” üzrə təqsirləndirilənlər - Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamovanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Cinayət işi üzrə materiallar  baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib. Qeyd edək ki, təqsirləndirilın şəxslərin barəsində ötən il Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.  Abzas Media-nın əməkdaşları ittihamları rədd edir, korrupsiya araşdırmalarına görə həbs edildiklərini bildirirlər.
Məhkəmə

Rüfət Səfərova daha bir ittiham verildi, 4 ay həbs olundu 

4 Dekabr 2024
Dekabrın 4-də Binəqədi rayon Məhkəməsi hüquq müdafiəçisi Rüfət Səfərov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.  Bir gün öncə o, şübhəli şəxs qismində saxlanılmışdı.   Bu gün onun haqqında cinayət işi açıldığı bəlli olub. Hüquq müdafiəçisi ilk gün dələduzluqda və xuliqanlıqda ittiham edilirdi. Bu gün Rüfət Səfərova əlavə ittiham da verilib, o, həm də Cianyət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilir.  Vəkilləri onun ittihamları qəbul etmədiyini, həbsinin siyasi sifariş olduğunu söylədiyini bildiriblər.  Onlar məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.   

Seçilmiş Videolar

Toplum TV loqo