Siyasət

İlhamiz Quliyev: “Rəis göstəriş verib ki, gedin, tutun, sürüyün, gətirin, yükləyin” 

29 Noyabr, 2024
302

açıq mənbədən götürülüb

“Polis sistemindəki qanunsuzluqlarla bağlı müsahibə verdiyim üçün şərlənmişəm, həbsə alınmışam, işgəncəyə məruz qalmışam. Mənə qarşı Daxili İşlər Nazirliyi səviyyəsində qərəz olub. Saxlanılarkən döyülmüşəm, sürütlənmişəm, müşahidə kameralarına düşüb”.   

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısının 7 il həbs cəzası verilməsini istədiyi ictimai fəal İlhamiz Quliyev məhkəmədə belə deyib. 

Prokuror çıxış etməmişdən əvvəl hakim Azər Tağıyev vəkil Zibeydə Sadıqovanın vəsatəti əsasında bir neçə ay əvvəl Yasamal Rayon Polis İdarəsinə göndərilmiş sorğulara gələn cavabları elan edib. Bu cavablar nə vəkili, nə də təqsirləndirilən şəxsi qane edib. 

 

“Polis qurumlarındakı müşahidə kameralarının yaddaşı heç vaxt silinmir və arxivdə saxlanılır”

Müdafiə tərəfi İlhamiz Quliyevin saxlanılarkən fiziki zorakılığa məruz qaldığının araşdırılması üçün Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin və Yasamal rayon Polis İdarəsinin girişindəki kamera görüntülərini istəmişdi. Ancaq idarədən gələn cavabda göstərilib ki, kamera yaddaşındakı görüntülər bir ay saxlanılandan sonra silinir. İlhamiz Quliyevsə bildirib ki, polis qurumlarındakı müşahidə kameralarının yaddaşı heç vaxt silinmir və arxivdə saxlanılır. 

Vəkil Zibeydə Sadıqova məhkəməyə bildirib ki, İlhamiz Quliyev Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə gətiriləndə onun axsadığını, üzündə, başında xəsarətlər olduğunu görüb, müayinə aktı tələb etsə də verilməyib. O da İlhamiz Quliyevin vəkili olaraq gördüyü xəsarətləri yazılı qeyd edərək istintaq orqanına təqdim edib, ancaq həmin qeydlər işin içində yoxdur. Məhkəmə sorğu versə də, Yasamal Rayon Polis İdarəsi İlhamiz Quliyevin Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən tərtib olunmuş tibbi müayinə aktını da məhkəməyə göndərməyib.

 

Hakimin təəccübü və İ.Qilyevə sualı: “Sən özün polisdə işləmisən, sən bilərsən, bu nə deməkdir?”

Başqa bir sorğu İlhamuz Quliyevin saxlanmasına dair sənədlərlə bağlı olub. Məhkəməyə daxil olan cavabda göstərilib ki, İlhamiz Quliyevin saxlanılması üçün əməliyyat məlumatı qeydiyyatı yoxdur. 

Təqsirləndirilən şəxs rəsmi cavaba belə reaksiya verib: “Məlumat qeydiyyatı yoxdursa, mən burda niyə oturmuşam? Şəxsin ətrafında daxil olmuş məlumat əsasında əməliyyat qurulur. Bu məlumat daxil olmayıbsa, mənim ətrafımda əməliyyatı nəyə əsasən qurublar? 

Sorğuya gəlmiş cavab məktubuna təəccüblə baxan hakim isə İ.Quliyevə sual verib: “Mənə də maraqlı gəldi. Sən özün polisdə işləmisən, sən bilərsən, bu nə deməkdir?”

lhamiz Quliyev hakimə belə cavab verib: “Mən belə işləməmişəm, mən düzgün işləmişəm. Bu cavabdan da məlum olur ki, məndə narkotik olması barədə heç bir əməliyyat məlumatı olmayıb. Rəis özbaşına göstəriş verib ki, gedin, tutun, sürüyün, gətirin, yükləyin. Mənim ətrafımda qurulmuş əməliyyat heç bir əməliyyat məlumatına söykənməyib. Bir şəxsdə narkotik olması barədə əməliyyat məlumatı daxil olur, o əməliyyat məlumatı mütləq qeydiyyata alınır. Qeydiyata alınmış məlumat əsasında əməliyyat tədbiri keçirilir. Bunların məni tutması isə heç bir rəsmiyyətə söykənmir. Bu, o deməkdir”. 

Vəkil Zibeydə Sadıqova isə deyib ki, buna görə də növbəti vəsatət 28-ci polis bölməsinin həmin vaxt rəisi olmuş Hüseyn İmanovun da məhkəməyə çağırılması ilə bağlıdır: “Gəlib məhkəmədə aydınlaşdırsın ki, barəsində əməliyyat məlumatı olmayan şəxslə bağlı nəyə əsasən əməliyyat tapşırığı verib”. 

 

“Həbsimdən əvvəl bir neçə gün evimin ətrafında polislər gəzişib”

İlhamiz Quliyev məhkəməyə bildirib ki, saxlanılmamışdan əvvəlki bir həftə ərzində yaşadığı binanın həyətində mülki geyimli polislər onu izləyib.

“Mənim həbsim sıradan bir həbs olmayıb. Yüksək səviyyədə sifariş edilib. Polis sistemindəki qanunsuzluqlarla bağlı müsahibə verdiyim üçün şərlənmişəm, həbsə alınmışam, işgəncəyə məruz qalmışam. Mənə qarşı Daxili İşlər Nazirliyi səviyyəsində qərəz olub. Saxlanılarkən döyülmüşəm, sürütlənmişəm, müşahidə kameralarına düşüb. 

Həbsimdən əvvəl bir neçə gün evimin ətrafında polislər gəzişib, telefonla çəkmişəm, içərisində sübutlar olan telefonum polislər tərəfindən hələ də geri qaytarılmayıb. Dekabrda həbs olunmuşam, ancaq artıq noyabrdan ölkədən çıxışıma “stop” qoyulmuşdu. Bunlar birbaşa sübut edir ki, həbsim əvvəldən planlaşdırılıb. Vəkilim də bunu məhkəməyə sübut etmək istəyir. Vəkilimin vəsatəti əsasında məhkəmə məni tutmuş qurumlara sorğular göndərib, həmin quumlarsa öz əməlləri ifşa olunmasın deyə, məhkəməyə “kameralaın yaddaşı silinib” kimi cavablar yazıb göndəriblər”.   

Vəkil Zibeydə Sadıqova telefona məhkəmə tərəfindən baxış keçirilməsi üçün vəsatət qaldırıb. 

Hakim yerində müşavirə keçirərək vəsatətlərin heç birini təmin etməyib. Bu, təqsirləndirilən şəxsin və vəkilin narazılığına səbəb olub. 

“Hörmətli məhkəmə, bizim bu vəsatətlərimiz təmin olunsa, İlhamiz Quliyev burdan bəraətlə gedəcək. Məhkəməyə sübut etmək istəyirik ki, bu adam qərəzli şəkildə sifarişlə həbs olunub. Onu güdən, izləyən polisləri sizə göstərmək istəyirik, heç bir əməliyyat məlumatı olmadan adamın qanunsuz şəkildə döyülərək polis bölməsinə aparıldığını sübut etmək istəyirik, ancaq siz vəsatətlərimizi təmin etməməklə əl-qolumuzu bağlayırsız”, - vəkil hakimin qərarına belə münasibət bildirib. 

 

Bundan sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edərək ittiham çıxışı üçün sözü dövlət ittihamçısına verib. Prokuror çıxışında İlhamiz Quliyevə qarşı irəli sürülmüş nakrotik ittihamının məhkəmə istintaqıyla sübuta yetirildiyini bildirib və ona 7 illik həbs cəzası istəyib. 

Vəkil çıxışa hazırlaşmaq üçün vaxt istəyib. 

Növbəti məhkəmə iclası dekabrın 12-nə təyin  olunub. 

İlhamiz Quliyev ötən il dekabrın 4-də həbs olunub və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. İttihamları qəbul etmir və həbsini polisdəki qanunsuzluqlarla bağlı AbzasMedia-ya verdiyi müsahibə ilə əlaqələndirir.  

Daxili İşlər Nazirliyi isə bu deyilənlərin özünü müdafiə xarakteri daşıdığını bildirir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Antonio Koşta: “Aİ Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyir” 

14 Avqust 2025

Foto: X / @antoniocostapm

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə “çox müsbət” telefon danışıqlarının olduğunu deyib.  O, bunu “X” səhifəsindəki bəyanatında bildirib.  “Ermənistan və Azərbaycan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Sazişinin tarixi paraflanması hər iki ölkə və daha geniş region üçün davamlı sülhə doğru mühüm bir addımı ifadə edir. Aİ onun icrasını dəstəkləməyə, regional əlaqələri gücləndirməyə, icmaların illərlə davam edən münaqişəni arxada qoymasına və davamlı sülh, sabitlik və rifaha doğru irəliləməsinə tam sadiq qalır”, - Koşta əlavə edib.  Azərbaycan prezidentinin saytında təbriklərə görə minnətdarlığını ifadə edən Əliyevin “sülh gündəliyinin təşəbbüskarının və...
Siyasət

Solovyov: Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” zərurəti ola bilər 

13 Avqust 2025

Foto: açıq mənbə

“Rusiya-1” telekanalının aparıcısı və Kremlin təbliğatçısı Vladimir Solovyov Azərbaycana qarşı müharibə aparılması ehtimalından danışıb.  Verilişində çıxış edən Solovyov Xəzər dənizində NATO bazasının yaradılmasının qarşısını almaq üçün yeni bir “xüsusi hərbi əməliyyat”ın zəruri ola biləcəyini iddia edib. Rusiya bu ifadəni artıq dörd ilə yaxın davam edən Ukrayna işğalını təsvir etmək üçün istifadə edir. “Anlamaq lazımdır ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir. Yaxın zamanda Xəzər dənizi elə bir vəziyyətə düşə bilər ki, orada NATO bazaları yaransın. Bu isə o qədər təhlükəlidir ki, geosiyasi baxımdan elə nəticələrə gətirib çıxara bilər ki, [Ukrayna müharibəsi] bizim nəslimizin sonuncu xüsusi hərbi əməliyyatı olmaya bilər”,...

Seçilmiş Videolar

Toplum TV loqo