Fərid Mehralızadə Hikmət Hacıyevi daha məsuliyyətli açıqlamalar verməyə çağırıb
Amerikanınsəsi
AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hikmət Hacıyevə açıq məktub yazıb (Azadlıq Radiosu).
O, Hikmət Hacıyevin Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı media nümayəndələrinə verdiyi açıqlamanı böyük təəssüf və təəccüb hissi ilə izlədiyini bildirir.
F.Mehralızadə onun və digər jurnalistlərin qanunsuz həbsi ilə bağlı verilən suala Prezidentin köməkçisinin cavablarını xatırladır: “Burada qeyd olunan şəxslərin jurnalist olması ilə əlaqədar olaraq hər hansı təqib halları baş verməmişdir. Onların qeyri-jurnalist fəaliyyəti ilə əlaqədar prosesdən söhbət gedir", "Sizin dediyiniz şəxslərlə əlaqədar mən konkret rəqəmləri də deyə bilərəm. Burada böyük məbləğdə qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir”.
Jurnalist vurğulayır ki, Hikmət Hacıyevin ictimaiyyət qarşısında onun cinayət törətdiyinə işarə edən "qanunsuz maliyyə dövriyyəsi", "maliyyə fırıldaqçılığında iştirak" kimi ifadələr işlətməsi təqsirsizlik prezumpsiyasının kobud şəkildə pozulmasıdır.
“Belə tələsik açıqlamanın və media nümayəndəsinə qarşı aqressiv reaksiyanın diplomatik karyeraya sahib dövlət rəsmisi tərəfindən edilməsi xüsusilə heyrət və məyusluq doğurur. Hesab edirəm ki, sizin bu açıqlamanızı Azərbaycanda siyasi motivli həbslərin olması və məhkəmə hakimiyyətinin müstəqil olmaması ilə bağlı fikirlərin təsdiqi kimi qiymətləndirmək olar”, - F.Mehralızadə bildirir.
O, daha sonra həbsinin siyasi motivli və qanunsuz olduğunu əsaslandırmaq üçün saxlanılması haqda yazır:
“Mən 30 may 2024-cü il tarixində saxlanılmışam. Həmin gün saat 08:30 radələrində küçədə gedərkən 10 nəfərdən artıq qara maskalı və idmançı görkəmli şəxs mənə hücum etdi. Bəli, təəssüf ki, bunu saxlanma yox, məhz hücum və adam oğurluğu adlandırmaq olar. Həmin şəxslər mənim heç bir müqavimət göstərmədiyim halda, mənə zor tətbiq edərək başıma qara torba keçirərək və əlimi qandallayaraq avtomobilə əyləşdirdilər. Elə avtomobilin içindəcə mənə fiziki güc tətbiq edərək telefonumun şifrəsini tələb etdilər. Daha sonra həmin şəxslər məni naməlum ünvana apararaq orada da heç bir səbəb göstərmədən həm fiziki, həm psixoloji zorakılıq törətdilər və yalnız bundan sonra onlar məni Bakı şəhər Baş Polis İdarəsinə təhvil verdilər. Saxlanılma anımdan dindirilmənin başladığı anadək iki saat ərzində mən başına torba keçirilmiş və əlləri çox sıx şəkildə qandallanmış halda saxlanılmışam”.
Azadlıq Radiosunun jurnalisti yazır ki, həbsxanada saxlanıldığı altı ayda ittiham tərəfi onun mütəşəkkil cinayətkar dəstənin tərkibində "qaçaqmalçılıq" törətməyilə bağlı heç bir sübut göstərə bilməyib: “Ancaq qəribədir ki, ortada sübut olmadan ibtidai istintaq orqanı yekun ittihamlarda bu qənaətə gəlib ki, mən Abzas Medianın iqtisadi və sosial məsələlər üzrə məsul şəxsi olmuşam və Abzas Medianın ofisində fəaliyyət göstərmişəm.
Dediklərimdən əsla belə anlaşılmasın ki, mən Abzas Medianın hansısa cinayətlər törətdiyini, ancaq mənim bu cinayətlərdə iştirak etmədiyimi bildirirəm. Mən hesab edirəm ki, Abzas Mediaya qarşı açılan cinayət işinin də əsas səbəbi bu media qurumunun müstəqil və araşdırmaçı jurnalistika fəaliyyəti ilə bağlıdır…”
Fərid Mehralızadə Abzas Media ilə nəinki daimi, heç epizodik əməkdaşlığı olmadığını vurğulayır. Jurnalistin qənaətincə, belə bir əməkdaşlıq və bunu təsdiq edən hər hansı bir sübut olmadan ona xəyali mütəşəkkil dəstə tərkibində qaçaqmalçılıq törətməyilə bağlı cinayət işinin açılması onu göstərir ki, bu cinayət işionun Azərbaycan iqtisadiyyatı ilə bağlı səsləndirdiyi tənqidi fikirlərlə bağlıdır və siyasi motivlidir. Buna görə də ona qarşı qaldırılan cinayət işinin əsassız və qanunsuz olduğunu hesab edir.
“XXI əsrdə hələ də insanların öz ictimai mövqelərinə görə məhrumiyyətlərlə üzləşməsi ölkə olaraq bizə başucalığı gətirmir. Azərbaycan hökuməti nəhayət anlamalıdır ki, ölkənin ictimai mühiti sadəcə sizin də çalışdığınız dövlət qurumu tərəfindən hazırlanan tezislər əsasında fəaliyyət göstərən media, vətəndaş cəmiyyəti və siyasi təşkilatlardan ibarət deyil. Azərbaycanda müstəqil fikirli adamlar da var. Hökumət bu təsisatların effektiv işləməsi üçün qanunvericiliyi və praktiki yanaşmalarını dəyişməlidir. Amma biz bu dəyişiklik əvəzinə Sizin yuxarıda qeyd etdiyim açıqlamanız timsalında öz tənqidçilərinizi marginallaşdırmağa, onları hədəf halına gətirməyə və cəmiyyətimizi qütbləşdirməyə yönəlik addımlara şahid oluruq”, F.Mehralızadə yazır.
Jurnalist hesab edir ki, ictimai mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdir. O, Hikmət Hacıyevin məhkəmə istintaqı başlamadan siyasi məhbusları cinayət törətməkdə günahlandırmasını isə siyasi diskriminasiya adlandırır və dövlətçilik prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildirir. F.Mehralızadə sonda Prezidentin köməkçisini gələcəkdə daha məsuliyyətli açıqlamalar verməyə çağırır.
Son bir ildə Azərbaycanda təxminən 20 jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Gözətçi
Gözətçi
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?
Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb