Ölkə

Azərbaycan UFC ilə 2028-ci ilədək müqavilə bağlayıb 

21 Aprel, 2026
217

mys.gov.az

Azərbaycan Bakıda qarışıq döyüş sənəti üzrə UFC (Ali Döyüş Çempionatı - red.) turnirlərinin keçirilməsi ilə bağlı sözügedən şirkətlə razılığa gəlib. 

Gənclər və İdman Nazirliyinin məlumatına görə, bu barədə aprelin 21-də Las-Veqasda nazir Fərid Qayıbov və UFC prezidenti Dana Vayt arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Bakıda 2028-ci ilədək hər il UFC döyüşlərinin keçirilməsi planlaşdırılır. Bu çərçivədə bu il iyunun 27-də Milli Gimnastika Arenasında döyüşlər baş tutacaq. 

Bakıda ilk dəfə ötən ilin iyununda UFC döyüşləri keçirilib. Həmin vaxt Vayt Bakıya səfər etmiş və Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüşdü. 

Vayt eyni zamanda ABŞ prezidenti Donald Trampın yaxın dostu və müttəfiqi kimi tanınır. O, prezident seçkilərində Trampı dəstəkləyib və mitinqlərində çıxış edib. 

Tramp da vaxtaşırı administrasiyasının digər üzvləri ilə birlikdə UFC döyüşlərinə tamaşaçı kimi qatılır. Onun tapşırığı ilə iyunda Ağ Evin həyətində ABŞ-nin 250 illiyi münasibətilə UFC turniri keçiriləcək. 

UFC uzun illərdir ABŞ xaricində turnirlər keçirir. Bu turnirlərə ev sahibliyi edən ölkələr UFC-yə ödəniş edirlər. Məsələn, Səudiyyə Ərəbistanının 2024-cü ildə Riyadda keçirilən turnir üçün UFC-yə 20 milyon ABŞ dolları ödədiyi bildirilir. Azərbaycanın UFC-yə ev sahibliyinə görə şirkətə nə qədər vəsait ödəyəcəyi isə məlum deyil. 

Azərbaycanda uzun illər "Formula 1", Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi turnirlər keçirilib. Ötən il "Formula 1"in Bakıda daha 5 il keçirilməsi ilə bağlı razılığa gəlinib. 

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, beynəlxalq idman yarışları ölkəyə xeyli turist cəlb edir, büdcəyə milyonlarla gəlir gətirir. 

Tənqidçilər isə gəlirin xərclərdən dəfələrlə az olduğunu iddia edirlər və bildirirlər ki, bu vəsait təhsil, səhiyyə, regional inkişaf kimi daha vacib sahələrə yönəldilə bilərdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Nazirlər Kabineti: Məktəblərdə “dünyəvilik prinsipinə uyğun olmayan” geyimlərə icazə verilməyəcək

22 Sentyabr 2026

sosial media

“Dövlət məktəblərində müəyyən edilmiş formanın vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilməyəcək”. Nazirlər Kabinetinin sentyabrın 21-də “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə etdiyi dəyişiklikdə belə deyilir. “Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir”, - qərarda bildirilir. Qərara görə, valideynlər və ya digər qanuni nümayəndələr uşaqların geyim qaydalarına əməl etməsini təmin etməlidirlər. Bildirilir ki, qaydalara riayət olunması ilə bağlı məsələləri məktəbin Pedaqoji Şurası həll edəcək: “Şuranın qərarı qəbul olunduğu tarixdən beş iş...
Ölkə

DTX 5 ölkədə keçirilən əməliyyatlarda 10 nəfərin saxlanıldığını bildirir

18 Sentyabr 2026

sosial media

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beş ölkədə paralel əməliyyatlar keçirildiyini və 10 nəfərin saxlanıldığı barədə məlumat yayıb. Sentyabrın 18-də yayılan məlumatda deyilir ki, əvvəllər qanunsuz qruplaşmada fəaliyyətə görə məhkum olunmuş bir şəxs və daha bir neçə nəfərin ölkədə "ictimai, dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilib”. DTX bildirir ki, onların keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib. Açıqlamaya görə, istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "onlar planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşiblər". DTX vurğulayır ki, digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə keçirilən paralel antiterror əməliyyatları sayəsində beş...

Seçilmiş Videolar

Toplum TV loqo